Noyabr ayının 12-də Moskvanın Böyük Teatrının solisti, KVN-nin məşhur siması olan əməkdar artist Elçin Əzizov illərdən sonra Azərbaycan səhnəsində çıxış etdi.
Opera və Balet Teatrının səhnəsində “Karmen” tamaşasında Eskamilyo obrazı ilə tamaşaçıların qarşısına çıxan Elçin Əzizov jurnalistlərin suallarına cavab verib.
Teleqraf.com Elçin Əzizovun opera sənətinə gəlişi, Böyük Teatrda uğurları, gələcək planlarıyla bağlı səsləndirdiyi fikirləri təqdim edir:
KVN və opera
“Hamımızın formalaşmağında KVN-nin əvəzsiz xidməti var. Orada öyrəndiklərimi qiymətləndirməmək özümə və onlara ədalətsizlik olar. Mən uşaqlıqdan oxuyurdum. Uşaqkən “Cücələrim” ansamblında çıxış edirdim. O ansamblla ilk dəfə böyük səhnədə “Salam kommunizm” mahnısını ifa etmişəm. İndi bunu xatırlayanda mənə qəribə görünür. O konsertdən sonra səsim batdı. Həftələrlə danışa bilmədim. Uşaq və gənc yaşlarımda yaxınlarım, qohumların mənə deyəndə ki, yaxşı səsim var, normal qarşılayırdım. Sonra kənar, məni tanımayan insanlar tərəfindən bunu eşitməyə başladım. Daha sonralar isə təkliflər gəlməyə başladı. Bu, artıq nəsə demək idi. Onda düşünürdüm ki, bəlkə nəyisə düz etmirəm yaxud nəyisə yerində etmirəm. Görünür, bu fikrə də gəlib çatmaq lazım imiş. 29-30 yaşımda bir kitabı bağlayıb, digərini açmaq istədim. Buna görə heç peşman deyiləm.
2005-ci ildə klassik vokalla məşğul olmağa başladım. Bütün vaxtımı, enerjimi bu sənəti öyrənməyə həsr edirdim. Üç il mən nə televiziyaya baxdım, nə də başqa bir işlə məşğul oldum. Nəticədə bəhrəsini gördüm. Azərbaycanda Azad Əliyev mənə dəstək oldu, kömək etdi. Təəssüflər olsun ki, onu da itirdik, dünyasını dəyişdi. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin yay Akademiyasında təhsil aldım. 2007-ci ildə Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin stajçısı və solisti oldum. 2008-ci ildə Böyük Teatrın opera şöbəsinin müdiri səsimə qulaq asıb, bəyənərək həmin teatra dəvət etdi”.
“Bu şans mənə qismət oldu”
“İlk gündən Böyük Teatrda əsas partiyaları ifa etmişəm. Bu, indiyə qədər davam edir. Mənim harada işlədiyimi bilməyən insanlar bunu xəbər alanda, onlara “Böyük Teatrın solistiyəm” deyib özümü yığışdırıb, danışığıma fikir verirəm. Çünki Böyük Teatrın solisti olmağın məsuliyyəti çiyinlərimdədir. Bu ayın 8-də Qalina Vişnevskayaya həsr olunan konsertdə iştirak etdim. Həmin tarixdə Böyük Teatrın səhnəsinə çıxmağımın 9 ili tamam oldu. Qəribədir, sanki bu illər bir gün kimi keçib. Bu, artıq tarixdir. 9 il bundan qabaq mən ilk dəfə səhnəyə çıxanda Böyük Teatrın ilk azərbaycanlı solisti idim. Bunu o zaman bilmirdim. Sənədləşmə işlərini həyata keçirəndə dedilər sən bilirsənmi, Böyük Teatrın ştatda olan ilk azərbaycanlı solistisən. Dedim yox, ola bilməz. Amma beləydi, bu şans mənə qismət oldu. Belə nəhəng teatrın solisti olmaq həddindən artıq böyük şərəfdir.
Bir il keçəndən sonra Dinarə Əliyevanı da Böyük Teatrın truppasına qəbul etdilər. Onunla birgə çox gözəl tamaşalarımız var. Bu ayın 2-dən 6-na kimi teatrda “Karmen” tamaşası nümayiş olundu. Onun üç günü mən Eskamilyo rolunu, iki günsə Dinarə Əliyeva Mikaella rolunu ifa etdi. Deməli, hər gün səhnədə bir azərbaycanlı solist çıxış edirdi.
Ondan başqa bu işin vacib bir göstəricisi də var. Hər dəfə Azərbaycanın bayrağı hardasa qalxanda gözlərim yaşarır. Bu yaxınlarda karateçimiz Rəfael Ağayev qalib oldu, bayrağımızı qaldırdı. İndi belə bir fikir var: Azərbaycandan karateçi gəlirsə, bu, mütləq yaxşı olmalıdır. Hətəmov qardaşlarından başlayaraq Azərbaycanda karatenin gözəl bir tarixi var. İllərlə Azərbaycan karateçilərinin gözəl imici formalaşıb, bu gün onlar hansı yarışa gedirsə, hamı deyir güclüdür.
Əlbəttə, bizim istedadlı ifaçılarımız olub, amma o vaxt sərhədlər belə açıq deyildi, onların xaricə gedib Azərbaycanı təmsil etmək imkanı olmayıb. Bu qədər ifaçımızın dünyanın müxtəlif ölkələrinin səhnəsində çıxış etməsi, tarixdə ilkdir. Mən indi beşinin adını çəkdim, amma bu say daha çoxdur. Kimisə yada salmadımsa üzr istəyirəm”.
“İkimiz də saqqallıyıq”
“Böyük Teatrın səhnəsində sonuncu uğurlu çıxışlarımdan biri Cakomo Puççinin “Manon Lesko” operasında çıxışım olub. Bu, yalnız mənim uğurum deyil. Çünki o səhnədə iki azərbaycanlı ifaçı vardı: biri mən, o biri dostum, dünya şöhrətli ifaçı Yusif Eyvazov. Bu tamaşanın səhnəyə qoyulacağı haqqında bir il əvvəl həm Rusiya, həm də Avropa mətbuatı yazmışdı. Tamaşanın çox gözəl premyerası oldu. Hər kəs heyran qaldı. Əgər mən o anda zalda otursaydım gözüm yaşarardı. Yusiflə məni bəzən səhv salırlar. Çünki ikimiz də saqqallıyıq”.
Dəvət və vətən
“Bir ay bundan əvvəl Azərbaycan Dövlət Opera və Balet Teatrından “Karmen” operasında Eskamilyo obrazı ifa etmək üçün dəvət aldım. Dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Vətəndə çıxış etmək daha böyük məsuliyyət tələb edir.
KVN illərindən bu yana bir vərdişim var. Səhnəyə çıxanda qaranlıqda olsa belə insanların üzünü görürəm. İnsan doğmalarının gözlərini, simasını görəndə özünü necə hiss etməlidir? Əlbəttə, bu tamam başqa bir duyğudur. Özününkülərin qarşısında çıxış edirsənsə, hər şeyi xırdalığına qədər düşünməlisən. Məni Bakıda görmək və səhnədə qulaq asmaq istəyirlər. Bununla bağlı tez-tez yazırlar, zəng edirlər. Ümid edirəm gələn il Opera və Balet teatrı ilə birgə maraqlı işimiz olacaq. Bu barədə müzakirələr aparmışıq.
Mən heç yerə köçməmişəm, hər yerdə müvəqqətiyəm, çünki vətənim Azərbaycandır. İndiki halda Moskvada daha çox oluram. Çünki əsas iş yerim ordadır. Həyat yoldaşım da mən də harasa gedəndə mütləq çantamızda Azərbaycan bayrağı olur”.
“Sərfəli deyil, bunun üçün yaxşı pul vermirlər”
“Əksər ifaçılar öz səsindən narazıdır. Tenorlar deyir hər dəfə zilə qalxmaq əziyyətdir, kaş səsim bariton olaydı. Bəzi baritonlar deyir bu, ağırdır, kaş bas olardım. Baslar da deyir hər dəfə aşağı səslə oxumaq sərfəli deyil, bunun üçün yaxşı pul vermirlər. Hərə özünə bir bəhanə axtarır ki, səsini dəyişdirsin. Amma o Allah vergisidir. Allah mənə bariton səs verib, mən bundan çox məmnunam”.
“Aktiv idmanla məşğul ola bilmirəm, çünki...”
“İnsan sağlamlığı üçün lazımlı olan hər şey səs üçün də lazımlıdır. Bəzi qaydalar var - onlara əməl etmək lazımdır. Çox aktiv şəkildə idmanla məşğul olmaq olmaz. Ona görə formada olmaya bilərəm. Səsi qorumaq individual işdir. Mən tamaşadan bir gün öncə yaxşı ət yeməliyəm, tamaşadan dörd-beş saat əvvəl isə ümumiyyətlə, yemirəm. Tamaşadan sonra artıq yaxşı yemək olar”.
Nərmin Muradova