19 Noyabr 2016 15:25
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nübar Lətifli 1987-ci ildə Şəkidə dünyaya göz açıb. Ali təhsilli filoloqdur. Müxtəlif janrlarda yazır. Şeirləri ilk dəfə dərc olunur.

UŞAQ OLMAQ

Uşaq olmaq üzündəki təbəssümün ən gözəli,
Ultrasonda çəkilmiş bətnindəki körpə siması,
Kölgə gülüşlü.

Uşaq olmaq qurduğun xəyalların ən özəli -
Uça bilən, qaça bilən, üzə bilən, daşa bilən bir varlıq,
Peter Pen kimi...
Uşaq olmaq içindəki hisslərin ən güclüsü,
Təbəssümlə göz yaşı, iztirabla rahatlıq, sevinclə kədər;
Duyğular sintezi.

Uşaq olmaq sevgilərin ən ülvisi,
Göyün yerə, qadının qadına, kişinin kişiyə sevgisi,
ən çoxu qadın-kişi məhəbbəti...
Uşaq olmaq ən çevik sehrbazlar sehri;
Görünməyən tərəfi gerçək, görünən üzü yalan.
Uşaq olmaq İlahi eşq – qarşılıqsız,
Bütün vücudun, ruhun onunla bütünləşən bir eşq...

Uşaq olmaq sadə həyatdır bəlkə də,
Bizə verilən ən qiymətli həyat.

Böyümək çox çətindir əslində, çox çətin...
Əsas odu böyüyə-böyüə uşaq qala biləsən,
Böyüyə-böyüyə uşaq olasan.
Şıltaqlıqla, dəcəlliklə, çılğınlıqla dolu uşaq olasan,
Sevgiylə, gülüşlə, hıçqırıqla birgə...
Böyümədən uşaq qalmaq.

Yağış altında atlanıb düşən,
Kiçik su dəryaçasında ayağının islanacağını düşünmədən,
Addımları şappıldatmaq kimi.
Yetişmiş bədəninə güzgü qarşısında baxarkən
Məsumluğunu görə bilmək...
Hərgiz günahlar içndə çapalayan bir ruha sahibsən...
Sevgiyə həsrət qalanda belə sevə bilmək,
Böyümək istədikcə daha çox uşaq qalmaq,
Əllisində, yüzündə uşaq qalmaq.
Böyümək çox çətindir əslində,
Əsas odu – böyüyə-böyüyə uşaq olmaq.

AŞİQ OLDUM

Gecəmi desəm, səhərmi?
Yuxusuzluqlarımın səbəbinə aşiq oldum...
Gecəni aydınladan işıqları görmək üçün,
İstər ulduzlar, istərsə hər evdə tək-tək görünən parlaqlıq...
Ulduzları dayanmadan seyr etməkçün aşiq oldum.

Gözünü qırpmadan baxa bilmək kimi,
Aradakı qaranlıqlardan əlvan şəkillər xəyal etmək kimi.
Sevmək kimi aşiq oldum, ölümünə sevmək kimi...
Hər axan ulduzda birinin öldüyünü düşünmək kimi.

Aşiq oldum, hər işığı söndürülən pəncərə arxasında

son şölənin axırını görmək kimi.

Aşiq oldum, inanmaq kimi...

Gözünlə görməyib varlığına inandığın, bütün dünyanı, eşqi,

aşiqi yaratdığına inanmaq kimi.
Bağlandım, aşiq oldum,
Əslində qoparaq...
Ağacdan budağın qopması ilə əlaqəsi olmayan,
Ayağın yerdən üzülməsi kimi.
Aşiq oldum, ölmək kimi...
Başı ipdə ayağı yerdən üzülənlər kimi,
Nəfəsi aldığı halda nəfəsi kəsilmiş kimi.
Aşiq oldum...

Ləpələrini sahilə döyəcləyən dəniz kimi,
Sahildən baxanda ucsuz-bucaqsızdı,
Amma suya baş vuranda ya gedib boğulursan iztirablarla,
Ya da su yolunu yarımçıq qoyub geri qaçmaq kimi...
Qaç, əlbət, qaça bilsən...
Aşiq oldum,
Leyli olub Məcnun kimi,
Qarşına gəlib də üz çevirmək kimi.
Aşiq oldum,
Güvənərək, inanaraq, xəyal dalaraq.
Hər şeyi onunla xəyal edib, onunla başlayıb bitdiyi kimi.
Aşiq oldum,
Kim olduğunu, nə olduğunu, necə olduğunu bilmədən,

anlamadan həyatıma girdiyi kimi...
Bir dəfə qapını vurmadı, döymədi,
Amma aşiq oldum...
Yuxularımı qaçıracaq qədər, xəyallarıma qaçacaq qədər.
İşıqları səhərəcən seyr etdirəcək qədər,
Məni həyata bağlayacaq qədər sevdim onu.
Məni məndən alacaq qədər, məni mən edəcək qədər aşiq oldum...

SƏNİ SEVİRƏM, ADAMIM

Hər fürsətdə məni özümdən alan, başqa aləmə aparan,
Gözlərimin içinə baxmağını sevirəm.
İstiliyinlə donmuş barmaqlarıma dolaşa-dolaşa
Əllərimi tutmağını,
Daraqmış kimi barmaqlarına keçirib
Tellərimi oxşamanı,
Qulağımda hiss etdiyimdə üşütmə kimi məni donduran
Ehtiraslı pıçıltılarını,
Hər toxunuşda səni fərqli hiss etdirən
Ağ dərini sevirəm,
Səni sevirəm, adamım...

Məni çəpərə salırmışca qısqanmağını,
Bəzən coşaraq, bəzən sakitcə
Mənə hirslənməyini sevirəm.
Gözlərinin içindən gülümsəyərək
Təbəssümünü hiss etdirən dodaqlarını sevirəm.
Daim yanımda dayanmasını arzuladığım
Məğrur, dik vücudunu sevirəm,
Böyük əllərini sevirəm,
Tutduğunda heç vaxt yıxılmayacağımı düşünürəm.

Sən mənim həyatımsan
Həyatımı sevirəm.
Məni mən edən özümü sevirəm.
Rahatca sarıldığım boynunu sevirəm
Söykənə biləcəyimə inandığımçun səni sevirəm.
Mənə çox az halda “səni sevirəm” deməyini sevirəm.
Səhər fərqli, axşam fərqli rəng alan
Bəzən qəzəbli, çoxu vaxt sevgi dolu gözlərini sevirəm.
Mənə sarılmağını, gülü qoxlayırmışcasına içinə çəkməyini sevirəm.

Məni duyğulandıranı, şair edəni sevirəm.
Səni sevirəm, adamım, səni sevirəm!


Müəllif:

Oxşar xəbərlər