Fevralın 15-də Nizami Kino Mərkəzində “Ər quyusu” filminin qala gecəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən film fevralın 16-dan sözügedən Kino Mərkəzdə nümayiş olunacaq.
Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.
Komik hadisələrlə zəngin filmdə əsas rolları əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova və başqaları ifa edirlər.
90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Belə ki, yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürüb.
Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılib.
Nərmin