Musiqili Teatr məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə tamaşa hazırlayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu deyib.
O bildirib ki, müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”dir. Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış və nüfuzlu teatr rejissorlarından olan Yaqub Sadiqcamalidir.
“Təbriz Teatrı ilə birlikdə həyata keçirəcəyimiz bu layihənin bir çox özəllikləri var. Tamaşada hər iki teatrın aktyorları rol alacaq. Biletlər ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Səhnə əsərini tamaşaçılara Novruz Bayramı ərəfəsində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində İrandan, soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi gözlənilir.
Son dövrlər ölkə başçısı cənab İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb, tapşırıqlar verib. Düşünürəm ki, Təbriz Teatrı ilə birlikdə hazırladığımız “Bəxtəvər” tamaşasının biletlərinin İranda onlayn, turizm şirkətləri vasitəsilə satılması xüsusilə mədəni turizmin inkişafına töhfə ola bilər.
Dünyanın hər yerində insanlar tətil proqramlarını öncədən planlaşdırırlar. Bayram günlərində İrandan Azərbaycana gələcək soydaşlarımız, turistlər mədəni istirahətlərini təmin etmək üçün tamaşamıza çox rahat şəkildə öz ölkələrində bilet ala biləcəklər.
Bu yaxınlarda bizim teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalı çərçivəsində Təbrizdə çıxış edərkən onların Azərbaycana, Azərbaycan teatrına necə böyük bir sevgi, maraq və rəğbət bəslədiklərini gördüm. Düşünürəm ki, bu baxımdan “Bəxtəvər” adlı tamaşamız hər iki ölkədə böyük marağa səbəb olacaq. Festival günlərində ordakı soydaşlarımız internet vasitəsilə Musiqili Teatrın bir sıra tamaşalarını izlədiklərini, bəyəndiklərini bizə dəfələrlə söylədilər. Bütün bunlar Təbriz Teatrı ilə reallaşdıracağımız bu layihənin böyük uğur qazanacağına əsas verir”, - deyə teatrın direktoru Əliqismət Lalayev bildirib.
Nərmin