Əməkdar incəsənət xadimi, rejissor Elçin Musaoğlunun “İgid” filmi tezliklə tamaşaçılara təqdim olunacaq.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a bildirilib ki, sənədli film Azərbaycanın xalqının qəhraman oğlu Natiq Qasımovdan bəhs edir.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunda anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü cəbhəyə gedib.
Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb.
1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Daha sonra ermənilər əsir Xocalı sakini Cəfər Cəfərovu həmin məbədə göndərir, xəbər yollayırlar ki, təslim olsunlar, yoxsa 22 nəfər Xocalı sakinini güllələyəcələr.
Xocalı sakini belə xatırlayır: “Mən kilsəyə daxil olanda səs gəldi. Tez azərbaycanlı olduğumu dedim və əlavə etdim ki, əgər əslim olmasa, 22 nəfər Xocalını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. Razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Nərmin