“Həsən Seyidbəyli sənətkar idi. Sonda bu epizodun artıq olduğunu görərək filmə daxil etməyib. Düz də edib”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Professional Rejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev “Bizim Cəbiş müəllim” filminin ajiotaj yaradan səhnələri ilə bağlı fikir bildirərkən deyib.
Hüseyn Mehdiyevin sözlərinə görə, filmə baxanda həmin səhnədəki mesajın filmboyu digər epizodlarla incə-incə işləndiyi nəzərə çarpır.
Sosial şəbəkədə geniş yayılan epizodda alverçi Əbülfəzin Cəbiş müəllimin həyat yoldaşını yoldan çıxarmağa çalışdığı, qadının isə yun çubuğunu götürüb bağlı qapı arxasında onu döyməsi təsvir edilir.
Epizodlar heç də birmənalı qarşılanmayıb.
“Bu epizodda xəyanət yoxdur” deyən Hüseyn Mehdiyev səhnənin tarixçəsi barədə də danışıb: “O vaxtlar filmlər kinoteatrlarda nümayiş olunmazdan öncə kinojurnallar hazırlanırdı. Həmin kinojurnallarda filmin çəkilişlərindən süjet nümayiş olunurdu. Bu səhnə həmin kinojurnal üçün hazırlanan süjetdən götürülüb. Bu heç də o demək deyil ki, kimsə səhnəni ordan çıxarıb.
Sadəcə, kino istehsalı zamanı bir çox epizodlar çəkilir, amma rejissorlar filmə tam, bitkin halda baxanda bəzi epizodları ora daxil etmirlər. Bu kino istehsalatında normal haldır. Bundan başqa nəticə çıxarmaq lazım deyil”.
“Bizim Cəbiş müəllim” filmi 1969-cu ildə rejissor Həsən Seyidbəyli Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkib. Filmdə baş rolları Şəfiqə Məmmədova, Süleyman Ələsgərov canlandırıb.
Nərmin