27 Fevral 2017 16:04
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın diqqət mərkəzində olan “Oskar - 2017”nin qalibləri ötən gün bəlli oldu. Mükafatlandırma mərasimi hər il olduğu kimi bu il də hamını təəccübləndirməyi bacardı.

Elə iranlı rejissor Əsgər Fərhadinin xarici dildə ikinci dəfə ən yaxşı film nominasiyasında qalib elan olunması da bunlardan biri idi. Daha öncə – 2011-ci ildə “Boşanma” filmi ilə sözügedən mükafata layiq görülən Fərhadi mükafatlandırma mərasimində iştirak etmədi. O, Amerika prezidenti Donald Trampın immiqrant və turist siyasətinə etiraz əlaməti olaraq mərasimə göndərdiyi məktubda bunları yazmışdı:

“Ora gələ bilmədim, çünki Amerikaya gələ bilməyən ölkələrin eləcə də, öz ölkəmin insanlarına hörmətsizlik etmək istəmədim”.

Bəs bizim kino mütəxəssisləri Əsgər Fərhadinin ikinci dəfə “Oskar” qazanmasını necə qiymətləndirir

Teleqraf.com bu mövzuda sorğu keçirib. Səslənən fikirləri təqdim edirik:

Oktay Mir Qasım: Filmə baxmamışam. Əsgər Fərhadini tanımıram.

Ayaz Salayev: Filmə baxmamışam. Amma çox xoş sözlər eşitmişəm. Baxacam. Əsgər Fərhadi müasir kinoda insanın gündəlik həyatına, insanlar arasında münasibətlərə, gündəlik həyata çox diqqətlə yanaşmaqla fərqlənən rejissordur. Dünya kinosunda ən realist rejissorlardan biridir”.

Elvin Mirzəyev: “Fərhadinin mükafat alan “Satıcı” filminə baxmamışam, amma məmnuniyyətlə baxmaq istəyərəm. Fərhadi və onun kimi simalar dünya vətəndaşıdır, İrana sığası deyillər. Sadəcə olaraq, model İran modelidir. Nə fərqi var, biz nədən danışırıq, çadra taxırıq, ya yox. Onun əl atdığı mövzular yalnız İranın problemi deyil, bəşəriyyətin, zamanın problemidir”.

Fehruz Şamıyev: “Onun demək olar bütün filmləri özündə orijinal yük daşıyır. Ola bilər mövzu baxımından başqa rejissorlarla oxşarlığı olsun, amma Fərhadinin mövzuya yanaşma tərzi, hadisələri dəqiqliklə cızması xüsusi bacarığının olduğunu göstərir. Rusiyalı tənqidçilərin fikirləri ilə razılaşmamaq mümkün deyil. Onlar Fərhadini Hiçkoka, bəzən isə Antonioniyə bənzədirlər. Məncə, Fərhadinin filmlərində müəyyən qədər detektiv yükü olsa da insan amili həmin əsərlərdə daha çox qabardılır.

Bundan başqa, ssenariləri bir növ labirintdir. Tamaşaçı filmdə sadə bir situasiyada gözləmədiyi problemlərlə qarşılaşır. Onun filmlərində İranın müasir durumu elə maraqlı məqamlarla göstərilir ki, film yayıma çıxarkən senzor ekran işinə müdaxilə etməkdə çətinlik çəkir. Məsələn, “Satıcı”da qəhrəmanların kirayə qaldıqları evdə onlardan öncə fahişənin yaşadığı məlum olur. Amma bu informasiyanı rejissor elə sadə formada verir ki, senzorun qayçısı işə düşə bilmir.

Şəxsən mən Amerika Kino Akademiyasının Fərhadiyə ikinci “Oskar” mükafatını verəcəyini gözləmirdim. Məlumdur ki, o, bir neçə il öncə “Boşanma” filminə görə də “Oskar” almışdı. Uzun müddət keçməsinə baxmayaraq, ikinci “Oskar”ı qazanması gözlənilməz oldu”.

Kinoşünas Aygün Aslanlı: Düzü, hələ filmə baxmamışam. Amma haqqında çox oxumuşam. Mənə Fərhadinin mükafat almağından çox mövqeyi xoş gəldi. Özümüzə Fərhadi kimi rejissorlar arzulayıram.

O, ən yeni İran kinosunun nümayəndəsidir. Qərb festivallarında jürini razı salmaq üçün şərq ekzotikası, ya da dini qadağalarla spekulyasiya eləmir. Filmlərində Kiarostaminin, Məcidinin, Mahmalbafın əsərlərindəki kimi senzuraya güzəşt, yaxud da nəzərə almaq yoxdu.

Fərhadi ölkəsində insan azadlığının məhdudlaşdırıldığını isterik şəkildə yox, sözsüz, vizual ifadə vasitələri ilə göstərir.

Onun demək olar bütün filmləri zülmət qaranlıqla başlayır. Sonra bir işıq, əl, ya da başqa bir şey o zülməti parçalayır və titrlər yazılır. Bütün filmlərində personajların şüşə, şəbəkə, barmaqlıq arxasında göründüyü bir kadr mütləq var. Fərhadinin filmlərində din vəsf olunan, ya da kor-koranə itaət edilən bir şey deyil. Onun qadınları heç də dinin təzyiqi altında əzilən, hüquqları tapdanan qadınlar kimi görünmür. Onlar müstəqildir, güclüdür, tələbkardır, azaddır; mahnı oxuyurlar, istədikləri yerdə və istədikləri vaxt siqaret çəkirlər, təkcə həyat yoldaşı yox, həm də sevgilidirlər.

O, filmlərində tamaşaçı ilə siçan-pişik oynayır, ilk baxışda kimin yaxşı, kimin pis olduğunu seçmək hüququnu ona buraxır: kamera bütün qəhrəmanları eyni məsafədən göstərir, heç birini fərqləndirmir, rəğbət, ya da neqativ münasibət nümayiş etdirmir.

Ucdantutma hamının tapına biləcəyi vahid həqiqət yoxdur. Ümumiyyətlə, həqiqət deyilən şey yoxdur. Yalnız biz və seçimlərimiz var: bu fikir Fərhadi yaradıcılığından qırmızı xətt kimi keçir.

Bəlkə, elə buna görə də Fərhadi finalı həmişə açıq saxlayır. Ancaq bu Kiarostamidəki kimi rahatlıq gətirən, həyatı olduğu kimi qəbul eləməyə, barışmağa səsləyən meditativ son deyil. Fərhadinin filmlərində finalın açıq qalması arada qalmağın gətirdiyi çarəsizliyə, seçim məcburiyyətinin ağırlığına işarədir.

“Boşanma”da Terme hakimə anası və atası arasında seçim elədiyini deyir, amma qərarını dilinə gətirə bilmir. Nadirlə Simin isə dəhlizdə onun onun qərarını gözləyir.

“Şəhri-Ziba”da Aladan, dostunun həyatı qarşılığında öz sevgisindən vaz keçməyini istəyirlər.

“Keçmişin sirləri” filmində vicdan əzabından qurtulub həyatına davam eləmək istəyən Samir komada yatan həyat yoldaşından işarə gözləyir. Film qadının iri planda göstərilən əlində bitir”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər