15 Mart 2017 12:36
2 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məzar yeri" layihəsi 7

Öncəki yazı

Tarix 19 iyun 1999-cu il.

Jurnalist Ali Kırcanın “Siyasət meydanı” adlı verilişinə qatılan Prof.Dr. Türkan Saylan Türkiyədə dini icma lideri Fətullah Gülənin dövləti ələ keçirmək planı olduğunu açıq şəkildə söyləyir:

“Ortada sağlıq problemlərinin olduğu görünən bir şəxsin Türkiyəni necə ələ keçirə biləcəkləri haqqında təlimatları var. Öyrəncilərimizin müxtəlif məktəblərdə, evlərdə beyinlərinin necə yuyulduğunu görürük. Bəlkə də, bu məsələlər bitdikdən sonra həmin gənclər üçün reabilitasiya mərkəzləri açılmalıdır... Bir dəfə bir məktəbə getmişdim, çıxış elədim, hamısı oğlan tələbələr idi. Tədbirdən sonra biri yaxınlaşdı mənə, dedi ki, biz çox başarılıyıq, çünki aramızda qızlar yoxdur, qızlar şeytandırlar, onlar aramızda olmadıqları üçün biz uğurluyuq. İndi düşünün, qadınları şeytan olaraq görənlər laiq, demokratik Türkiyədə necə olacaqlar?...”

Təəssüf ki, Türkiyədə professorun bu çıxışı qulaqardına vuruldu, Fətullah Gülən isə dövləti ələ keçirmək və ya Prezident R.T.Ərdoğanın dediyi kimi paralel dövlət qurmaq üçün bütün imkanlarını işə saldı. Təhsil sektorundan sonra dövlətin üç əsas sütunlarından olan məhkəmə, polis və ordunu ələ keçirməyə çalışan Gülən bu hədəfinə qısa zamanda çatdı.

Artıq dövlət içərisində Fətullah Gülənə bağlı polis və məhkəmə sistemi vardı. Onlar istədiklərini tutub öncə məhkəməyə, sonra isə həbsə göndərə bilirdilər. Təbii olaraq onların hədəfində digər Atatürkçü, laiq, demokratik aydınlarla birgə onları açıq şəkildə ifşa edən Türkan Saylan da olacaqdı.

Dosye

Türkan Saylan 13 dekabr 1935-ci ildə İstanbulda dünyaya göz açır. 1944-1946-cı illərdə Kandilli İbtidai sinfində, 1946-1953-cü illərdə Kandilli Qız Liseyində təhsil alır, 1963-cü ildə İstanbulda tibb fakultəsini bitirir, həmin universitetdə dermatologiya üzrə çalışır, İngiltərədə təhsilini davam etdirir. 1974-cü ildə Fransada, 1976-da İngiltərədə çalışır. 1972-ci ildə dosent, 1977-ci ildə professor ünvanını qazanır.

Saylan 1976-cı ildən etibarən cüzam xəstəliyinə qarşı savaş açır, xəstəliyi yenmək yolunda çalışmalara başlayır, “Cüzamla savaş dərnəyi və vəqfi”ni yaradır. Bu çalışmalarına görə 1986-cı ildə “Beynəlxalq Qandi mükafatı”nı qazanır. 2006-cı ilə qədər bu sahədə Dünya Səhiyyə Təşkilatının məsləhətçisi olur, “Beynəlxalq Lepra Birliyi”nin qurucusu, başqan yardımçısı olur, “Beynəlxalq Lepra Dərnəyi”nin üzvü olur. 21 il, 1981-2002-ci illərdə könüllü olaraq İstanbul Lepra Xəstəxanasının baş həkimi olur.

21 fevral 1989-cu il.

Atatürk devrimlərinin qorunması, yaşadılması, çağdaş təhsil yolu ilə çağdaş insan yetişdirmək, çağdaş toplum formalaşdırmaq məqsədilə ilə bir QHT yaradılır: Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi. Türkan Saylan dərnəyin qurucularından olur və uzun müddət dərnəyə rəhbərlik edir. Dərnəyin prinsiplərinə diqqət edək:

- Beynəlxalq qadın, uşaq, insan hüquqlarına sayğılı, demokratik, dünyəvi cəmiyyət, sosial hüquq dövlətinin gerçəkləşməsi və yaşadılması;

- Fərdlərin hüquqi, siyasi, iqtisadi, mədəni, fiziki kimliyinin inkişafı, bütün insan hüquqlarından yararlanmalarının təmin edilməsi;

- Cəmiyyətdə ekoloji problemlərə və mədəni irsə qarşı diqqətin artırılması və bu sahədə toplum şüurunun formalaşdırılması.

“Ergenekon” - Allahsız dindarların iddiaları

2009-cu ilin aprel ayı. Türkiyə ardı- ardına gələn Ergenekon əməliyyatı zamanı tutulanları heyrətlə izləyir, artıq yüksək rütbəli zabitlərin, jurnalistlərin həbsi adiləşir və bu adiləşmə əməliyyat əmrini verənləri daha da “həvəsləndirir”, türk gəncliyinə modernliyi aşılayan şəxsiyyətləri həbsə atdırmağa cəhd edir. Budur, Türkan Saylanın 1999-da dediyi, beyni yuyulan polislər əllərində axtarış izni ilə bir cumhuriyyət qadınının evinin qarşısındadırlar. İttiham olunan suç: Terror qruplaşmasına dəstək vermək...

Polislər onun evinə soxulduğunda Türkan xanım xəstəxanadan evinə yenicə dönmüşdü və müalicəsini evində davam etdirirdi. Anadolunun kəndlərində minlərlə məktəb açan, qız uşaqlarını təhsilə cəlb edən, kasıb əhalinin uşaqlarına təqaüd verən bir dərnək terror örgütü ilə əlaqələndirilirdi.

Zaman isə göstərdi ki, Türkiyədəki əsl terror təşkilatı elə onun evinə soxulmağı əmr edənlərdir.

Ömrünün sonlarına yaxın bir zamanlar ifşa etdiyi adamın dəstəkçiləri ona ən çirkin şəkildə hücuma başlayırlar. Xərçəng xəstəliyinə tutulduğu üçün saçları tökülən və buna görə başına yaylıq bağlamasını Allahın qəzəbi olduğunu deyirlər. Hətta “Ergenekon məhkəməsindən canını qurtarmaq üçün öldü” başlıqlı yazılar da yazırlar. Dinlərarası dialoq tərəfdarı olanlar anasının xristian olması səbəbindən Saylana missioner damğası yapışdırırlar. Halbuki, onun anası Lily evləndikdən sonra müsəlman olmuşdu. Üstəlik bunun hər hansı bir önəmi də yox idi.

Saylan xəstə yatağından türk millətinə müraciət edir:

“Hamının bildiyi kimi ÇYDD həm darbəyə (hərbi çevrilişə), həm də şəriətə qarşıdır. Ölkənin təhsil yolu ilə inkişafına çalışır. Ergenekon və başqa təşkilatlarla heç bir əlaqəsi yoxdur və ola bilməz də. Qısa olaraq desək, ÇYYD olaraq Türkiyəmizdə bir hüquq dövləti, Atatürk dəyərlərini rəhbər tutan bir idarəçilik istəyirik. Beynəlxalq hüquq anlayışlarının hər kəsin beynində, ürəyində yer tutmasını və ədalətli məhkəmə qərarlarının hökmranlığını gözləmək bir vətəndaş olaraq hamımızın haqqı olduğunu düşünürük. Biz də haqqımızı müdafiə edəcəyik”.

Türkan Saylan 18 may 2009-cu il saat 04:45-də həyata gözlərini yumur.

Anadoluda qız uşaqlarının məktəbə getməsini təşkil edən, bir neçə kitab müəllifi, onlarla mühüm mükafatlara layiq görülən, bu mükafatlardan aldığı pulları qızların oxuması üçün fondlara bağışlayan, müxtəlif xəstəliklərlə mübarizədə ön sırada dayanan, Türkiyəni çağdaş, modern bir Avropa dövləti olmasını istəyən bir şəxs təəssüf ki, ömrünün axırlarında indi FETÖ adlandırılan terror təşkilatının çirkin hücumuna məruz qaldı.

Türkan Saylanı hərbi çevrilişçilərə dəstək olmaqda suçlayanlar 2016-cı ilin 15 iyununda Türkiyə hakimiyyətini və dövlətini yox etmək üçün özləri hərbi çevrilişə əl atdılar, 200-dən çox insanın ölümünə səbəb oldular. Halbuki, Türkiyə hökumətinin təmsilçiləri Türkan xanımın 1999-cu ildəki çıxışlarını diqqətə alsaydılar, bu gün bunların heç biri yaşanmazdı.

Türkan Saylan İstanbulda Feriköy məzarlığında dəfn edilib. Ötən həftə onun məzarını ziyarət edərkən sadəcə bir şeyə təəssüfləndim. 18 il öncə etdiyi xəbərdarlığın necə doğru çıxdığını görməməsinə...

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər