17 Mart 2017 11:45
5 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məzar yeri" layihəsi 8

Öncəki yazı

Bu gün publisist, rəssam, həkim, siyasi xadim Əli bəy Hüseynzadənin vəfatından 77 il ötür. Teleqraf.com "Məzar yeri" layihəsi çərçivəsində Əli bəyin həyatı haqqında məlumatları və məzarının fotolarını təqdim edir:

***

"Biz istəyirik ki, İslam ölkəsinə onların (Qərbin - D.Ə.) beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa mədələrində həzm olunmasın".

Bu cümlənin mahiyyətini anlamaq üçün dönəmin sosial-siyasi, mədəni mühitini gözdən keçirmək gərəkdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində artıq Azərbaycanda bir sıra ideologiyalar qarşı-qarşıya gəlmişdi. Bunlar istər qəzet səhifələrində, istərsə də dönəmin ictimai xadimlərinin əsərlərində özünü biruzə verirdi. Bir tərəfdə sosialistlər, bir tərəfdə islamçılar, digər tərəfdə millətçilər, avropasentrik düşüncəlilər çarpışırdı. Bunların hər birinin daşıyıcılarına isə Çar Rusiyasının tərkibində olan Azərbaycanda rast gəlinirdi.

Yüz illər ərzində İslam dininin hegemonluğunda yaşayan, ərazisində qurulan dövlətlərin hakim dini olduğu üçün əhalinin yaşayış tərzinə təsir edən bir dini dünyagörüşdən vaz keçilməsi mümkünsüz idi. Xalq Axundovu qəbul etməmiş, yeni yaranan qəzetlərdə də din xadimlərinin mövqeyi güclü idi. Digər tərəfdən, Çar Rusiyasının dayaqları sarsıldığı üçün Qərbdə baş verən elmi-texniki yeniliklərlə yanaşı insan azadlıqları mövzuları artıq Cənubi Qafqaza qədər çatdığı üçün, həmçinin imperiyanın dağıldığı ərəfədə həm Krımda, həm də Azərbaycanda milli oyanışın, türkçülük meylləri gücləndiyi üçün bunları birləşdirəcək simvolik bir dəyərə və bu simvolikadan qaynaqlanan yeni təfəkkürə ehtiyac vardı. Məhz bu məqamda Əli bəy Hüseynzadə türk dünyası üçün yeni formul təqdim edir: türkləşmək, islamlaşmaq, avropalılaşmaq.

Necə ki, onun özü yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!"

Əli bəy necə pantürkist oldu?

Əli bəy 1864-cü ildə Salyanda doğulub. Ana babası, dövrün tanınmış Şeyxülislamı olan Şeyx Əhməd Səlyaninin yanında böyüyən Əli bəy 1885-ci ildə Tiflis gimnaziyasına qəbul olur. 1885-ci ildə oranı bitirdikdən sonra Peterburqa yollanır. Burada riyaziyyat fakultəsinə daxil olur. Təhsil aldığı müddətdə Əli bəy Çar Rusiyasında başlanan azadlıq hərəkatlarının və bunun bir parçası olan tələbə hərəkatlarının ortasına atılır. Burada çar istibdadından doğan milli oyanış hisslərinə yiyələnməsi, həmçinin rus türkoloqlarından (Radlov və b.) dinlədiyi mühazirələr, Qərb mütəfəkkirlərindən mütaliələri onun bu mühitdə pantürkist olaraq yetişməsinə səbəb olur. Təsadüfi deyil ki, sonralar Ziya Gökalp yazacaqdı: "Əli Hüseynzadə Rusiyada millətçilik cərəyanlarının təsiri ilə türkçü olur. Panslavizmdən pantürkizm çıxar".

Turançılıq

Əli bəy 1889-cu ildə Peterburqda təhsilini tamamladıqdan sonra Türkiyəyə yollanır, 1889-1895-ci illərdə İstanbul Darulfünunun Əsgəri-Tibbiyəsində təhsil alır. Türkiyə mühiti onun türkçülük, turançılıq düşüncələrinin inkişafına təkan verir. 1892-ci ildən etibarən Əli bəy Hüseynzadə "Turani" imzası ilə yazmağa başlayır. İlk dəfə şeirlərində Turan ideyasını qabardan Əli bəy gələcəkdə bunu əsas məfkurəsinə çevirəcəkdi. "Türkçülüyün tarixi"ni yazan Yusuf Akçura Əli bəyi Misirdəki "Türk" qəzetində onun məşhur "Üç tərzi-siyasət" məqaləsinə yazdığı yazını xatırladır və onu ilk panturanist kimi təqdim edir: "Hüseynzadə Əli bəy, müsəlman türklər arasında "ilk turani", yəni panturanistdir desək, xəta etmiş olmarıq zənnindəyəm. Ancaq bunu da əlavə etməliyik ki, daima həyatda anlaşma və sükun arayan Hüseynzadə Əli bəy, turaniliyini şiddət, qətiyyət və israrla müdafiə etməyib. Bununla bərabər, onun şairanə turançılığı, 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıca Gökalp Ziyanı yaradıb".

"İttihad və Tərəqqi"

1938-ci ilin "Tan" qəzetinin 4-7 mart saylarında Əli bəy Hüseynzadənin "İttihad və tərəqqi" nasıl quruldu" adlı məqaləsi yayımlanır. Məqalədə Əli bəy 46 il əvvəl əsgəri-tibbiyyədə oxuyarkən Übeydullah əfəndi ilə necə tanış olmasından, tələbələrin tezliklə bilgilərinin sızmasından, sorğulanaraq iki həftəliyinə həbsə atılmasından bəhs olunur. İllər sonra İstanbulda yenidən Übeydullah əfəndi ilə görüşməsindən qeydlər verir: "Bəzi gecələr, Ağaoğlu Əhməd, şair Midhəd Cemal, Yəmənli Əbdülvahap və sair dostları, Übeydullahın kəndi əlilə hazırladığı nəfis çayı içmək, onun istibdad ilə mücadilə hekayələrini, qürbət eldəki qərib sərgüzəştlərini dinləmək və bilxassə ictimai, siyasi və dini ictihadlarından istifadə etmək üçün onun iqamətgahında toplanır, xoşca vaxt keçirirdik".

Əli bəyin bu məqaləsindən bəlli olur ki, "İttihad və Tərəqqi"nin, yəni gizli təşkilatın yaradılmasının ideya müəllifi özü olub. Übeydullah əfəndi ilə görüşərkən Peterburq, Moskva və Kazandakı tələbələrin təcrübəsini ona anladıb. Təsadüfi deyil ki, sonradan Əhməd Ağaoğlunun oğlu Səməd Ağaoğlu "Babamın arkadaşları" adlı əsərində Əli bəyi "pərdə arxasındakı adam" adlandıracaqdı.

"Türklər kimlərdir?"

Türkiyədə qaldığı müddətdə Əli bəy həmçinin tibblə bağlı çalışmalar edir, elmi əsərlər üzərində çalışır. Lakin sultanlığın nəzarətində olduğu üçün 1903-cü ildə vətəninə dönməli olur.

Ə. Hüseynzadə 1905-ci ildə Əhməd Ağaoğlu ilə birlikdə "Həyat" qəzetində redaktor fəaliyyətinə başlayır. Bu qəzetdə onun "Türklər kimlərdir və kimlərdən ibarətdir" adlı məqaləsi dərc olunur. Bu məqalədə Əli bəy türklərin tarixindən, "türk" və "tatar" adlandırmalarının hansı səbəbdən doğduğu, türk xalqlarının coğrafi regiona görə hansı şöbələrə bölündüyü, türk dili və dini haqqında qeydlər verir. Məqalədə yazır: "...Türklərin səhvən tatar deyilən qisminə gəlincə, bunların lisan və tarix cəhətilə moğollara müşabihət və münasibətləri çox azdır".

Əli bəyin bu məqaləsi əslində türkləşmək ideologiyasının ilkin əlifbası kimi qəbul edilməlidir.

Əli bəy və "Füyuzat"çılar daha geniş anlayışlar çərçivəsində düşünürdülər. Əgər "Molla Nəsrəddin"çilər xalqı tənqid yolu ilə tərəqqisinə nail olmaq istəyirdilərsə, birincilər öyrətmək, dünyanı tanıtmaq yolunu seçmişdilər. Onun tərcümələri arasında Homerin "İliada"sı, Esxilin "Zəncirlənmiş Prometey"i, Miltonun "İtirilmiş cənnət"i, Götenin "Faust"u, Şillerin "Kəfalət,yaxud vəfakar dostlar"ı, Dantenin "İlahi komediya"sı, Firdovsinin "Şahnamə"si, Vergilinin "Eneida"sı, Heynenin, Derjavinin şeirləri mühüm yer tutub.

"Füyuzat"ın fəaliyyətini dayandırmasından sonra Əli bəy bir müddət "Kaspi" qəzetinin baş redaktoru olur, yazıları "İrşad", "Tərəqqi", "Həqiqət" qəzetlərində yayımlanır.

Yenidən İstanbul

1910-cu ildə isə o, İstanbula yollanır. İstanbulda Heydərpaşa hərbi xəstəxanasının tibb fakültəsində dəri-zöhrəvi xəstəlikləri üzrə professor kimi kafedra müdir təyin olunur. İstanbul mühiti ona həmçinin türkçülüklə bağlı fikirlərinin genişlənməsinə və türk dünyasına xidmət göstərməsinə daha çox imkan əldə etməsinə səbəb olur.

Belə ki, 1911-ci ildə qurulan "Türk yurdu" cəmiyyətinin üzvləri içərisində Əli bəy də yer alır. 1915-ci ildə İstanbulda qurulan "Rusiya müsəlman türk-tatar xalqlarının haqlarını qoruma komitəsi"ndə təmsil olunur. Bu ərəfələrdə digər türkçülərlə birgə "Turan heyəti" çərçivəsində Avropada səfərlərdə bulunan Əli bəy Avropa siyasilərinə türklərin hüquqları ilə bağlı çağırış edir. Məsələn, alman siyasi rəhbərlərinə çağırışda bildirilir:

"Rusiya mütəcanis bir kütlə deyildir. Orada türk-tatar qövmləri sayca böyük bir toplama varır. 1879-cu il nüfuz sayımında ruslar türklərin miqdarını az göstərmək üçün yapdıqları işə rəğmən bu nüfuz 24 milyon olaraq görünür... Onlar çox geniş torpaqlarda bəzi ləhcə fərqləri ilə eyni dili qonuşmaqdadırlar...".

Əli bəyin təmsil olunduğu nümayəndə heyəti hətta Rusiya müsəlmanlarının hüquqları ilə bağlı ABŞ prezidenti Vilsona teleqram yollayırlar.

"Azərbaycanda düşündüklərim"

1918-ci ilin 24 iyulunda Əli bəy Hüseynzadənin "Hilali-Əhmər" qəzetində "Azərbaycanda düşündüklərim" adlı məqaləsi yayımlanır. Bu zaman Azərbaycanda Cümhuriyyət qurulmuşdu və Əli bəy müvəqqəti paytaxt Gəncədə olmuşdu:

"Hilali-Əhməriyyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şüalı yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqasiya Türk Dövlətindən bir az bəhs etmək istərəm. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki, Azərbaycanın təbii paytaxtı, neft mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur. Bakını Azərbaycana çox görən kim olursa-olsun Azərbaycan xalqının ən mənfur düşmənidir!"

Bir neçə ay sonra Bakı Cümhuriyyətin paytaxtına çevrilir.

Türkoloji qurultay

Əli bəy növbəti dəfə illər sonra mühüm bir tədbir üçün Bakıya gəlir. Bakıda keçirilən I Türkoloji qurultaya Türkiyədən dəvət olunanlar içərisində o da var idi. Fəxri rəyasət heyətində Avropanın tanınmış alimləri (Tomsen, Marr) ilə yanaşı əyləşən Əli bəy qurultayın yekun iclasında çıxış edir. "Qərbin iki dastanında türk" məqaləsini çap etdirir.

İstiqlal məhkəməsində

1926-cı ildə Türkiyədə Atatürkə sui-qəsd planının üstü açılır. Əski ittihadçı Qara Kamalla əlaqədə şübhəli bilindiyi üçün onu da İstiqlal məhkəməsinə çıxarırlar. Lakin o özünü bu şəkildə müdafiə edir:

"Mən Qazi Paşa həzrətlərinə hörmət və qiyməti daima izhar etdim... Mən Bakıda Qazinin mənqəbəsini nəşr edərkən bunlar burada sui-qəsd ilə məşğul imişlər. Mən nasıl aralarında ola bilərəm. Mən milliyyətpərvər bir insanam, türkəm".

Çünki Əli bəyin Atatürkə böyük sayğısı vardı. Və illər sonra Atatürkün ölüm xəbərini eşidərkən sarsılacaqdı. Qızı Feyzavər Alpsar həmin günü belə xatırlayır:

"Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. "Təəssüf" dedi. Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, "mənim heç kimim qalmadı" - deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm".

İki il sonra isə heç kimi qalmayan Əli bəy Hüseynzadə də vəfat edir. Rəssam, şair, publisist, ictimai xadim, müasirləri tərəfindən türk dünyası üçün gördüyü işlərə görə "yalvac" namı qazanan Əli bəyin məşhur ideyası isə Azərbaycanın bayrağında dalğalanmaqdadır.

***

Əli bəy İstanbulda Karaca Ahmet məzarlığında dəfn edilib. Həmin məzar daha sonra oğlu Səlim Turana da son mənzil olub. Bir qədər kənarda isə xanımı Ethiye Turan əbədi sükunət içindədir...

Təəssüf ki, Əli bəyin məzarı baxımsız vəziyyətdədir. Əldə etdiyimiz məlumata görə, tezliklə məzar bərpa ediləcəkdir.

Dilqəm ƏHMƏD

Fotolar müəllifindir


Müəllif:

Oxşar xəbərlər