Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.
Teatrın direktor müavini İlham Məmmədov Teleqraf.com a açıqlamasında bildirib ki, verilən hadisə bu gün axşam saatlarında baş verib: "Əsgər bir neçə ay öncə qaraciyərindən əməliyyat olunmuşdu. Ondan sonra hər şey yaxşı idi. Hətta ötən gün onunla danışmışıq da. Bu gün bir neçə saat bundan öncə rəhmətə getdi".
1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə. Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S. Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S. Vurğun ad. Rus Dram teatrına qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. Onun yaratdığı Nikita (A. Arbuzov "Kobud oyunlar"), Oyunçu (R. İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M. Qorki "Varvarı"), Bayandur (İ. Əfəndiyev "Büllur sarayda"), Ralf (R. Baer "Qarışıq hisslər"), Kazım (N. Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K. Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
Nərmin