Bu gün Azərbaycan Dövlət Film Fondunda kinomuzun böyük siması, əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirə gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəsmisi Cəmil Quliyev Əlisəttar Atakişiyevi Azərbaycanın Jül Verni adlandırıb. Onun kinonun bir çox sahələrində çalışdığını qeyd edən Cəmil Quliyev Atakişiyevin böyük istedada, təfəkkürə, fantaziyaya malik olduğunu deyib: "Hər filmində kino mühitini əhatəli yarada bilirdi. Müxtəlif janrlarda işləyirdi. Və hamısını da ustalıqla yaradırdı. Fikir verin "Sehirli xalat" filmində əks olunan çox nüanslar o zaman fantaziya kimi qarşılansa da illərdən sonra reallığa çevrildi".
O bildirib ki, Əlisəttar özünü uşaq yazıçısı kimi sübut etmişdi. Beləki, uşaqlar üçün yazdığı "Bəxtiyar", "İbrahimin sərgüzəştləri" kitabları böyük tirajla çap olunub.
Kinotarixçi Aydın Kazımzadə rejissorun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, filmlərindəki estetikadan, yaradıcı yanaşmadan söhbət açıb:"Qəribə taleyi olan bir insan idi. Biz yaxın dost olmuşuq. Mən onun ən xoşbəxt, ən bədbəxt günlərinin şahidi olmuşam".
Dörd il öncə Əlisəttar Atakişiyevin Moskvada qəbirüstünün götürülməsinə nail olan "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov qarşılaşdıqları çətinliklərdən danışıb:"Nazirliyin göstərişi ilə Moskvaya getdim. Onun qəbirini tapmaq çətin oldu. Timur Vaynşteynin dostunun köməkliyi ilə qəbri tapdıq. Qocalar evi qəbrin üstünü götürməyə icazə vermədi, dedilər bunu yalnız oğlu edə bilər. Biz oğlunu tapdıq. Onun mənə təqdim etdiyi etibarnaməyə əsasən biz qəbirüstünün götürülməsinə nail olduq".
Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olub. 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib.
Kino-operator, rejissor vә rәssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azәrbaycan әmәkdar incəsənət xadimi adına layiq görülüb. Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyaları әsasında çәkilmiş “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlәrinin quruluşçu operatoru olub.
“Bir qalanın sirri”, "Qərib cinlər diyarında", "Sehrli xalat", "Bizim küçə", "İstintaq davam edir" filmlərinin rejissoru olub.
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat edib.
Nərmin Muradova
Fotolar Elçin Muradındır