Ədəbiyyatşünas İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabı çapdan çıxıb.
Teleqraf.com xəbər verir ki, kitabın elmi redaktor və ön sözün müəllifi akademik Rafael Hüseynov, rəyçilər filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.
Kitabda filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın əsasən son 3-4 ildə yazdığı məqalə və esseləri toplanıb. Ədəbiyyatımızın və ədəbiyyatşünaslığın aktual problemlərindən bəhs edən dəyərli tədqiqatlar, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin tənqid predmeti kimi analitik təhlilləri əks olunub.
Kitab bir neçə fəsildən ibarətdir: Klassik Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı; Poeziya; Çağdaş Azərbaycan nəsri və roman problemləri; Tərcümə problemləri; Ədəbiyyatşünaslıq problemləri, ədəbi-estetik düşüncələr; Ədəbi mətbuat; Müsahibələr.
724 səhifədən ibarət kitabdan ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə etmək əhəmiyyətlidir.
Kitabın ilk fəslində müəllifin ədəbiyyatşünaslığın klassik irs problemi ilə bağlı elmi-nəzəri müddəaları əks olunub. İradə Musayeva Nizami Gəncəvinin 4 mənzum romanı (“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” ) olması faktını tarixi mənbələr, Azərbaycan və dünya nizamişünaslarının mülahizələri əsasında təhlilə çəkir, inandırıcı arqumentlərlə “müasir dünya romanı və tarixi roman ustası Nizami Gəncəvi” mövzusunu qabardır.
Bu fəsildə İmadəddin Nəsimi şəxsiyyəti və yaradıcılığının ali, eləcə də orta məktəb dərsliklərində, proqramlarında yalnış müddəalarla tədris olunması məsələsi də diqqətə çatdırılır, Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə ədəbiyyatşünaslıq baxımından yeni yanaşma metodikası sərgilənir.
“Dünya ədəbiyyatı” adlı ikinci fəsildə Ə.Şəfəq, C.Oruell, Q.Q.Markes, E.M.Remark, S.Aleksieviç yaradıcılığı ilə bağlı tədqiqatlar irihəcmli məqalələrdə öz ifadəsini tapır.
“Poeziya” fəslində Vaqif Səmədoğlu, Salam Sarvan, Ələkbər Salahzadə, Qulu Ağsəsin şeirlərinin ədəbi-tənqidi nöqteyi -nəzərindən təhlili öz əksini tapıb.
Növbəti fəsil “Çağdaş Azərbaycan nəsri və roman problemləri” adlanır. Bu fəsildə “Roman təfəkkürü, yazıçı və cəmiyyət”, “Roman müəllifləri və roman qəhrəmanları”, “Mənim cəmiyyətimin yazılmayan romanları”, “Çağdaş Azərbaycan romanının mövzu və ideya problematikası”, “Romanşünaslar-romançılar-roman oxucuları” adlı məqalələrdə nəsrimizin, daha konkret desək, romanlarımızın ədəbi-estetik və sənətkarlıq baxımından problemləri çözülür.
Həmin fəsildə Elçinin, İsa Muğannanın, Yusif Səmədoğlunun, Şərif Ağayarın, Kəramət Böyükçölün, Natiq Məmmədlinin, Vahid Qazinin də nəsr əsərləri müxtəlif yönlərdən tənqidin predmetinə çevrilir.
Kitabın “Tərcümə problemləri” bölməsində dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə qüsurlu tərcüməsi ilə bağlı aktual məsələlər təhlil və müqayisə edilir.
“Ədəbiyyatşünaslıq problemləri, ədəbi-estetik düşüncələr” fəslində Azərbaycan, eləcə də dünya ədəbi təfəkküründə siyasi gerçəklik və bədii təxəyyülün gücü, yaddaşsız cəmiyyətərin ədəbi düşüncə problemləri, ədəbi-intellektual düşüncənin İnsan problemi, “itirilmiş nəsil” anlayışı, yazıçıların yaradıcılıq mövqeyi: estetika, yoxsa siyasiləşmiş ədəbiyyat, ədəbi çevrə və qruplar, intihar və ədəbiyyat, çağdaş ədəbi mənzərə və problemlər, labirintdən çıxa bilməyən şərq təfəkkürü, ədəbiyyatşünaslıq adına çap olunan kitablar, bizim müharibəmiz və dünya ədəbiyyatı, yazıçılardan sığal gözləyən tənqid və “şünas”ların ədəbiyyat hesabatı, sindromlu və dəyişmək istəməyən cəmiyyətin ədəbiyyatı, modernizm haqqında yalnış yozumlar, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, psixoloqun intiharı və ədəbiyyatımız kimi müxtəlif mövzulu məqalələrdə fərqli rakurs, yeni intellektual baxış bucağından problemə yanaşma mövqeyi göstərilir.
A.Axmatova, A. Əfəndiyev, İ.Əbilov, F.Hüseyn və başqa ədəbi simalar haqqında portret məqalələr də həmin fəsildə əks olunub. “Ədəbi mətbuat” bölməsində “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti” haqqında esselər çap edilib.
Kitabın sonuncu fəslində İradə Musayevanın xeyli sayda müsahibələri çap olunub ki, əslində bu ədəbi söhbətlərin də mətni sırf ədəbiyyat və ədəbiyyatşünaslıq problemlərindən bəhs edir.