4 Aprel 2017 12:21
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə bir tale yaşadı. 1906-cı ilin bir qış günü İçərişəhərdə dünyaya göz açdı. Səkkiz yaşa çatar-çatmaz həm atasız, həm anasız qaldı. İllər keçdi, Azərbaycanın və SSRİ-nin tanınmış, istedadlı rejissoru oldu. Amma təkcə rejissormu?

O, həm rəssam, həm ssenarist, həm operator, həm də rejissor kimi çalışdı. Bakı-Moskva arasında çox gedib-gəldi. Nəhayət, bir gün küsüb, əlini hər şeydən üzüb, bütün ümidlərinin puça çıxdığını hiss edib Moskvada məskulaşdı... Həyatının geri qalan illərini orda yaşadı, bu dünya ilə orda vidalaşdı...

“Sehirli xalat”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında” filmləri ilə adını böyüklərlə yanaşı uşaqların da ürəklərinə həkk edən, Azərbaycan kinosunun görkəmli, istedadlı sənətkarı Əlisəttar Atakişiyevdən danışırıq...

Bu yazı bir qalaya sığmayan, sehirli xalatda qərib diyarlara köç edən sənətkarın ürək dağlayan həyatına işıq tutur.

Daha tab gətirə bilmir

Əlisəttar Atakişiyev səkkiz yaşında yetim qalandan sonra ailəni onunn qardaşı Əlipaşa saxlayır. Ailədə oğlanlardan əlavə dörd qız da böyüyürdü.

1926-ci ildə 20 yaşlı Əlisəttar Moskvaya gedir, amma ona qədər jurnallarda rəssam kimi çalışır. Moskvada SSRİ Xalq Komissarları Sovetində tərcüməçi kimi işə düzəlir, eyni zamanda Moskva Ali Rəssamlıq İnstituna daxil olur. Ardınca arzuları onu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna gətirib çıxarır. Gənc Əlisəttar buranı operatorluq ixtisası üzrə bitirir. Gənc oğlanı Bakıya buraxmırlar. Moskvanın belə vacib kadrlara ehtiyacı vardı.

Əlisəttarla çalışan rejissorlar ondan razılıq edirdilər. Beləliklə, o, Moskvada qalır, rəngkarlıq sahəsində ən gözəl mütəxəssislərdən birinə çevrilir.

Ailə həyatını da burda qurur. Moskvada Stanislavskinin qardaşı nəvəsi aktrisa Yelizaveta Vladimirovna ilə evlənir, bu izdivacdan Xəlil adlı bir oğlu doğulur.

Moskvada işləyə-işləyə arada Bakıya da baş çəkir, filmlərdə rejissor assistenti, ikinci operator kimi çalışır. 1956-ci ildə “O olmasın, bu olsun” filmi çəkilən zaman rejissor Hüseyn Seyidzadə Əlisəttarı dəvət edir. Əlisəttar ailəsi ilə birgə Bakıya köçməyə qərar verir. Doğrudur, həyat yoldaşı Yelizaveta bu qərara isti yanaşmır, çünki onun üçün Bakıda yaşamaq dəhşətli dərəcədə ağır idi. Və ağırlığa daha tab gətirmir, Əlisəttardan ayrılıb, Moskvaya dönür.

Heç Əlisəttar da burda çox qərar tuta bilmir. Sözünün çəp gəldiyi, münasibətlərinin tutmadığı insanlarla yola getmir və yenidən Moskvaya qayıdır.

Əlisəttar ikinci dəfə ailə qurur. İkinci evlilikdən uşağı olmur. Həyat yoldaşının ilk evliliyindən olan qızına isə atalıq edir. Ona görə bəziləri o qızı Əlisəttarın doğma qızı bilirlər.

1955-ci ildə Estoniyanın ilk rəngli filmini o, çəkir. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıdır və 1978-ci ilə qədər burda müxtəlif filmlərdə çalışır. 1956-cı ildə “O olmasın, bu olsun” filminin operatoru olur.

Operator ixtisasını bitirdiyinə görə rejissor kimi ona filmləri həvalə etmək böyük müzakirələrdən sonra baş tuturdu. Ona görə rejissor kimi qəbul olunmadığı filmlərdə operator, rəssam kimi də çalışırdı.

Dəfələrlə töhmət alıb, amma ...

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə: “Əlisəttar Atakişiyevin tərcümeyi halı qeyri-adidir. Xoşbəxtliyim ondadı ki, Əlisəttar müəllimlə yaxın dost olmuşam. Ata-bala münasibətimiz vardı. O insanın ən xoşbəxt günləri də, ən pis günləri də gözümün qabağında olub. Elə günlərdən keçib ki, cibində bir manatı da olmayıb. Onuçox incidiblər.

Əlisəttarın ilk böyük işi “Arşın mal alan”dır. O filmdə iki operatordan biri idi. Film dünyanın 36 ölkəsini dolaşdı. Çox maraqlı operator idi, kadrın gözəl olması üçün xırdalıqlarına qədər düşünürdü.

Leyla Bədəlbəyli deyirdi ki, “Arşın mal alan” filminin çəkilişləri zamanı Əlisəttar tezdən saat 5-də oyanıb günəşin çıxmağına baxırdı.

Arxivdə araşdırma aparanda gördüm ki, Əlisəttar bir neçə dəfə töhmət alıb. O, töhmətlərə fikir verməzdi. Təsəvvür edin ki, rayona ekspedisiyaya getmək üçün kinostudiyayanın qarşısına yığışmağa qərar verirlər. Əlisəttar səhər saat 5-də parkda oturub günəşin çıxmağına baxırmış.

Professional film nağıllarının yaradıcı Əlisəttar Atakişiyev olub. Onun nağılları ekranlaşdırmağı təsadüfi deyildi. Təsadüf olsaydı, bu, yalnız bir dəfə baş verərdi. Amma fikir verin: “Bir qalanın sirri”, “Sehirli xalat”, “Qərib cinlər diyarında”, ssenarisi qalan əlində “İbrahimin məcarəları”.

O, məhz uşaq filmlərində bir çox yeniliyə imza atmışdı. “Sehirli xalat”dakı Ay səhnəsi SSRİ məkanın ən gözəl film səhnələrindən biri hesab olunurdu. O filmdəki planşet, video çəkilişi o zamanlar üçün əsl möcuzə idi. 60-cı illərin əvvəlləri hara, planşet, video hara. Bu mənada Əlisəttarın fantaziyası tükənməz idi”.

İmkan versəydilər 100 il yaşayırdı

O, uşaq filmləri çəkməklə yanaşı, həm də onlar üçün yazırdı. Uşaqlar üçün qələmə aldığı “Bəxtiyar”, “İbrahimin sərgüzəştləri” kitabları Azərbaycan və rus dilində böyük tirajla çap olunub.

Əlisəttar Atakişiyev “İbrahimin məcarəları” ssenarisini ekranlaşdırmaq istəyirdi. Öncə onu “Azərbaycanfilm” kinostudiyasına təhvil verir. Kinostudiyadan onu Moskvaya, Moskvadan da geri göndərirlər.

Aydın Kazımzadə: “Həmin sənədin bir nüxsəsi də məndə qalır. Orda qeyd olunur ki, dialoqlar düzgün qurulmayıb, ssenari zəifdir. Milliyyətcə erməni olan məsul şəxs həmin sənəddə yazıb ki, ssenari heç nəyə yaramır. Necə olur o qədər film çəkən rejissorun ssenarisi işə yaramır? Bu, Əlisəttara qarşı saymazlıq və təzyiq idi.

Ona təzyiqlərin hamısı mənim gözümün qabağındadır. Onu elə vəziyyətə gətirib çıxarmışdılar ki, artıq film çəkmirdi. Onda Əlisəttar xahiş etdi ki, dublyaj işini ona həvalə etsinlər. Xahişini qəbul etmişdirlər, amma necə... Ona ən çətin - hind filmlərinin dublyajını tapşırmışdılar.

Amma Əlisəttar hind filmlərini çox mükəmməl dublyaj edirdi. Sübut etdi ki, bunu da bacarır. İmkan versəydilər, bəlkə də 100 il yaşayardı. Çünki onun həyatı iş idi. Özü mənə deyirdi ki, bu həyatdan məni ancaq işsizlik aparacaq. Təqaüdə çıxsan da gərək evdə oturmayasan, işləyəsən. Amma ona burda işləməyə icazə vermədilər”.

Moskvda “İbrahimin sərgüzəştləri” ssenarisini geri qaytarandan sonra “Tacikstan” kinostudiyasının direktoru bundan xəbər tutur və Əlisəttar Atakişiyevi Tacikistana dəvət edir. O, ssenarini oxuyur, deyir ki, gəl bunu ekranlaşdıraq. Amma bir şərtlə: ssenaridəki Azərbaycan adları dəyişilməli, Azərbaycan nağılı tacik nağılı olmalıdır. Əgər razısansa filmin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru ol. Əlisəttar müəllim pula ən çox ehtiyacı olan bir vaxtda buna razılaçmır.

“Dedi, pula ehtiyacım var”

Aydın Kazımzadə: “Bu, vətənpərlikdən də ötə bir durum idi. “Məlumat və reklam bürosunun” direktoru vəzifəsində çalışdığım zaman bir hadisə oldu. O vaxtlar filmlərin plakatlarını, reklam məlumatlarını bizim büro hazırlayırdı. “Qərib cinlər diyarında” filmi hazır olandan sonra onun plakatlarını hazırlamaq üçün rəssama sifariş vermişdim. Bir gün Əlisəttar Atakişiyev mənə zəng etdi ki, filmin prokatını mən hazırlamaq istəyirəm. Pula ehtiyacım var. Rəssamla danışdım, məsələni həll etdim, sifarişi Əlisəttar müəllimə verdim. Plakatı o hazırladı, hazırda həmin plakat Dövlət Film Fondunun arxivində saxlanılır.

Yəni doğurdan da elə vaxtları olurdu ki, tama pulsuz qalırdı. Buna baxmayaraq o, Azərbaycan nağılının tacik nağılına çevrilməsinə razı olmadı. Bir müddət sonra dublyaj sahəsini də ondan aldılar. Əli hər şeydən üzüləndə Bakıdan çıxıb getdi”.

Qocalar evi

Amma hara getdi? Arzusu ömrünün qalan illərini Moskvada qocalar evində yaşamaq idi... Amma bu arzusuna çatmaq elə də asan olmadı. Əlisəttar Moskvaya müraciət etdi və ona dedilər ki, burda ancaq rus kinematoqrafçıları qala bilər. Onda Əlisəttara Heydər Əliyev böyük köməklik göstərdi və məsələni həll etdi.

Aydın Kazımzadə deyir ki, Heydər Əliyevlə Əlisəttar Atakişiyev “İstintaq davam edir” filminin çəkilişləri zamanı tanış olublar: “Əlisəttar həmişə deyirdi ki, filmdəki Çingiz obrazında Heydər Əliyevi görür. Heydər Əliyevin filmin ərsəyə gəlməsinə böyük köməklik göstərmişdi. Film çəkilib qurtarandan sonra dost oldular.

Əlisəttara qocalar evində geniş, səliqə-sahmanlı bir otaq verirlər. Mən Moskvaya gedəndə, yaxud orda hansısa tədbirimiz keçirilən zaman mütləq Əlisəttar müəllimi dəvət edərdim. O da sevə-sevə gələrdi”.

Uzun yaşadı, amma bu uzun ömrünün bəlkə də çox hissəsi darıxmaqla keçdi. Darıxa-darıxa da vidalaşdı həyatla. 1990-cı ildə 84 yaşında gözlərini əbədi yumdu. Onu elə Moskvada da dəfn etdilər.

Dörd il öncə Əlisəttar Atakişiyevin Moskvada qəbirüstünün götürülməsinə nail olan "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov qarşılaşdıqları çətinliklərdən danışır: "Nazirliyin göstərişi ilə Moskvaya getdim. Onun qəbirini tapmaq çətin oldu. Birtəhər qəbri tapdıq. Qocalar evi qəbrin üstünü götürməyə icazə vermədi, dedilər, bunu yalnız oğlu edə bilər. Biz oğlunu tapdıq. Onun mənə təqdim etdiyi etibarnaməyə əsasən qəbir üstünün götürülməsinə nail olduq".

Əlisəttar Atakişiyevin bacısı nəvəsi Elxan Əliyev deyirdi ki, ailəsinin ən böyük arzusu Əlisəttarın qəbrini Bakıya gətirmək olub: "Amma alınmır, biz hələ də bu arzu ilə yaşayırıq".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər