Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Kinoda ilk rolunu "Mən evə qayıdıram" filmində oynayıb. İndiyə qədər 20-dən çox yerli və xarici filmlərdə müxtəlif səpkili rollar canlandırıb. Bəzi filmlərə ikinci rejissorluq edib.
Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar - İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
Teleqraf.com tanınmış aktyor Kamran Ağabalayevlə müsahibəni təqdim edir.
-Altı ilə yaxındır sənətdəsiniz. Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərdən tutmuş xarici ölkələrdə istehsal olunan film və seriallarda obrazlar canlandırmısınız. Necə düşünürsünüz, şanslı aktyorsunuz?
-Mən şansa inanmıram. İnandığım odur ki, nəyi çox istəsən, mütləq olacaq. Hətta inanıram ki, indi məşğul olduğum idman növünün mənə kinematoqrafiyada nə vaxtsa xeyiri dəyəcək.
Uşaqlıqda taekvando ilə məşğul olmuşdum, bu, “Həddən artıq uyğunluq” filmində karıma gəldi.
Bəziləri şansdan çox gileylənirlər, bunu başa düşə bilmirəm. Hamı evdə oturub film təklifi gözləyir. Sanki kimsə gəlib, qapını döyüb deyəcək ki, gəl filmə çəkil. Belə olmur...
Yaşayırıq, iki gözümüz, iki qulağımız, ayaqlarımız, əllərimiz var. Bunlar özü elə şansdır. Qalanı necə deyərlər, səndən hərəkət, məndən bərəkət...
-Aktyor rejissordan, yaxşı layihədən asılıdır? Çox istedadlısan, illərlə sənətlə məşğul olarsan, amma istedadın üzə çıxmır. Mənə elə gəlir, bu, aktyorun ən böyük şanssızlığıdır...
-Biri var aktyor yalnız aktyorluq sahəsində istedadlı olsun, biri də var aktyorun həm də ünsiyyət qurmaq bacarığı olsun. Ünsiyyəti bacarmaq lazımdır. Dünyanın hər yerində belədir.
Mən birdən-birə Türkiyə filmə çəkilməmişəm. Gedirsən, görüşürsən, məclislərə dəvət edirlər ki, mütləq iştirak etməlisən. Səni hər hansı filmə çəkməmişdən öncə dünyagörüşünlə tanış olurlar. Artıq ondan sonra kimsə film çəkəndə səni xatırlayır və dəvət edir. Bu hələ o demək deyil ki, səni filmə çəkəcəklər. Bu, sənə kastinqlərdə iştirak etmək şansı verir. Əgər özünə əminsənsə niyə də olmasın...
O qədər kastinqlərdə “yox” cavabı almışam ki... Bunun içində “Kara sevda”, “Paramparça”, “Kösem Sultan”, “Game of Thorens” filmləri də var. “Game of Thorens” də dialekti bilmədiyimə görə seçilmədim.
“Paramparça” serialında mənfi bir obrazın kastinqlərində sona qədər irəlilədim. Sona türk aktyorla mən qaldım və onu seçdilər. Deyim ki, türk olduğuna görə seçdilər, doğru olmayacaq, sadəcə seçilmədim.
“Eşkiya dünyaya hakim olamaz” serialında Viktor obrazı var idi. Həmin obraz 20-21-ci seriyaya qədər oynamalı idi. Kastinqdə sivaslı bir aktyorla sona qaldım. Onu seçdilər, o da çox zəif oynadığına görə yeddinci seriyada obrazı öldürüb, serialdan çıxardılar. Sonra rejissor etiraf etdi ki, gərək səni seçərdim.
“Yox” cavabı almağı işimin bir hissəsi kimi qəbul edirəm. Bu, məğlub olmaq deyil, əksinə, daha da bərkiyirik. Ən azından kastinqlərdə nəyi edib, nəyi etmək lazım olmadığını öyrənirik.
-Bir sözlə, oturub gözləmək yox, şansı özümüz yaratmalıyıq.
-Bəli. Entoni Hopkins çox istedadlı aktyordur, amma 40 yaşından sonra çəkilməyə başlayıb. Morqon Friman etiraf edirdi ki, oturub gözləməklə bir nəticə əldə edə bilməyəcəm, özümü təqdim etməyə başladım.
Ona görə düşünürəm ki, insanlar ən azından özünü təqdim etməyi bacarmalıdırlar. Bu da aktyor istedadının bir ünsürüdür.
-Maraqlıdır, nə vaxtdan kastinqlərdə “yox” cavabını normal qarşılamağa başladınız?
-İlk zamanlarda dilxor olurdum. Amma sonra normal və hətta işimizin bir hissəsi kimi qəbul etməyə başladım. Kastinqlərdə niyə seçilmədiyini səni seçməyənlərdən də soruşa bilərsən, amma ən əsası onun cavabını həmişə özün bilməlisən.
-Xaricdə çəkildiyiniz ilk film hansı olub?
-“Döngələr” çoxseriyalı bədii televiziya filminin çəkilişləri Belorusiyada aparıldı. Bu, “Mən evə qayıdıram”dan sonra ikinci filmim idi. Ardınca “Belorusfilm”in istehsalı olan “Babu” filmində çəkildim. Ona da necə oldu? Belorusiyada olanda uşaqlara dedim ki, gəlin birlikdə gedib “Belorusfilm”ə şəkillərimizi verib, kast-menecerlərlə tanış olaq. Onlar razılaşmadılar, mən təkcə getdim. Heç üstündən 6 ay keçməmiş zəng etdilər ki, sizinlə tanış olmaq istəyirik. Beləcə, “Babu” filmində baş rola təsdiqləndim.
-Azərbaycanda kast-menecerin, agentin varmı?
-Azərbaycanda yoxdur. Bizdə bu sistem hələ qaydasına düşməyib. Üstəlik, burda hamı bir-birini tanıyır, zəng vurub, təklifini edir. Avropada agentim Nensi Bişop, Rusiyadakı bütün aktyor hüquqlarım Qordana Milevçiçə aiddir. Türkiyədəki agentlərim ümidlərimi doğrultmadılar.
-Oynayıb, sonra peşman olduğunuz rol, film varmı?
-Əməllərimə görə heç vaxt peşman olmuram. Peşmançılığım rolumu bir az da fərqli oynaya biləcəyimi düşünəndə olur. Bu, hər bir filmdən sonra yaranır.
Amma səmimi etiraf edim ki, çəkildiyim və sonra peşman olduğum bir film var. "Yox" deyə bilməmişdim. Çox maraqlıdır ki, o filmdən sonra məni Azərbaycanda daha çox tanıdılar. Bu, “Yarımdünya” filmi idi. Türkiyədə isə məni “Tərkedilmiş”dəki Kötü adam kimi tanıyırlar.
-Hansı obrazı canlandırmaq istəyirsiniz?
-Çingiz xanı oynamaq arzum hələ də qalır. Psixopat, dərin iç dünyası olan killer rolunu məmnuniyyətlə oynayardım.
-Bəs romantik qəhrəman obrazını necə?
-Mənə görə deyil. Mən rejissor olsaydım, özümü heç vaxt romantik qəhrəman obrazına çəkməzdim. İnsan kənardan özünü baxmağı bacarmalıdır.
-Amma həyatda romantiksiniz. Ya da elə görünürsünüz. Bunu sosial şəbəkələrdəki paylaşımlarınıza əsasən deyirəm.
-Ola bilər... Amma sənətdə düşünürəm ki, belə simam, üz cizgilərimlə məndən romantik qəhrəman çətin olsun. Brad Pitt, Kianu Rivz - bax bunlar romantik qəhrəman ola bilərlər, çünki simaları şirin insanlardır. Məndə üz cizgiləri kobuddur. Bunu qəbul edirəm, belə olduğuma görə Allahıma minnətdaram. Çünki nə etsən də birinci istedada yox, üzə baxırlar.
-Formanızı necə qoruyursunuz?
-Həftədə 18 kilometr qaçmaq mütləq şərtdir. Bu da işimizin bir parçasıdır. Oturub evdə gözləmək lazım deyil, arada zala gedib məşq etsinlər. Bizdə institutu bitirən deyir, mən aktyoram. Mənsə hələ özümə aktyor deyə bilmirəm. Mən aktyor olmağa çalışıram.
-Kino aktyorlarının qazanc yeri film, seriallardır. Bunlar olmayanda formanı saxlamaq üçün həm vəsait tapa bilmir, həm də stimul olmur.
-Axı mən də milyon qazanmıram. Seriallarda çəkilmirəm. Çünki Azərbaycanda çəkilən serialları bəyənmirəm. Sonuncu oynadığım “Qanun naminə” idi, o da bədii serial idi.
Bəzi vaxtlar pul qazanmaq üçün kamera arxasında da işləyirəm. Bilirəm ki, mənim biznesim özüməm. Kənardan qazandığım pulu da özümə xərcləyirəm: ingilis dilini artırıram, məşqlərimi edirəm, formada qalmağa çalışıram. Düşünürəm ki, başqalarının biznesi kimi mənim biznesim də pul gətirməlidir. Və inanıram ki, pul gətirəcək.
-Hələ gətirmir?..
-Niyə ki? “Azərbaycanfilm”də “Həddindən artıq uyğunluq”, “Üçüncü günün adamı” filmlərinə çəkilmişəm, normal qonorar almışam. Xarici ölkələrdə də çəkilişlərim olur. Bütün hallarda qonorarı alanda mən də düşünürəm ki, növbəti film bəlkə 6, yaxud 1 ildən sonra ola bilər.
-Bəzən çəkildiyiniz filmlər barədə tənqidi yazı görəndə çox amansız olursunuz.
-“Həddən artıq uyğunluq” filmini nümunə gətirim. Niyə amansız olduğumu deyəcəm. Bir yazı çıxmışdı, orda hətta məni tərifləmişdilər. Bu, ciddi işdir, amma filmin özünün hadisəsi ciddi hadisə deyil. Yeni il qabağı çəkilən romantik-komediya janrında filmdir. Burda Stalislavski, Bazeni axtarmaq nə dərəcədə düzgündür? Bütün Hollivud bu ssenarilərin üzərində qurulub. Gözləntilər nələrdir, əvvəlcə onu düşünmək lazımdır. Tural Əsədov dönüb Marlon Brando olacaqdı, ya Aydan Axundova Cülyetta Mazina olacaqdı?..
Baltalamaq lazım deyil. Bizdə hər şeyi zəif hesab edirlər. Bəs zəif hesab edən ortalığa bir güclü iş çıxara bilibmi?
-Kommersiya kinosunun durumu barədə nə deyərsiniz?
-Kommersiya filmlərində indi əsasən komediya üstünlük təşkil edir. Ona görə də fikir bildirmək istəmirəm. Heç bəyənmədiyim janrdır. “Qız qaçıran”da çəkilsəm də mənim orda komik səhnələrim yoxdu. Komediya çəkmək lazımdır. Türkiyədəki proseslə biz də irəliləyirik. Mən ciddi filmlərə keçdiyimiz anı gözləyirəm.
-Hansı janrlı filmə baxanda dincəlirsiniz?
-İnsanın daxili aləmi haqqında olan psixoloji filmlərə baxanda dincəlirəm.
-Adətən aktyorları danışdıranda Avropa, Hollivud rejissorlarının filmlərində oynamaq istədiklərini deyirlər. Siz hansı rejissorun filmlərində özünüzü görmək istəyərsiniz?
-Əsgər Fərhadi, Tarantino, Ron Hovardın filmlərində oynamağı çox istəyirəm. “Üçüncü günün adamı” filmində Babək Şirinsifət məndə olan, amma bilmədiyim keyfiyyətlərimi açdı. İnsanların o rolumu necə qəbul edəcəyini bilmirəm. Çünki filmdə erməni obrazını canlandırıram.
-Bizim kinoda Məlik Dadaşovun yaratdığı bir erməni obrazı var.
-Mənim obrazım Məlik Dadaşovun qəhrəmanından tamam fərqlidir.
-Bir az da yeni işlərinizdən danışaq. Nə yeniliklər var?
-Türk aktyor Cemal Hünalla oynadığım “Atçalı kel Mehmed” filmində mənfi Kara Efe obrazını canlandırmışam. Yay aylarında film təqdim olunacaq.
-Hələ Türkiyədə ev almamısınız?
-İstanbulu sevmirəm. Ümumiyyətlə, çox əhali olan yerləri xoşlamıram. İstanbulda günün beş-altı saatı yollarda keçir.
Türkiyədə sevdiyim şəhər İzmirdir. Çünki Bakıya çox bənzəyir. İstanbuldan, Rusiyada məskunlaşmaqla bağlı təkliflər almışam. Amma Bakısız qala bilmirəm.
-Həyat yoldaşınızla, ailənizlə bağlı çox fotolar paylaşırsınız. Sizə çox dəstək olduğunu hiss etmək olur.
-O olmasa elə bilin ki, kino karyeram da yoxdur.
-Yeri gəlmişkən, aktyorluğa qədər nə işlə məşğul olmusunuz?
-Tarantino kimi kinoprokatla məşğul olmuşam. Keçmiş "Vətən" kinoteatrı ilə üzbəüz 500 kradrat metr yer götürmüşdüm, cəmi 12 diskim var idi. Onu icarəyə verib, iş qurmaq istəyirdim, hamı mənə gülürdü. İnanın 12 disklə başlayıb, bir ilə 2000 diskə sahib oldum.
Həm gəlir gətirirdi, həm də bütün kinolara baxmağa məcbur idim. Çünki mağazaya gəlib, diski icarəyə götürmək istəyən insanlarla danışmaq lazım idi. Mən filmləri və aktyor oyununun 40 faizini elə orda öyrənmişəm.
Nərmin Muradova
Fotolar Elçin Murad