Bunun üçün əvvəlcə rəqs müəllimi axtarıb, tapmaq lazımdı. Ən yaxşısı sosial şəbəkədir, istənilən sahənin peşəkarından tutmuş, həvəskarına qədər orda rastına çıxacaq.
Şahin Qurbanovla ilk ünsiyyət qurduq, razılaşdıq. Vaxt təyin edib, yollandıq həmin ünvana. Demə, “Əhmədli” metrosunun ətrafındakı binaların arasında gözdən uzaq, könüldən iraq bir zala getməliymişik.
Sahin müəllim özü də tələbədir... Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 4-cü kursda təhsil alır. Bu məqamda təəccüblənmədik desək yalan olar. Biz salona girəndə bir cütlük artıq növbəti dərslərini yekunlaşdıraraq, sağollaşırdı. Düşündük ki, yəqin yaxında toyları olacaq, ona görə rəqsə yazılıblar. Bəlkə də gözəl performans göstərmək istəyirlər. Müəllim az sonra fikirlərimizi təsdiqlədi.
Şahin müəllim deyir ki, 6 ildən çoxdur peşəkar rəqslə məşğul olur: “Müəllimim “Azəri Qafqaz” rəqs ansamblının solisti Vüsal Həsənlidir. 14-15 yaşımdan rəqsdəyəm. Şəxsi müəllimlik fəaliyyətimə isə son illər başlamışam. Özümü peşəkar müəllim və rəqqas adlandırmağım doğru olmaz.
Fəaliyyətimin ilk çağlarında 20-yə yaxın tələbəm olub. Hazırda 25-dən çoxdur, əksəri yeniyetmələrdir. Ən gənc tələbəmin 6, ən yaşlısının isə 33 yaşı var. Müraciət edənlər ən çox toyda və ya hər hansı məclisdə düzgün və gözəl oynamaq istəyənlərdir.
Belə rəqsə başlamaq üçün yaşın fərqi yoxdur. Amma peşəkar rəqqas və rəqqasə olmaq istəyənlər gərək uşaq yaşlarından başlasınlar. İdeal hədd 5-6 yaşdır. Çünki bu yaşda uşaqlarda qavrama, dərketmə və yadda saxlama formalaşmış olur.
Bəzi valideynlər 2- 3 yaşlı uşaqlarını televizorda hansısa musiqiyə əl-qol açıb, oynamağa çalışdığını görür, o dəqiqə onu rəqsə yönləndirməyə çalışırlar. Bu, düzgün deyil. Çünki 2- 3 yaşlı uşağın hələ verilən tapşırıqları yerinə yetirmək, yadda saxlayıb, təkrarlamaq bacarığı olmur. Buna görə gözləmək lazımdır ki, yaş mərhələsi ilə rəqs imkanları üst-üstə düşsün.
Həmin yaşda uşaqları öyrətmək olduqca çətindir. Təşəvvür edin ki, çətinliklə bir hərəkəti bir neçə saata öyrədirsən və uşaq evə gedir. Sabah gələndə heç nə olmamış kimi davranır.
5-6 yaşlı uşaqlarda nisbətən bu problemlər aradan qalxır. Amma 15 yaşdan yuxarı yeniyetmələr daha rahat mənimsəyirlər. Onlara qısa zamanda öyrətdiyim hərəkəti 3 gün sonra azca təkrarlamaqla tam yerinə yetirirlər. Çünki yaddaşında epizodlar var və cüzi təkrarla bütövləşdirir”.
Müəllim valideynlərin şikayətlərini dinlədiyini də gizlətmədi: “Valideynlər bəzən şikayət edirlər ki, uşaqları rəqsdə öyrəndikləri hərəkətləri evdə tam təkrarlaya bilmirlər. Sadəcə uşaq evdə ən yaxşı bildiyi hərəkəti göstərməklə kifayətlənir. Bunun üçün də valideyn şübhəli qalır. Ona görə ayda 1 dəfə açıq dərs edirəm. Valideyn gəlib oturur dərsdə, görür ki, müəllimdə problem yoxdur”.
Müəllim bildirir ki, bir rəqsi öyrətmək üçün sərf olunan zaman və enerji fərqli olur: “Məsələn, “Uzundərə” rəqsini götürək. Böyüklərin bu rəqsi tam mənimsəməsi və oynaması üçün 1 ay- ayyarım lazımdısa, uşaqlara 2 ay, 2 ay yarım kifayətdi. Amma bəzən tələbə gəlir ki, 4 gündən sonra toydu, mənə filan rəqsi öyrət. Təbii, 3 günə bir rəqsi öyrətmək bir az çətin olur. Ən vacib, çətin elementləri öyrətmək çox vaxt aparır. Ona görə bir gündə 2, 3 saat məşgul olmuşuq, amma çatdırmışıq”.
Şahin müəllim daha çox milli rəqsə, xüsusilə ritmli havalara tələbat olduğunu bildirir: “Gələn adama baxanda bilirəm ki, hansı rəqsi istəyəcək. Yeniyetmə oğlanlar mütləq ritm öyrənmək istəyirlər. Rəqsi öyrənəndən sonra hiss edirəm ki, özgüvəni təmin olunur. Razı qaldıqları hiss edilir. Çünki artıq toyda və ya hansısa tədbirdə kənarda əl çalmaqla qalmayacaq, səliqəli şəkildə oynayacaq”.
Rəqslərin qiyməti isə yaş həddinə görə təyin edilir: “6 yaşdan 15 yaşa kimi 20 manat, 15 yaşdan 20 yaşa kimi 25 manat, 25 yaşdan yuxarı 30 manat civarında dəyişir. Bunlardan əlavə fərdi və qrup şəkilində qiymətlər də fərqlidir. Fərdi şəkildə uşaqlar üçün 30 manat, böyüklər üçün 40-50 manatdır”.
Rəqsin gözəl oynanılmasının tələbləri sadədir: “Adamın mütləq musiqi duyumu olmalıdır. Qavrama qabiliyyəti də vacibdir. Kənardan asan görünür, amma çətindi. Baləkəndən bir tələbəm vardı, milli rəqs üçün gəlmişdi. Dedi, özüm yaxşı “Ləzginka” oynaya bilirəm deyə asan olacaq, 2-3 dərsə bitəcək. Rəqsin elə ilk elementlərindən gördü ki, düşündüyü kimi deyil. Götürmə qabililiyyəti duyumla tarazlıq təşkil etmir. Deyirdi, mən də elə bilirəm musiqi duyumum varsa, hamısı sadədi”.
Son zamanlar bəy-gəlin rəqsləri tendensiyaya çevrilib: “Hazırda 6 cütlüklə işləyirəm. Cütlüklərlə işləmək həm asandı, həm də adama zövq verir. Cütlüklər daha çox vals və milli rəqsi öyrənirlər. Həmçinin çoxu işdən çıxıb gəldiyi üçün axşam saatlarında olur dərslər. Cütlüklər milli rəqs kimi “Üzündərə”ni, vals kimi isə Lara Fabianın “Jötem” və Umberto Tozinin “Ti amo” mahnılarında rəqs etməyə üstünlük verirlər”.
Hər işdə kimdənsə örnək götürürsən. Şahin müəllim də öz müəllimindən örnək götürdüyünü deyir: “Mən hələ çox şey öyrənməliyəm və öyrənirəm. Rəqs vurma cədvəli deyil ki, əzbərlədin, bitdi. Həmişə yeni elementlər, yeni hərəkətlər əlavə edirsən. Rəqsini daha da zənginləşirsən”.