24 İyul 2017 16:51
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı aktyor və radio aparıcısı Sənan Ellezdir.

Yaxında öləcəyinizi bilsəydiniz:

-…son dəfə nə düşünərdiniz?

- Joker maskası ilə banka girib oğurluq etməyi.

- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Yemək yeməzdim, amma çoxlu siqaret çəkərdim, bir də spirt komasına girmək mənə maraqlıdır. Ona görə 12 adda spirtli içkinin kokteylini içərdim: araq, viski, pivə, şərab, Riqa balzamı, çaça, konyak, şampan şərabı, tekila, rom, sake və rakı qarışığı…

…son dəfə necə bir rolda görünmək istərdiniz?

- Şah İsmayıl Xətaini ölüm döşəyində canlandırmaq istərdim. Təbii ki, o səhnəyə qədər bütün şahlıq dövrünü də oynamaq!..

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Hamıya deyərdim ki, əşyalarıma əl dəyməyin. Onsuz da məndən sonra pərən-pərən edəcəklər…

- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?

- Çox mənasız, darıxdırıcı və cansıxıcı keçirərdim. Hətta o qədər monoton keçirərdim ki, öz-özümə Salam Sarvanın şeirini deyərdim:

Ya sök, ya tik, nə fərqi var,

Bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

Darıxma, düzəlməyəcək!

- …o biri dünyada kimi görmək istəyərdiniz?

- Kimi yox, kimləri... Yılmaz Güney, Tuncel Kurtiz, Vaqif İbrahimoğlu, Tarık Akan, Həsənağa Turabov…

- …kimi özünüzlə aparmaq istəyərdiz?

- Uşaqları incidən hamını! Uşaqların xoşbəxt olmağını istəyirəm.

- …son yalanı kimə danışardız?

- Yalandansa, son zarafatımı edərdim. Deyərdim ki, Türmənistanda ərə getməyə “durmuşa getmək” deyirlər. (Gülür)

Ciddi sözümdü, belə deyirlər.

- …son etirafınız nə olardı?

- Sevdiyim qadına dəfələrlə onu sevdiyimi deyərdim. Susardım, sonra yenə deyərdim, yenə deyərdim…

- …Allahı görsəydiz nə istəyərdiz?

- Allahı görsəydim yenidən dünyaya qayıtmaq istədiyimi deyərdim.

- Son 3 kəlməniz nə olardı?

Bu dünyanın i… Son sözü deməyə əcəl imkan vermədi… (gülür)


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər