Teleqraf.com-un məlumatına görə, Gülşən İbadova və Akın Mahmud iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Müraciətdə cavabdehlər tərəfindən yayılmış məlumatların həm saytlarda, həm də sosial şəbəkələrdə təkzib edilməsi, barələrində söylənilən təhqiredici ifadələrə görə ölkə ictimaiyyəti qarşısında onlardan üzr istənilməsi tələb edilib.
Həmçinin Gülşən İbadova və Akın Mahmud dəymiş zərərin əvəzi kimi həmin şəxslərin hər birindən 30 min, ümumilikdə 270 min manat məbləğində pul iddiası irəli sürüblər.
Gülşən İbadova iddia ərizəsində hazırda heç bir yerdə işləmədiyini bildirib:
"Təssüflər olsun ki, bəzi səbəblərdən ötən il Opera və Balet Teatrında da mənim üçün bəzi problemlər yaratdılar, ora məni yaxın buraxmadılar. Mənə rol vermədilər. Bir neçə obrazı canlandıracaqdım, amma bilmədiyim səbəblərdən oradan uzaqlaşdırıldım.
Kobud şəkildə desək, monopoliyadır, tamaşalarda eyni tərkib, eyni ifaçılar olmalıdır. Kənar kadrların ora daxil olması müşkül məsələdir".
Gülşən İbadova haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıldığını qeyd edib:
"Teatrın direktoru Akif Məlikov bu il fevral ayının 1-də KİV-də verdiyi müsahibəsində mənim barəmdə həqiqətə uyğun olmayan məlumatlar yayıb. O, mətbuatda "Gülşən çox qalmaqallı xanımdır. "O səs Türkiyə"də iştirak edib, sonra onları da məhkəməyə verib", - deyib. Mən sadəcə "Acunmedia"nın müsabiqə çərçivəsində buraxmış olduğu kobud pozuntuları insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa İnsan Hüquqları konvensiyasında təsbit edilənlər əsasında özümə aid hüquq pozuntusu kimi qiymətləndirmişəm.
Bu səbəbdən də Akif Məlikov tərəfindən əsassız olaraq, barəmdə bu cür məlumatların (ifadələrin) yayılması birbaşa ölkə ictimayyəti qarşısında mənimlə bağlı mənfi rəy yaratmağa yönəlmiş olub".
Gənc müğənni iddisasında deyib ki, Akif Məlikov tərəfindən barəsində yayılmış məlumatlar nəticəsində hazırda fəaliyyəti ilə əlaqədar olaraq, mühüm problemlərlə üzləşib.
Xatırladaq ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının keçmiş əməkdaşı olmuş Gülşən İbadova "O səs Türkiyə" yarışmasının iştirakçısı olub. O, yarışmada Türkiyə vətəndaşı Akın Mahmudla duet oxuyub. Akın Mahmud isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsində təhsil alıb.