1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan teatrının ilk aktyorlarından olub.
“Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, “Mosfilm”, Almaniyanın “Defa” studiyalarının filmlərinə çəkilib.
Ağstafada ev tikib, orda məskunlaşmağa qərar verən aktyor Xalq Teatrında yeni tamaşaya quruluş vermək ərəfəsindədir.
“Danışan fotolar”da bu dəfə Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımovla həmsöhbət olduq.
İdman və incəsənət
- Bədən Tərbiyəsi İnstitutunda dərsdəyəm. İki il orda oxumuşam. Üçüncü kursa keçəndə Teatr İnstitutuna köçürüldüm.
- Sirr deyilsə, köçürülmə əməliyyatına kim vasitəçi oldu?
- O vaxt Bədən Tərbiyəsi İnstitutunun rektoru Mirzə Babayevin böyük qardaşı Ənvər Babayev idi. Ənvər Babayevlə mənim dayım dost idilər. Onların tanışlığı nəticəsində mən Teatr İnstitutuna köçürüldüm.
- İdmanın hansı növü ilə məşğul olurdunuz?
- Güləş. Mənim idmana heç vaxt marağım olmayıb. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna daxil oldum, elə həmin ildə də Lütfi Məmmədbəyovun dram dərnəyinə yazıldım. Aktyorluğa uşaqlıqdan həvəsim var idi, atam kolxoz sədri olduğundan Bakıdan gələn incəsənət adamları həmişə bizim evdə qonaq olardılar, səhərə qədər çalıb-oynayardılar. Onları görüb həvəslənirdim, fikirləşirdim ki, nə gözəl şən həyatları var.
Bir dəfə güləşlə əlaqədar olaraq yarışa getdiyimdən dərnəkdəki məşqə gələ bilməmişdim. Növbəti dərsə gələndə Lüfti müəllim əsəbi formada “Bir də bura gəlmə. Səndən artist olmayacaq” deyib, məni dərnəkdən qovdu. Sonra Həsən və Şahmar vasitəsilə məni bağışlayıb, dərnəyə getməyimə icazə verdi. Taleyin qəribəliyinə baxın, illər sonra Lütfi müəllim xalq artisti adını mənimlə birgə aldı. Əzmkarlığımı həmişə çox yüksək qiymətləndirirdi və mənimlə fəxr edirdi.
Üç müşketyor
- Soldakı Həsən Əbluc, sağdakı Namiq Rəhimov, ortadakı mənəm. Bir kurs tələbələriydik. Namiq sonralar Mədəni Maarif Texnikumunda baş müəllim işlədi. Həsən Əbluc böyük sənətkar oldu, amma təəssüf ki, aramızdan çox tez getdi.
Şahmar Ələkbərov da bizim kursda oxuyurdu.
- Bəs xanımlardan kimlər var idi?
- Səfura İbrahimova, Nurəngiz Gün. Safuranı sevirdim, onunla ailə də qurmaq istəyirdim. Dördüncü kursda oxuyanda ona eşq elan etdim.
Razılıq verdi, amma dedim, Səfura, bir şərtim var, ailə qurandan sonra aktrisalıq fəaliyyətinə son qoyacaqsan. Mən aktyor olacam, sən isə evdar qadın. Dedi, bəs bu institutu niyə oxuyuram, elə şey yoxdu, mən aktrisa olacam.
- Niyə aktrisa olmağını istəmədiniz?
- Həyat yoldaşımın aktrisa olmağını heç vaxt istəməmişəm, indi də istəmirəm. Deməli, bir şey bilirəm ki, bunu deyirəm. Səfura aktrisalıq karyerasını seçəndən sonra ailə qurmaq məsələsinə də son qoyduq. Amma dostluğumuz bu günə kimi davam edir. Neçə illər idi ki, Səfura ekrana çıxmırdı. Amma mənim xahişimlə efirə çıxdı. Heyif ondan, çox gözəl aktrisa idi. Sadəcə, taleyi düz gətirmədi.
- Kiminlə daha yaxın dost olmusunuz?
- Şahmar Ələkbərov, Həsən Əbluc və mən üç dost idik, hətta tələbə vaxtı bizə üç müşketyor deyirdilər. Çox qəribədir ki, üçümüzün də şəkli institutun şərəf lövhəsində asılırdı. Mən Bədən Tərbiyəsi İnstitutundan, Həsən Əbluc Politexnik İnstitutundan, Şahmar isə onuncu sinifi bitirib Teatr İnstitutuna gəlmişdi. Əslində, bizim dostluğumuzun tarixçəsi Lütfi Məmmədbəyovun dram dərnəyindən başlayır. Biz orda tanış olub, dost olmuşduq. Sonra da sözü bir yerə qoyub sənədlərimizi Teatr İnstitutuna verəcəyimi qərarlaşdırmışdıq.
- Həsən Əblucla Şahmar Ələkbərovun dublyaj sahəsində də böyük xidmətləri olub. Nə əcəb siz onlara qoşulmamısınız?
- Mənim də dublyajda xidmətlərim olub. İrəvandan qayıdandan sonra Ədil İsgəndərovun yanına getdim. Dedim, Ədil müəllim, sizin yanınızda işləmək istəyirəm. Dedi, axı bizdə aktyor ştatı yoxdur. Mən də cavabında “nə iş versəniz, işləyərəm”, dedim. Məni kinostudiyanın dublyaj şöbəsinə rejissor assistenti götürdülər.
- Bunu bilmirdim.
- Mən rejissor assistenti işlədiyimə görə filmləri dublyaj edə bilməzdim. Amma rejissorun da razılığı ilə Həsənlə Şahmarı filmlərin dublyajına dəvət edirdim.
Bir maraqlı hadisə danışım: “Avropalı gəlin” adlı iran filminin dublyaj prosesi gedirdi. Orda Tormoz Hüseyn obrazı var idi. O vaxt şöbənin rejissoru Əlisəttar Atakişiyev mənə dedi ki, o obraz üçün Musiqili Teatrdakı Əzizağa Qasımovu çağır. Şahmar da hər dəfə mənə deyirdi ki, Tariyel, o rolu mən çox gözəl səsləndirərəm. Əlisəttar müəllimə Əzizağanın rayonda qastrolda olduğunu deyəndə, dedi, yerinə adam tap. Mən də Şahmarı gətirdim. Əlisəttar Şahmarı bəyənmədi, öz fikrinin üzərində qaldı. Mən isə Şahmardan yana idim. Şahmar dostum, qardaşım idi. Dörd il onların evində qalmışam.
Atam məndən küsüb pul göndərməyəndə Şahmar ən dar günümdə əlimdən tutub məni evlərinə apardı, dedi, sən də mənim qardaşım, bu gündən burda qalırsan. Mənim elçiliyimi mamaşa - Şahmarın anasına elə deyirdim - edib. 1964-cü ildə ailə qurdum, gəlini də onlara gətirdim. Şahmar əsgər getdi, anası tək qaldığına görə, məni buraxmadı, dedi, qal burda, gəlin də gətirmisən, qoy bizə qulluq eləsin. 1965-ci ildə Şahmar əsgərlikdən qayıtdı, biz də o evdən çıxıb, kirayə ev tutduq. Artıq Şahmar da evlənməli idi.
Bu yaxşılıqları heç vaxt unuda bilmərəm. Ona görə güc-bəla ilə Əlisəttar müəllimi razı salıb, Şahmarı bir də gətirdim. Əlisəttar çox sərt adam idi.
Şahmar gəldi, o obrazı elə gözəl səsləndirdi ki, Əlisəttar heyrətindən quruyub qalmışdı. Sonra mənə çox təşəkkür etdi.
Bu mənim Şahmara qardaşlıq xidmətim idi.
- Atanız niyə və nə zaman sizdən küsdü?
- Teatr İnstitutunda oxumağa başladığımı biləndə... Bu şəklə baxın, Teatr İnstitutunun birinci kurs tələbələriyik. Tənəffüs zamanı çəkilib.
Burda kimlər yoxdu - Teatr İnstitutunun sonralar dekanı olan Bayram Hacıyev, sonralar Nəbi Xəzrinin müavini olan Forman, Rafiq Hüseynov, mənim arxamda Şahmar Ələkbərov.
Bu şəkil “Ədəbiyyat və İncəsənət” qəzetində çap olundu. Qəzetdə şəklimi görən kənd camaat bunu atama göstəriblər. Atam bərk hisrlənib, anamı Bakıya göndərir. Deyirdi ki, əgər Tariyel artist olacaqsa, mənim o adda oğlum yoxdur. Anam atamın sözünü mənə çatdırdı, mən də cavabımda “mən burda oxuyacam” dedim. Beləcə, 1960-cı ildə atam məndən küsüb, on il məni danışdırmadı. “Liftçi qız” ekranlara çıxanda ürəyi yumşalıb, anama deyib ki, məni çağırsın. Amma mən naz edib yanına getmədim.
Teatr Qazaxa qastrola getmişdi, mən də səhnədə Cəlalı oynayırdım. Filmdən fərqli olaraq tamaşada Cəlalı Gəray bəy öldürür. Bu səhnə atama çox təsir etmişdi, tamaşa bitəndən sonra səhnəarxasına gəlib məni öpdü.
- Neçə yaşında ailə qurmuşdunuz?
- 25 yaşında sevərək ailə qurdum. Amma yoldaşımın səhvi ucbatından 37 ildən sonra ayrıldıq. Bu barədə danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, bir səhvini bağışlamadım.
- Belə kəskin xarakteriniz var?
- Tip adamam. Üzdə çox mülayim olsam da, üzüm dönəndə çox sərt oluram.
- Sonra ikinci dəfə ailə qurdunuz.
- Bəli, çox xoşbəxtəm. Həyat yoldaşım mənə uşaq kimi baxır, hər nazımı çəkir. Çox razıyam.
Ya qapıçı, ya aktyor
- Futbol oynayanda həmişə qapıçı olurdum. “Neftçi” komandasının baş məşqçisi Alek Məmmədov bir gün Teatr İnstitut ilə Bədən Tərbiyəsi İnstitutunun kollektivi arasında futbol oyununa baxmağa gəldi. Mən üçüncü kursda oxuyurdum. Alek Məmmədov mənim oyunumu görüb “Neftçi”yə qapıçı dəvət etdi. İdman Komitəsindən Teatr İnstitutunun direktoru Rahib Hüseynova məktub gələndə məni otağına çağırdı, soruşdu getmək istəyirsən? Dedim hə. Əsəbləşdi, “rədd ol burdan” deyib, məni otaqdan qovdu. Əsəbi sakitləşəndən sonra yenidən otağına çağırdı. Dedi, yaxşı, sən gedib qapıçı oldun, bəs 5-10 ildən sonra neyləyəcəksən? Amma burda qalıb böyük aktyor ola bilərsən. Mən ona görə sənin “Neftçi”yə getməyinə icazə vermirəm, get dərsini oxu.
- Necə əziyyətlə Teatr İnstitutuna gəlmişdiniz. Bəs niyə elə qərar verdiniz?
- Onda cavan oğlan idim, heç kim məni tanımırdı, amma “Neftçi” “Neftçi” idi də.
- Bəs indi “Neftçi”yə azarkeşlik edirsiniz?
- Yox, eləmirəm. Çox zəif komandadır. İndi “Qarabağ”ın azarkeşiyəm.
“Liftçi qız”
- “Liftçi qız” mənim kinoda ilk işim idi. O vaxt mənim 26 yaşım vardı, teatrda işləyirdim. Filmdəki Nəriman obrazına məndən başqa Ramiz Məlik, Ələsgər İbrahimov da dəvət olunmuşdu. Amma rejissor Rüfət Şabanov son nəticədə mənim üzərimdə dayandı. O məni növbəti filmi “Dağlarda döyüş” filminə Fərrux roluna çəkmək istəyirdi, ona görə Nəriman rolu ilə kameraya öyrəşməyimi, uyğunlaşmağımı istəyirdi.
Həsən Əbluc deyirdi ki, əgər o rolu sən oynasan, Nərimanı mən səsləndirəcəm. Mən də razılaşdım. Filmin çəkilişləri bitdi, səsləndirmə prosesinə gələndə rejissora dedim ki, istəyirəm, Nərimanı Həsən Əbluc səsləndirsin.
Xuraman Qasımova o vaxt yeddinci sinifdə oxuyurdu, yanında da həmişə skripka olurdu. Xalq artisti Məmmədrza Şeyxzamanov da bu filmdə çəkilirdi. Xuraman hamımızdan yaxşı oynayırdı.
- Bəs niyə “Dağlarda döyüş” filminə çəkilmədiniz?
- “Liftçi qız”dan sonra “Sevil”də Balaş rolunu oynamaq üçün İrəvan Teatrına çağırıldım. “Dağlarda döyüş” filmi Rüfət Şabanovdan alınıb, Kamil Rüstəmbəyova verildi. Film üçün məni Bakıya çağırdılar. Gəldim, rejissor assistenti Əşrəf Mamayev dedi, Tariyel, öz aramızda qalsın, bu rol üçün çox aktyor sınaqdan keçib. Amma rejissor Şahmar Ələkbərovla sənin namizədliyin üzərində dayanıb. Sənin çəkilmək ehtimalın daha çoxdur. Dedim, əgər ikimizin arasında seçim ediləcəksə, elə bilin, mən heç bura gəlməmişəm. Onda Şahmar hələ filmə çəkilməmişdi, dostluğumuz naminə mən o rolda imtina etdim. Şahmar çəkildi və film böyük uğur qazandı.
Teatr
- Gənc Tamaşaçılar Teatrının kollektivi ilə Moskvaya qastrola gedirdik. Firdovsi Naibov, Ağaxan Salmanlı, Yasin Qarayev də burdadır. Məndən öncə teatrda əsas qəhrəmanları Firdovsi oynayırdı, mən gələndən sonra vəziyyət dəyişdi: baş qəhrəmanları mənə həvalə etdilər.
- Qısqanmadılar sizi?
- O qədər. Qısqanclıq, paxıllıq. Mən həm yaraşıqlı idim, həm də boyum yaxşı idi.
Mən həmişə arıq, formada olmuşam. Düzdür, bunun üçün xüsusi səy göstərmirdim. Sadəcə, kökələ bilmirdim.
- O sarıdan bəxtəvər adamlardansınız.
- Həyat yoldaşım məni kökəltməyə çalışsa da, nail ola bilmir.
“Elə bilirdilər, Xuraman mənim yoldaşımdır”
- Bu şəkil Xuraman Hacıyeva ilə tərəf müqabili olduğum “Gənclik məcarası” tamaşasındandır. Çox uzun illər teatrda sevgili rollarını Xuramanla mən oynayırdım. Tamaşaçılar elə bilirdilər ki, Xuraman mənim həyat yoldaşımdır. Mənə göndərilən məktublarda yazırdılar ki, həyat yoldaşınız Xuraman xanıma salam deyərsiniz.
- Xuraman xanıma sevginiz olub?
- Açığını deyim, yox. Mən onu aktrisa kimi çox sevirdim, amma qadın-kişi münasibəti başqadır. Heç vaxt da ona belə bir sevginin yaranmasını istəməmişəm. Bilirsiniz niyə? Səhnədəki sevgini itirməmək üçün... Əgər bir-birimizə sevgimiz olsaydı, səhnədə sevgini elə gözəl oynaya bilməzdik.
- Necə tərəf müqabili idi?
- Həddən artıq gözəl tərəf müqabili idi. Tək mənim üçün yox, bütün aktyorlar Xuraman xanımla tərəf müqabili olmaqla fəxr edirdilər. Xuraman səhnədə o qədər sərbəst, o qədər səmimi idi ki... Təəssüf ki, həyatı gətirmədi.
Hüseyn Arif və Səməd Vurğun
- Hüseyn Arifin “Yolda” poemasında Səməd Vurğunu oynayırdım. Bu şəkili çəkdirəndə Hüseyn müəllim mənə dedi ki, Tariyel, kaş Səməd Vurğun sağ olaydı, səni görəydi. O, həmişə deyirdi ki, Qazaxda saz var, söz var, amma aktyor yoxdur. Kaş bir aktyorumuz olaydı. İndi Səməd Vurğun səni görüb, sənə heykəl qoyardı.
“Teatr aktyoru olmaq çətindir”
- Rasim Balayevlə bir neçə şəklinizə rast gəldim.
- Rasim Balayevlə həm dost, həm də üç filmdə tərəf müqabili olmuşuq.
- Dostluğunuz davam edirmi?
- Edir. Amma bir balaca məndən incimişdi. Səbəbini deyim: o televiziya verilişlərinin birində “teatrda oynamaq çətindir, yoxsa kinoda” sualına cavab verəndə demişdi ki, kinoda oynamaq daha çətindir. Mən isə teatrda oynamağın çətin olduğunu söyləmişdim. Rasim bu cür əsaslandırmışdı ki, kinoda çəkilən aktyor ssenarinin gedişatı üzrə filmə çəkilmir. Bir də görürsən ssenaridə ən sonuncu kadr filmin əvvəlində çəkilir. Bu, aktyor üçün çətin olur.
Mənim fikrimcə isə kinoda küçədən keçən birini tutub gətirib, ondan istədiyini almaq üçün dəfələrlə çəkiliş apara bilirsən, axırda səni qane edən bir kadrı tapacaqsan. Səhnədə isə 500 tamaşaçının qarşısındasan, bir balaca büdrəsən, deyəcəklər ki, bu, aktyor deyilmiş.
Sonra misal da çəkdim. Dedim, Rasim Balayevi Akademik Milli Dram Teatrına gətirdilər ki, “İblis”də Arifi oynasın. Beş ay məşq etmişdi, ən sonda da oynaya bilməmişdi. Sonra o rolu Ramiz Məlik oynadı, dövlət mükafatı aldı. Halbuki Rasim Balayev bizim kino ulduzumuzdur. Kinoda ondan böyük aktyorumuz yoxdur. Bircə nəfər vardı, o da Həsən Məmmədov. Ardınca dedim ki, Həsəni teatra çağırdılar ki, “Fərhad və Şirin”də padşahı oynasın, oynaya bilmədi. Bu çıxışıma görə Rasimlə aramızda narazılıq oldu, amma sonra düzəldi.
Yenə də deyirəm ən böyük aktyor teatr aktyorudur. Ən məşhur aktyor teatr aktyorudur. Bunu özüm teatrda işlədiyimə görə demirəm. Allaha şükür, sovet dövründə SSRİ Kinematoqrafiya İttifaqının üzvü olmuşam. Çünki Sovetlər Birliyinə daxil olan ölkələrdə mütamadi rollar aldığıma görə məni ittifaqa üzv etdilər. Beləliklə, mən teatr və kino aktyoru statusu qazandım. Almaniya bəs məni necə tapmışdı? “Mosfilm”də şəklimi görüb dəvət etmişdilər.
“Ovod”
- Kitabları çox sevirəm. Prezident verdiyi evdə böyük bir kitabxanam vardı. Hazırda bu bibliotekam Ağstafadadır. Kitabları oxuyurdum, özümü ordakı qəhrəmanlar kimi görürdüm.
- Həyatınızı dəyişən kitab olub?
- Həm kitabın özü, həm də filmi məndə çox böyük iz buraxıb. “Ovod” filmində Artur rolunun ifaçısı Oleq Strijenevə valeh olub, aktyor olmaq istəyirdim. O rolu mən sonralar teatr səhnəsində oynamışam. Və hətta belə bir şeir yazmışam:
Demə aylar ötüb, illər keçəcək,
Aktyor adını daşıyacağam.
Ekranda sevdiyim Artur rolunu
Səhnədə mən özüm yaşayacağam.
Saqqal və “Yeddi oğul istərəm”
- “Yeddi oğul istərəm”ə çəkilməyimə mane olan filmdən kadrdır. O vaxt “Tacikfilm”də Firdovsinin “Şahnamə” əsəri əsasında çəkilən “Rüstəm və Söhrab” filmində oynayırdım. Roluma görə də saqqal saxlamalı idim. Bir gün Düşənbə şəhərinə teleqram gəldi və məni Bakıya – “Azərbaycanfilm”ə dəvət elədilər. Tofiq Tağızadə məni “Yeddi oğul istərəm” filmində Cəlal roluna təsdiqləmişdi. Çünki rejissor mənim teatr səhnəsindəki Cəlalımı görüb, bəyənmişdi. Amma Tofiq Tağızadənin bir şərti var idi, dedi, saqqalı qırx, səni Cəlal roluna çəkim. Dedim, Tofiq müəllim bu rol üçün mən “Tacikfilm”lə üçillik müqavilə bağlamışam və rol gərəyi saqqalı da qırxa bilmərəm. Ona görə məni filmə çəkmədi.
Sonra o rolu bildiyiniz kimi, Ənvər Həsənov oynadı. Həmişə çıxışı zamanı deyir, bəxtim onda gətirdi ki, Tariyel o rolu oynamaqdan imtina etdi.
- Sonralar peşman olmadınız?
- Çox peşman oldum. “Rüstəm və Söhrab” filmini Azərbaycanda kim görüb? Amma “Yeddi oğul istərəm”ə bütün Azərbaycan baxdı.
Mən ən çox məktubu Cəlal rolundan sonra almışam. Tamaşa bitirdi, qrimimi silib, otaqdan çıxanda 20-30 məktəbli qız dayanıb məni gözləyirdi. Yanlarından keçəndən sonra pıçıldaşmağa başlayırdılar. Sonra da məktublar gəlirdi.
Foto: Elçin Murad