15 Avqust 2017 08:53
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com "Söz sözü çəkər" layihəsinin növbəti qonağı tele-aparıcı, aktyor Vüsal Murtuzəliyevlə müsahibəni təqdim edir.

- Hansı fobiyalarınız var?

- İlandan qorxuram, ekranda görsəm belə, diksinirəm. Mənəvi cəhətdənsə təklikdən çəkinirəm.

- Təklik sizin üçün nədir?

- Hərdən bir neçə saat, hətta bir neçə gün tək qalmaq istəyirəm. Düşünməyə, belə deyək, beynin format olmağına yaxşı təsir edir. Amma ömür boyu tək qalmağı, doğmalarsız, dostlarsız olmağı təsəvvür eləməyin özü belə mənə görə dəhşətli hissdir.

- Başınıza dəhşətli hadisə gəlibmi?

- Hər gün o qədər dəhşətli hadisələr, xəbərlər eşidib görürəm ki... Onları nəzərə alsaq, şükür, elə bir dəhşətli hadisə başıma gəlməyib. 7 yaşım olanda atam rəhmətə gedib. Bəlkə də uşaq olduğuma görə o itkini ağlım elə də dərk etməyib. İndi düşünəndə çox pis oluram.

- Bəs, uşaq vaxtı sizi xoşbəxt edən hadisə?..

- Düzü, uşaqlığım qayğılı keçib. Anam əziyyətlə böyüdüb bizi. O əziyyəti nəzərə alsaq, bəlkə də hansısa xırda xoş bir hadisə mənimçün xoşbəxt anlar olub.

Qardaşım Ukraynada oxuyurdu. İldə 1 dəfə gəlirdi. Həm gətirdiyi hədiyyələrə görə, həm da yanımda olduguna görə sevinirdim. Bu sevinc digərlərindən daha xoşbəxt anlar idi mənimçün.

- Xoşbəxtliyi hansı şeirlə ifadə edərdiniz?

- Çox şeir oxumuşam, sevirəm şeri, amma yadımda saxlamamışam.

- Hələ də müasir şairlərdən söz düşəndə Bəxtiyarın, Səməd Vurğunun adını çəkənlər var. Bəs siz?..

- Düzünü deyim, müəlliflərin adlarını bilmirəm. Ara-sıra Feysbukda rastıma çıxır, çox bəyəndiklərim olur. Həmkarım Raqif Raufoğlunun şeirlərindən bir-ikisini səsləndirmişəm. Sərbəst şeirləri daha çox bəyənirəm. Aqşin Yeniseyin şeirlərini sevirəm...

- Aparıcı və ya aktyor kimi özünüzü hansında daha rahat, daha sərbəst hiss edirsiniz?

- Aparıcılığa 2 ildir başlamışam. Çox maraqlıdır, məsuliyyətidir. Onun da öz çətinlikləri var. Amma düzünü deyim, aktyor sənətinə daha çox bağlıyam.

- Aktyorların istedadını öldürən pula ehtiyacdır, yoxsa rejissorlar?

- Açığı, indi heç istedadlı aktyora da istədiyi pulu vermirlər. Amma bizdə həqiqətən çox istedadlı aktyorlar var. Yaxşı rejissorlarımız da var, amma azdır. Oturub monitora baxmaq, rəngarəng kadr qurmaq rejissorluq deyil.

- Sizə elə gəlmirmi ki, son zamanlar komediya adıyla çəkilən filmlər pul israfıdır?

- Əksəriyyəti, bəli, pul israfıdır. Bəziləri baxıb görür ki, filan film 100-120 min baxış sayı toplayıb, onlar da nə gəldi çəkirlər. Daha kommersiya tərəfini fikirləşmirlər.

- Sizin bacınız Dilarə Əliyevanın da çəkildiyi "3 bacı" serialına ciddi yanaşanlar az idi, çoxları tənqid edirdi.

- O seriali bəyənənlər daha çox idi. O formatda seriallar digər ölkələrdə də var.

- Hansı rolu oynamaq ən böyük arzunuzdur?

- Konkret rol nəzərimdə yoxdur. Amma mənfi rol oynamağı çox istərdim. Bəziləri deyir ki, sənin simana, gözlərinə uyğun gəlmir. Belə fikirlərə gülürəm. Çünki bu düşüncə köhnəlib. Müasir kinoda belə yanaşma yoxdur. Əminəm ki, mənfi rolla çox təəccübləndirmiş olaram tamaşaçıları.

- “Gecə qonağı” filmində dramatik rola yumorist Fərda Xudaverdiyevi təyin etmişdilər. Heç də yaxşı qarşılanmamışdı...

- Fərda istedadlı aktyordur. Kinoteatrlara tamaşaçı gətirən 2-3 aktyordan biridir. Bunun özü böyük göstəricidir. Zövqlər fərqlidir, bəyənənlər də olur, bəyənməyənlər də.

- 12 ildən çoxdur dublajdasınız. Biz filmlərə baxanda görürük ki, 5-6 qadın obrazını bir qadın səsləndirir. Sizcə, gülünc deyilmi?

- Yaxşı mövzuya toxundunuz. Xaricdə filmi ən azı 10-15 aktyorla dublyaj edirlər. Bu məsələ maliyyəyə bağlıdır. Bizdə isə dublyaja çox az pul ayrılır. Son illərdə ATV kanalı dublyajin keyfiyyətini qaldırıb. Həm aktyorlar çoxdur, həm də film seçimi uğurludur. Mənə çox tamaşaçı yazır. Həqiqətən baxırlar, bəyənirlər. Amma mən özüm ümumi dublyajdan tam razı deyiləm. Problemlər var.

- Niyə hamı ATV-yə can atır?..

- ATV-nin reytinqi var. Əyləncəli şouları çoxdur. Tələbət da elə bunadır. Zənnimcə, ATV-nin efir siyasəti uğurludur.

- Son zamanlar aktyorlarımız bizim müasir yazarlarla ünsiyyət qururlar, şeirlərini səsləndirirlər. Qiraətçilərdən kimi bəyənirsən?

- Tural Əhməd, Səfa Mehdi, Kamran Yunis, Hüsniyyə Mürvətovanı dinləmişəm, bəyənirəm.

- Əlində sehirli gücün olsaydı...

- Çox şey eləyərdim. Saymaqla qurtarmaz. Həm özümçün, həm da insanlar üçün xeyirli işlər görərdim. Səmimi deyim, kiməsə yaxşılıq eləyəndə, xeyirli iş görəndə, rahat oluram.


Müəllif: Eminquey Akif