Şair Baba Vəziroğlu ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-publisist Lamiyə İsazadənin birgə şeir dueti dinləyicilərin ixtiyarına verilib.
Teleqraf.com xəbər verir ki, gənc şairə duet təklifinin ondan qaynaqlandığını bildirib:
“Baba Vəziroğlu ilə dostluğumuz illər öncəyə dayanır. Hər zaman ustad yazar, şair kimi, şeir yazmaq mövzusunda ondan məsləhətlər almışam. Əslində bu duet 1 il əvvəl mən tərəfindən təklif olunmuşdu və razılıq da almışdım. Amma işlərin çoxluğundan biz bir araya gələ bilmirdik. Nəhayət, bu istəyimizi reallaşdırdıq. Demək ki, qismət bu günə imiş. “Dostluğu sevgiyə dəyişək” mənim şeirim idi, Baba müəllim isə o şeirin hər bəndinə ayrıca cavab yazdı. Uğurlu bir duetin alındığına və bu duetin hər ikimizə, xüsusilə də mənə uğur gətirəcəyinə çox inanıram”.
Gənc şairə bundan sonrakı işbirliyi haqqında qeyd edib ki, yeni duet şeirlərin yazılması dinləyicilərin istəyindən asılı olacaq:
“Əgər bizi duet ortağı kimi görmək istəyən dinləyicilərin sayı çox olarsa, əlbəttə bu duetlərin sayı da arta bilər”.
Baba Vəziroğlu isə Lamiyə İsazadə ilə tanışlığından və yaranan şeir duet haqda bunları danışıb:
"Lamiyə xanımla tədbirlərin birində tanış olmuşduq. Mənə şeirlərini təqdim etdi, oxudum, bəyəndim. Lamiyə xanım istedadlı gənclərdəndir, Yazıçılar Birliyinin üzvüdür. Daha sonra özünün kitab təqdimatına dəvət etdi, orada da iştirak edərək onun yaradıcılığına daha yaxından bələd olmaq şansı qazandım. Duet təklifi Lamiyə xanımdan gəldi. Özünün yazdığı şeiri mənə təqdim etdi, bəndlərinə cavab yazmağımı xahiş etdi. Əlbəttə, istedadlı gənc xanımın xahişini geri çevirmək olmazdı. Şeiri oxudum, bəyəndim, cavab yazdım və beləcə duetimiz alındı. Düzünü desəm, hazırda rayonda olduğum üçün hələ də dinləmək imkanım olmayıb. Ancaq studiyadakı səsyazmadan bilirəm ki, gözəl bir iş alınıb. Lamiyə xanımla elə möhkəm dostluğumuz, könül bağlılığımız var ki, gələcəkdə də yeni duetlər yarana bilər. Mən istərdim ki, bundan sonra da Lamiyə İsazadənin həm mənlə, həm də digər tanınmış şairlərimizlə belə uğurlu iş birlikləri davam etsin. Ona həm yaradıcılığında, həm də həyatında uğurlar arzu edirəm”.