16 Sentyabr 2017 10:00
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un "Portret” layihəsində Qulu Məhərrəmli mərhum Aydın Dadaşov haqqında danışır.

– Qulu müəllim, mən Aydın Dadaşovu şəxsən tanımırdım, amma imzasına yaxşı bələd idim. Maraqlıdır, öz dostunuzu mənə necə təqdim edər, necə tanıdardınız? Layihəmizin məqsədi də elə budur...

– Aydın Dadaşovu bir-iki cümlə ilə tanıtmaq çətindir, çünki mərhum dostumuzun çoxşaxəli fəaliyyəti və dinamik bir həyatı vardı. İlk növbədə yaxşı bir kino xadimi idi, ssenarilər yazır, sənədli filmlər çəkir, rejissorluq edir, həm də teatr və kinonun elmi-nəzəri problemlərini araşdırırdı. Yüksək intellekti olan zəkalı bir alim kimi tanınırdı, qələmindən maraqlı bədii nümunələr çıxmış yazıçı, həm də geniş dünyagörüşü olan savadlı və sevimli bir pedaqoq idi. Teatr, kino, dramaturgiya nəzəriyyəsi sahəsində barmaqla sayılan, avtoritet kimi qəbul edilən mütəxəssis idi.

Şəxsiyyət kimi də çox maraqlı təsir bağışlayırdı, bir yerdə dayanmazdı, həmişə hərəkətdə idi. Daim əlində iş varıydı, beynində yeni ideyalar gəzdirərdi, yazı-pozudan yorulmazdı. Bir yaxşı işi də adamlarla tez ünsiyyətə girməyi bacarması, cazibədar nitqi ilə həmsöhbətlərini ovsunlaması idi.

– Bir neçə ay qabaq qarşılaşdığınız, görüşüb hal-əhval tutduğunuz bir insan haqqında xatirə danışmaq necə hisdir, çoxmu çətindir?

– Çətindir, əlbəttə ki, çox çətindir. Düzdür, ölüm haqdır, amma ömrünün çiçəklənən dövrünü yaşayan dəyərli bir insanın dünyasını dəyişməsi adamı çox yandırır. Aydın müəllimin vəfatı elmimiz və mədəni mühitimiz üçün ciddi bir itki oldu. Onun yeri getdikcə daha çox görünəcək.

– Onunla ilk tanışlığınız nə vaxt və necə olmuşdu, xatırlayırsınızmı?

– İlk tanışlığımızı çox detallı xatırlamıram, amma 90-cı illərin əvvəllərindən bir yerdə olmuşuq, AzTV-yə gedib-gəlirdi, söhbətimiz yaxşı tuturdu. İçində güclü həqiqət hissi olduğunu duyurdum. Əvvəllər onun qeyri-adi, bəzən də fantastik ideyalar irəli sürməsi mənə qəribə gəlirdi, amma sonralar alışdım. Aydın müəllimin o dövrdə “İşıq” nəşriyyatında çap olunmuş “Gerçəkliyin astanasında” kitabını çox bəyənmişdim. 90-cı illərin sonlarında birlikdə bir neçə sənədli film çəkdik. “Televiziya və radio tamaşaları” adlı dərs vəsaitini də o illərdə yazmışdıq...

– Bildiyimizə görə, Aydın müəllimin bənzərsiz yumor hissi olub...

– Onun mayası yumorla yoğrulmuşdu, bütün situasiyalar üçün hazır məsəlləri və xoruz səsi eşitməmiş sitatları vardı. Sözlərini qalın səslə, amma elə qəşəng yeridirdi ki, heç kim incimirdi. Bəzən ciddi bir məsələdən də danışanda ona Haqverdiyevin maralları kimi görünən adamları dolamaq şakəri də varıydı. Ümumiyyətlə, Aydın müəllim bir yazıçı və rejissor kimi çox həssas idi, yerində olmayan adamlara çox ironik yanaşırdı. Onunla hər hansı məclisdə olmaq əsl toy-bayram idi.

– Bəs bir müəllim, professor kimi onu necə xarakterizə edərdiniz?

– Aydın Dadaşov sıradan bir müəllim, adi professor, cansıxan pedaqoqlardan deyildi. Dərin mütaliəsi, yüksək intellekti, geniş dünyagörüşü varıydı. Əsasən magisrtlərə dərs deyirdi. Tələbələrə açıq fikir mübadiləsi, diskussiya aparmaq üçün şərait yaradırdı. Azad düşüncəsinə və səmimiyyətinə görə ürəkdən sevilirdi.

– Aydın müəllim dünyasını dəyişəndən sonra söhbət yayılmışdı ki, ona xərçəng diaqnozu qoymuşdular. Məlum olub ki, yalandır və sevinib, hönkürtüylə dayanmadan ağlayıb. O qədər ağlayıb ki, ürəyi partlayıb. Bu, doğru idimi?

– O vaxt belə şeylər yazdılar, amma Aydını yaxından tanıyan adam kimi deyirəm ki, mən bu versiyaya inanmıram. Heç sizə də bu versiyanı yazmağı məsləhət görməzdim. Aydın müəllimin güclü həyat eşqi, təbii ki, emosionallığı da varıydı, o həyata, qarşısına çıxan hər şeyə istehza ilə baxmağı, belə ağır məqamlara “boş şeydir” deyib üzərindən keçməyi bacarırdı.

– Feysbukda yazışırdınız?

– Son bir ildə Feysbukda çox fəal idi. Kitabları, son tədqiqatları, xüsusən Bakının tarixi ilə bağlı işləri barədə məlumatlar verir, maraqlı şəkillər paylaşırdı. Amma yazışmağa, rəy bildirməyə çox həvəsli deyildi. Ümumiyyətlə, Aydın müəllim dialoqdan çox, monoloq adamı idi. Danışanda bunu daha çox hiss etmək olurdu.

– Bəzən haqqında deyirlər ki, danışdıqları daha maraqlı idi, nəinki yazdıqları...

Onu düz deyirlər, Aydın müəllimin şifahi danışığı çox koloritli idi. Danışanda sinəsini azacıq qabardaraq qaşlarını çatır və bir natiq görkəmi alırdı. O, fikirlərini şifahi nitqin əlvan intonasiyalarından məharətlə keçirib məzmunu, əsas fikri dəqiqliklə çatdırardı. Amma təbii ki, çoxumuz yazıda bu effekti ala bilmirik. Bir də Aydın müəllim yazılarının çoxunu diktə edirdi, ola bilər ki, həmin prosesdə bəzi itkilər olurdu.

– Siz Aydın müəllimlə bir kafedrada işləmisiniz. Heç mübahisələriniz olurdumu?

– Elmi müzakirələrdə bəzən mübahisələrimiz olurdu, amma çox vaxt fikirlərimiz üst-üstə düşürdü. Aydın müəllim elmdə saxtakarlığı və diletantlığı qəbul etmirdi, bu məqam çox vaxt bizi eyni mövqedə birləşdirirdi.

– Hekayələr, povestlər də yazırmış. Amma biz onu ən çox kinoşünas kimi tanıyırıq. Bədii yaradıcılığı ilə tanış idinizmi?

– Bəli, Aydın müəllim bədii yaradıcılıqla məşğul olurdu və özündən sonra müəyyən bədii irs qoyub. Mən onun hekayə və povestlərinin əksəriyyətini oxumuşam, olduqca maraqlı və bəyənilən yazı tərzi vardı.

– Onu bir kinoşünas, kinotənqidçi, rejissor kimi necə dəyərləndirərdiniz?

– Bizdə kinonu yaxşı bilən mütəxəssislər çox deyil. Aydın müəllim dərin ağlı, intellekti və biliyi ilə onların sırasında layiqli yer tuturdu. Sənədli film rejissoru kimi də əvəzi yox idi. Birgə filmlərimiz olub və mən onu iş başında müşahidə edə bilmişəm. Filmin dramaturji gedişatını düz tapmaq, problemin ekran həllini görə bilmək, çəkilişlərdə təbiiliyi qorumaq, küylərdən və musiqidən xüsusi bacarıqla istifadə etmək bir rejissor kimi Aydın Dadaşovun üstünlükləri idi.

– Necə bilirsiniz, Aydın Dadaşovdan bu dünyada nə qaldı?

– Aydın Dadaşovdan çox şey qaldı. Bədii əsərlərini, sənədli filmlərini dedik. Kino və teatr nəzəriyyəsi ilə bağlı yazdığı fundamental əsərlər göz qabağındadır, tələbələrin faydalana biləcəyi dərslik və dərs vəsaitləri, digər maraqlı kitabları da də öz yerində.

– Hardasa demisiniz ki, Aydın Dadaşov Qarabağın simvollarından biri idi... Nə üçün belə hesab edirsiniz?

– Adam həm Qarabağı təmsil edir, həm onun dərdlərini içində yaşadır və həm də dilə gətirirdı. Atası Ərşad kişi də o zonada tanınmış şəxslərdən olub. Amma bu simvol məsələsini Aydın müəllim “Qarabağ bülbülləri” sənədli filmini çəkdiyinə görə demişdim. Ümumiyyətlə, baxın, Aydının son dövr yaradıcılığında Qarabağ və qaçqınlar mövzusu bir niskilli xətt kimi keçir.

– Ortaq dostlarınız kimlər idi?

– Ortaq dostlarımız çox idi, amma onların içərisində Aydınınkı daha çox rejissor Xamis Muradovla tuturdu. Aralarında çox səmimi münasibətlər var idi.

– Son görüşünüz yadınızdadırmı? Necə salamlaşdınız, nədən danışdınız, necə ayrıldınız?

– Son görüşümüz fevralın axırlarına yaxın Bakı Dövlət Universitetində kafedramızda olmuşdu, həmişəki kimi yaxşı əhvalda idi. Mənim məhkəmə işimin uğurlu nəticəsinə görə çox sevinirdi. Yarızarafat onu da bildirdi ki, bu məhkəmə deyildi, əslində, sənin üçün əla piar idi. Bir az televiziyalardakı yaradıcılıq böhranından danışdıq, o vaxt kafedramızla bağlı müəyyən gərginlik vardı, onu da müzakirə elədik. Ayrıldıq və dedi ki, kinostudiyaya gedəcək... Və bir də görüşə bilmədik.


Müəllif: Çinarə Böyükçöl

Oxşar xəbərlər