1949-cu il mayın 3-də Türkiyədə “Ulus” qəzetində “M.E.Yalvaçoğlu” imzası ilə “Azərbaycan kompozitoru Hacıbəyli Üzeyir” adlı məqalə dərc olunur.
Məqalə bu cümlələrlə başlayır: “Bundan bir müddət əvvəl Bakı radiosu acı bir xəbər verdi: Hacibəyli Üzeyir ölmüş! Hacibəyli Üzeyir Azərbaycan milli oyanış tarixində yer almış unudulmaz bir simadır. 1905-də çarlıq rejiminin sarsılması üzərinə canlanan milli Azərbaycan hərəkatını yürüdənlər arasında o da vardı. Üzeyir bu sıraya bir öyrətmən və qəzetəçi sifətiylə qatılmışdı”.
Məqalənin gerçək müəllifi isə, türkiyəli tədqiqatçı Ömər Özcan bəyin “M.Rəsulzadənin gizli imzası – M.Ə.Yalvacoğlu” adlı yazısında müəyyənləşdirdiyi kimi Məhəmmədəmin Rəsulzadə idi.
Ömər bəy yazır: “Bilindiyi kimi, ərəb dilində rəsul “göndərilmiş”, “elçi”, “peyğəmbər” deməkdir, Rəsulzadə isə “rəsul oğlu” anlamındadır. Türklərin ən qədim sözlüyü olan Mahmud Kaşğarlının “Divan”ında yalvac/yalavac sözünün “rəsul”, “peyğəmbər” mənasında işləndiyi göstərilib. Türkcədə yalvac/yalavac “bir xəbər bildirmək üçün göndərilmiş kimsə”, “elçi”, “peyğəmbər”, “rəsul”, “nəbi” olaraq açıqlanır. Çoxlu əski yazılı abidələrimizlə bu fakt bütünlüklə təsdiqlənir. Deməli, əski türkcəyə incəliklə bələd olan Məhəmmədəmin Rəsulzadə öz soyadını ərəbcədən türkcəyə çevirib, bu qarşılığı – “Yalvacoğlu”nu özünə gizli imza seçib”.
Digər tərəfdən Rəsulzadənin bu yazısı 1985-ci ildə “Azərbaycan” dərgisində silahdaşları tərəfindən öz imzası ilə də çap edilib.
Başda Rəsulzadə olmaqla mühacirlərin bir neçə imzadan istifadə etdikləri bilinir. İmzalardan ən çox istifadə edən mühacir Mirzəbala Məhəmmədzadə olub. Adətən, mühacirlərin çap etdikləri jurnallar bir neçə nəfərin zəhməti hesabına başa gəlirdi. Ona görə də oxucu jurnalda fərqli imzalar görsün deyə, bu üsuldan istifadə edilirdi. Bəzi yazılara isə başqa imzaların qoyulmasının daha düzgün olması qərarlaşdırılırdı. Amma bütün hallarda bu imzaların kimlərə məxsus olduğu bilinirdi.
Rəsulzadənin bu yazısının önəmi isə o idi ki, Türkiyədə dönəmin məşhur qəzetlərindən birində yayımlanmışdı. Ona görə də SSRİ kəşfiyyatının diqqətini daha çox çəkmişdi.
Tədqiqatçı Solmaz Rüstəmova yazır: “1949-cu ilin avqust ayında Zaqafqaziya Hərbi Dairəsi Siyasi İdarəsinin rəisi Rutinovun Azərbaycan KP MK-nə göndərdiyi məktubda "Türkiyənin rəsmi "Ulus" qəzetinin 5 may tarixli sayında "Yalvacoğlu" imzası ilə Üzeyir Hacıbəyov haqqında bir məqalə dərc olunduğu və Türkiyənin "qaragürüh hakim partiyası tərəfindən" ölümündən sonra bu görkəmli Sovet bəstəkarına və bütün Sovet mədəniyyətinə böhtan atmağa qərar verildiyi göstərilirdi. Məqalə müəllifi Yalvacoğlunun "türkiyəli" olduğu nə Rutinov, nə də Azərbaycan rəsmiləri tərəfindən şübhə altında alınmasa da, bu yazıda Üzeyir bəyin özünün "Azərbaycan" qəzetindən və M.Rəsulzadənin Cümhuriyyətin 1 illiyi münasibətilə 1919-cu ilin mayında buraxdığı "İstiqlal" məcmuəsindən dərc olunmuş məqalələrindən iqtibaslar gətirilməsi, məqalənin ümumi ruhu və üslubu, eləcə də müəllifin adına işarə kimi Yalvacoğlu soyadı qarşısında qoyulan "M.E." imzası bu məqalə müəllifinin Məhəmməd Əmin (türkcə -Emin) Rəsulzadə olduğunu təxmin etməyə əsas verir. Belə müddəalara mütləq cavab vermək qərarına gələn Azərbaycan rəsmiləri həmin işi Mirzə İbrahimova tapşırırlar”.
Biz Mirzə İbrahimovun həmin məqaləsinə sonralar Üzeyir bəy haqqında çap etdirdiyi “Tufanlara kömək edən bir qələm” (Bakı, 1987) adlı kitabında rastladıq. Üzeyir bəy barədə yazdığı məqalələrdən hazırladığı bu kitabda yer alan ““Ulus” böhtançılarına” adlı məqalənin sonunda oktyabr, 1949-cu il yazılıb. Yəni ki, Mirzə İbrahimov bu yazını Rəsulzadənin məqaləsinin çapından 5 ay sonra yazıb.
Sovet rejiminin İbrahimova belə bir yazı yazdırmasının səbəbi də, əslində, “Ulus”da çap olunan məqaləyə görə deyil, onun müəllifinə görədir.
***
Əlimizdə hər iki məqalə var. Rəsulzadənin yazdıqları, Mirzə İbrahimovun isə ona verdiyi cavablardan bəzi maraqlı hissələri diqqətinizə çatdırırıq.
Rəsulzadə məqaləsində Üzeyir bəyin Çar dönəmi və Cümhuriyyət dönəmindəki fəaliyyətindən bəhs edir, Sovet dönəmində musiqimiz üçün etdiyi xidmətləri sadalayır, amma həm də rejimin ona süni marşlar yazdırdığını bildirir: “Dəmir pərdənin arxasında ona süni marşlar yazdırılsa da, Moskovada çiyni diktatorun (Stalin nəzərdə tutulur – D.Ə) əliylə oxşanılsa da, tabutu başında Azərbaycanın mənəviyyatıyla ilgiləri olmayan komissarlar (əsasən, Bağırov nəzərdə tutulur – D.Ə) növbəyə dursalar da, Hacibəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının dayanaqları arasında qalacaq ayrılmaz bir dəyərdir!”.
Mirzə İbrahimov isə bu cümlələrə belə cavab verir: “Yalvacoğlu “Ulus” qəzetindəki cızmaqarası ilə bəstəkarın ömrünün 25 ildən artıq bir dövrünü bir qələm oynatmaqla “silməyə”, “ləğv etməyə” çalışır. O, Üzeyirin 28 ildə yazdığı və xalqın əbədi məhəbbətini qazanmış gözəl mahnıları, kantataları, oratoriyaları, simfoniyaları “süni marşlar” adlandırır... Əslinə baxsan, pantürkizm və panislamizm ideoloqlarında heç bir zaman sağlam düşüncədən əlamət görünməyib. Belə olmasaydı, Yalvacoğlu Ü.Hacıbəyovun Sovet hakimiyyəti illərində yaratdığı “Ay bəri bax”, “Sevgili canan”, “Sənsiz”, “Komsomolçu qız”, “Şəfqət bacısı” və başqa əsərlərini bu qədər asanlıqla, eyni zamanda bu qədər həyasızlıqla “süni marş” adlandıra bilərdimi? “Ulus” böhtançılarından soruşmaq lazımdır ki, bütün dünyada Azərbaycan musiqisini şöhrətləndirən “Koroğlu” operası nə zaman və kimin tərəfindən yazılıb?”.
Şübhəsiz ki, Rəsulzadə süni marşlar dedikdə Üzeyir bəyin II Dünya müharibəsi dönəmində yazdığı, bu gün geniş kütlə tərəfindən xatırlanmayan əsərlərini nəzərdə tuturdu. Amma Mirzə İbrahimov “Koroğlu” başda olmaqla, digər önəmli əsərləri sadalayaraq cavabını möhkəmləndirib. Halbuki, Üzeyir bəyin bu əsərləri mühacirət mətbuatında həmişə rəğbət görüb.
Məqaləsində Mirzə İbrahimov Üzeyir bəyin məktublarından, Çar dönəmi ilə bağlı yazdıqlarından gen-bol sitat gətirir, bunları Yalvacoğlunun unutduğunu yazır. Halbuki, İbrahimov Yalvacoğlunun hökuməti dönəmində Üzeyir bəyə verilən qiymət və “Azərbaycan” qəzetində Üzeyir bəyin Cümhuriyyətlə bağlı yazılarından sitat gətirə bilmir. Ona görə də daha çox çar dönəminin çətinliklərini sığınır, cümlələrində isə xeyli təhqir elementlərindən istifadə edir.
Rəsulzadə məqaləsinin ikinci hissəsində isə önəmli bir məsələyə toxunur: sənətkarın azadlığı.
“Bolşevik totalitarizminin istibdadı altında və mədəniyyət dünyasından təcrid edilmiş bir halda yaşamaq çəkilməz bir faciədir; bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir. Sənətkarın möhtac olduğu ən böyük nemət hürriyətdən məhrumiyyətdir. Dünya ilə ilgisi kəsilmiş bir durumdadır.
Biz burada hər hansı dünya sənətkarının ayağımıza qədər gəlib kəndi mərifət və qüdrətini bizə göstərməsinə alışqınıq. Bizim, bir fürsətini bularaq, onları kəndi yurdlarında görməyimiz də imkansız sayılmaz. Halbuki, yanıbaşımızda qardaş millətin qardaş sənətkarlarını görmək və ya bir heyət halında buraya müsafirliklərini cəlb etmək qətiyyən mümkün deyildir; dəmir pərdə arxasıyla kültür münasibətinə müsaidə yoxdur. Biz oraya gedəməyiz, buraxmazlar. Onlar da buraya gələməzlər, çünki göndərməzlər. Çünki hürriyyəti seçəcəklərindən qorxarlar! “Bir fürsətini bulsa idi, hürriyyəti seçməkdə böyük kompozitör də tərəddüd etməzdi” deyə düşünürük! Ən qüvvətli dayanağımız onun ümidlər saçan, milli ruha tərcüman olan böyük sənətidir. Bu sənətin nə kimi bir dəyər ərz etdiyini dəmir pərdənin ortadan qalxdığı gün Azərbaycanla bərabər bütün dünya, ilk sırada isə Türk və İslam dünyası haqqıyla görmək və təqdir etmək imkanını bulacaq, böyük ruhunu minnətlə anacaqdır!”
Mirzə İbrahimov isə Üzeyir bəyin xaricə gedə, xaricdə yaşayan azərbaycanlıların Azərbaycana gələ bilməməsi məsələsinə, yəni SSRİ-nin dəmir pərdə olmasına cavab verə bilmir, əvəzində Nazim Hikmətin həbsi məsələsinə toxunur: “Özlərini və ölkələrini bütünlüklə Uoll Stritə satmış, xalqın Nazim Hikmət kimi namuslu, mütərəqqi oğullarını zindanlarda çürüdən mürtəcelər, onların Yalvacoğlu kimi məddahları “sənətkar üçün azadlıqdan” dəm vururlar”.
Nazim Hikmətin həbsinin Rəsulzadəyə nə qədər əlaqəsi olduğunu isə Mirzə İbrahimov yazmır.
Beləliklə, bizim məqsədimiz Rəsulzadə ilə Mirzə İbrahimovu üz-üzə gətirmək deyil. Ankarada mühacirətdə yaşayan Cümhuriyyət liderinin bir yazısına dəmir pərdə arxasından Sovet Azərbaycanından bir yazıçının verdiyi cavabı diqqətə çatdırmaq istədik.
Şübhəsiz ki, həm Rəsulzadənin, həm də Mirzə İbrahimovun yazdıqlarında həqiqətlər var. Üzeyir bəy Azərbaycan musiqisi üçün Sovet dönəmində kifayət qədər iş görüb, eləcə də, süni marşlar da yazıb. Amma biz də Rəsulzadənin dediyi kimi, inanırıq ki, “bir fürsətini bulsa idi, hürriyyəti seçməkdə böyük kompozitör də tərəddüd etməzdi”.