Teleqraf.com-un “Seçilənlər” layihəsinin budəfəki qonağı rejissor, aktyor Kamal Yaşardır. Onunla müsahibəni təqdim edirik.
- Düzünü desəm, əvvəllər səni nə rejissor, nə də aktyor kimi tanıyırdım. “994 fm” layihəsində Nəriman Həsənzadənin şeirini səsləndirdin. Çox yaxşı da qarşılandı. Hamı kimi mən də bəyəndim...
- Şeir, poeziya mənim üçün yüksək dəyərdir. Mən yalnız tamaşalarda, personajın dilindən şeir ifa etmişəm. Baxmayaraq ki, bu mənim peşəmdir və bu işlə peşəkar məşğulam, ancaq heç yerdə xüsusi olaraq şeir deməmişdim. Bu o demək deyil ki, qiraəti bəyənmirəm deyə ifa etmirəm, əksinə, qiraətə çox ciddi yanaşıram. Bu layihəyə də dəvət olunanda ciddi adamların dəvəti və ciddi layihə idi deyə qəbul etdim.
- İnsanlar şeir qiraətinə görə hər adamı asanlıqla qəbul etmirlər...
- Vallah, çox vaxt deyirlər ki, insanların zövqü korlanıb, camaat ciddi şeyləri qəbul etmir və sair... Qətiyyən elə deyil. Bir şeir qiraətinə görə mənə bilirsiz nə qədər adam təşəkkür etdi? İnsanlarımız çox həssasdır.
- Sənə qədər o layihədə bir çox aktyorlar, rejissorlar çıxış eləmişdilər. Bəs nə üçün sənin qiraətin bu qədər sevildi? Səni sevdirən səbəb nə idi?
- Hətta ən adi bir işi görəndə də insan özünə inanmalı və etdiyini ciddiyə almalıdır. Mənə görə belədir – ya işi yaxşı etməlisən, ya da etməməlisən... Mən heç vaxt qiraəti aktyorluqdan ayrı sahə kimi qiymətləndirməmişəm. Peşəm qədər ona ciddi yanaşmışam. Bu layihədə isə mənə elə gəlir, uğur həm də şeirin öz səmimiyyətindən doğmuşdu. Mən orada oyunbazlıq etməmişəm. Bu şeir, yəni Nəriman Həsənzadə “Qadına məktub”u qayınanaya müraciət idi deyə, bir az rəng və zərif, minimalist oyun qatmaq üçün onu kameraya baxıb deyirdim. Sanki həqiqətən qayınanaya ünvanlanırmış kimi... Kameranın obyektivinə baxarkən (əgər mətnin realizəsi bu cür tələb edirsə) ekran qarşısındakı tamaşaçı da rəğbət hissi ilə səni bir az daha yaxşı hiss edə bilir.
- Bəs, real həyatda bu cür müraciət etməli olsaydın, bu qədər cəsarətli ola bilərdinmi?
- Düzünü desəm, bu şeiri səsləndirməyim reallığa bağlı idi. Çünki bu ərəfələrdə eyni hisləri yaşamaqdayam. Müraciətim də üst-üstə düşdü.
- Hazırda heç bir teatrda çalışmırsan?
- Xeyr. İndiyə qədərki fəaliyyətim də hansısa teatrda ştat əsasında yox, alternativ anlaşmalarla olub. Bu yaxınlarda teatrların biri ilə bir layihəmiz vardı. Xarici ölkəlkələrdən birində festivala qatılmaq üçün Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini hazırlayırdım. Özü də heç bir mətndən, bircə kəlmə sözdən belə istifadə etmədən. Bizdə belə tamaşalar ancaq Pantomim teatrında olur. Alternativ teatrlarda isə bu cəhd olduqca risklidir. Kağız üzərində hər şeyi həll etmişdik. Məşqə başlamağa az qalmış, bizdən asılı olmayan bəzi problemlər yaşandı və bu səbəbdən gözləməli olduq.
- Həm rejissorsan, həm də aktyor. Bir rejissor niyə özünü filmə çəkməsin ki? Bu, nə zaman mümkündür?
- Mümkündür. Məsələn, mən də özümü çəkmişəm. Amma çarəsizlikdən çəkmişəm... Qısa filmlərimin birində özüm oynamışdım. İstənilən halda bu, yaxşı hal deyil. Yaxud öz filmində çəkilmək olar, ancaq bu o zaman mümkündür ki, səni ən azı sənin qədər görə və idarə edə bilən inandığın bir rejissor da ola... Çünki rejissor teatrda da, filmdə də situasiyaya nəzarət etməlidir. Məsələn, rejissorun özünü çəkməyi deyəndə ilk ağla gələnlərdən biri Tarantinodur. Yəni bu nümunələr var.
- Mən elə bildim Kənan MM deyəcəksən...
- Yox, Kənan MM-in filmindən tam olaraq xəbərdar deyiləm.
- Baxmamısan?
- Xeyr.
- Səbəb?..
- Əslində xəbərim vardı ki, İlqar Fəhminin ssenarisinə film çəkir. Ancaq filmi izləməmişəm.
- Kənan bu saat ən qalmaqallı rejossorlardan biridir. Necə olur ki, bu haqda tamam məlumatsız qalırsan?
- Əlbəttə, mövcud bazardakı ümumi mənzərədən xəbərim var. Xəbərdar olmaq mənim borcumdur. Əslində Kənan və bir neçə rejissoru şanslı saymaq olar. Kənan MM, Aqil M. Quliyev, Fuad Əlişov, Ülviyyə Könül və bir neçə ad saymaq olar ki, zaman onların çox yaxşı şəkildə xeyrinə işləmişdi.
- Bu gün kinomuzun vəziyyəti elə də ürəkaçan deyil. Bunun günahı kimdədir – rejissorlarda, aktyorlarda, ya tamaşaçılardamı?
- Məlum həqiqətdir ki, gərək kinoya yaxşı vəsait ayırasan, yaxşı pul xərcləyəsən... Hərçənd xərclənmiş pulları geri götürmək də var. Burasını da düşünmək lazımdır. Bu dəqiqə bizim kino bazarının vəziyyəti hər kəsə bəllidir. Kinoteatrlar indi-indi özünə gəlir. Kinonun inkişafı və tamaşaçı məmnunluğu biri-birindən asılı məsələlərdir. Gərək yaxşı kino çəkilə ki, tamaşaçılar da kinoteatrlara axışa. Tamaşaçıların kinoteatrlara axışması üçün isə yaxşı kino çəkilməlidir. Bu mənada tamaşaçılardan narazı deyiləm.
- Deyirlər ki, incəsənətin sərhədləri yoxdur. Sən isə Allaha bağlı adamsan, ibadət edirsən. Bu da insanı bəlli çərçivələrə salır. Bir rejissor kimi bir səhnəni bütün açıq-saçıqlığıyla çəkə bilərsənmi?
- Mən düşünmürəm ki, bu, problemli məsələdir... Hər şeydən öncə mən insanam, bir həyat əqidəm var. Paralel olaraq da sənətçiyəm. Tutaq ki, bizə öyrədiblər səhnədə sol çiyinlə dön. Bu qaydadır, əməl etməlisən. Amma kimsə buna görə səni döymür, söymür. İslam, yaxud idealist baxış da belə deyir. Onun öyrətdiyi yanaşma ciddi sənətlə düz mütənasibdir. Amma etməsən də səni dara çəkmirlər.
Qaldı ki bunun sənət tərəfləri, mən yataq səhnəsini 50 cür təqdim edə, gerçəkləşdirə bilərəm. Hər şeyi olduğu kimi göstərmək kimə lazımdır ki? Sekslə məşğul olmağın detallarını kiməsə göstərməyə ehtiyac varmı? Bunu bütün insanlar az qala qeyri-şüuri şəkildə də bilirlər... Bu davranış, canatım, onların realizə formaları fitri və instinktiv olaraq heyvanlarda da, insanlarda da mövcuddur. Kiminsə seks aclığı, travması varsa və bunu gətirib kinoya, ədəbiyyata calayırsa, bu bizim günahımız deyil. Şəxsən mənim belə bir problemim yoxdur.
- Bəs, aktyor kimi filmə çəkiləsi olsan, rejissor belə bir səhnədə oynamağını istəsə, nə edəcəksən?
- İmtina edəcəm... Çünki istənilən işdə əvvəlcə ssenari ilə tanışlıq oluruq. Ssenari aktyorun baxışlarına uyğun deyilsə, bundan çox rahatlıqla imtina edir. Söhbət təkcə hansısa intim səhnələrdən getmir. Bu, normaldır.