“Böyük sənət veteranları” layihəsinin budəfəki qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, Ramiz Novruzdur.
Teleqraf.com Ramiz Novruzla müsahibəni təqdim edir.
- Ötən il yadınızda necə qaldı?
- Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və yaxud “Boy çiçəyi” pyesini yenidən tamaşaya qoyduq. Əvvəllər özümü bu tamaşada görmürdüm. Ancaq tamaşadan sonra hiss etdim ki, uğurlu alındı. Tamaşaçılar da yaxşı qarşıladılar. Eyni zamanda başqa bir tamaşanın hazırlıqlarına başladıq. Xəzər TV ilə ciddi əməkdaşlığımız var. Rejissor Ramin Hacıyevin dəvəti ilə “Ailəcanlı” serialında oynayıram. Evimi dəyişdim. Amma bu fikir nə qədər çox işlənmiş olsa da, demək məcburiyyətindəyəm ki, “Dağlıq Qarabağ” problemimiz hələ də yaralı yerimiz olaraq qalır, xalq olaraq müəyyən çatışmayan məsələlərimiz var. Yəni tam olaraq, sinə dolusu sevinə bilməsəm də, ümumilikdə ötən ili uğurlu hesab etmək olar.
- Aktyor üçün ən qorxulu şey nədir?
- Lazım olmamaq. İnsanlara, rejissorlara lazım olmamaq. Aktyor həm filmlərə çəkilməlidir, həm də tamaşalarda oynamalıdır. Bizdə xalq artistləri olub ki, teatrda kifayət qədər uğur qazanıblar, ancaq televiziyaya, kinoya lazım olmayıblar. Gərək aktyor həm filmdə uğur qazana, həm də teatrda. Bu həm də aktyor üçün maddi nəfəs genişliyidir. Bircə qalır ki, aktyorlar da, rejissorlar da yaranmış fürsətlərdən, filmə, teatra ayrılmış maddi vəsaitdən vicdanla istifadə edələr.
- Bir neçə pyes də yazmısız. İlk pyesiniz "At ilinin birinci ayı" adlı 20 Yanvar hadisələrindən bəhs edən pyes olub, 1992-ci ildə Gəncə teatrında tamaşaya qoyulub. İkinci pyesiniz isə 1996-cı ildə yazdığınız "Hələ sevirəm deməmişdilər" pyesi olub. Sənət adamları hər iki tamaşanı da çox uğurlu hesab edir. Bəs indi niyə o tamaşalar teatrın repertuarında yoxdur?
- Bəli, hər iki pyesimin tamaşası da uğurlu olmuşdu. Hər iki tamaşanın da rejissoru Bəhram Osmanov idi. Onun da əziyyətləri çox oldu. O pyeslər özündən əvvəlki zay pyeslərin qarşısını aldı. Özündən sonra gələnlər üçün isə nümunə oldu. Təsəvvür edin ki, müəllif öz əsərini teatra təqdim edirdi ki, tamaşaya qoyulsun, teatr rəhbərliyi mənim pyeslərimi həmin müəllifə göstərib deyirdi ki, ya bu səviyyədə olacaq, ya da bizə lazım deyil. Təbii ki, istərəm o tamaşalar yenidən repertuara daxil edilsin. Ancaq təəssüf ki, Əlabbas Qədirov, Telman Adıgözəlov yoxdur. Tamaşa o adamlarla daha gözəl idi.
- 1981-ci ildən Akademik Milli Dram Teatrının aktyorusuz. Bu illər ərzində teatrın rəhbərliyi bir neçə dəfə dəyişib, teatrın adı müəyyən qalmqallarda hallanıb. Sizcə, teatrın ən çətin dönəmləri nə vaxta təsadüf edir?
- Zaman var idi, biletlər əldə satılırdı. O dövrə teatrın qızıl dövrü də deyirlər. Onda teatrın heyəti də böyük aktyorlarla zəngin idi. Həmin heyətdən sonra gənc nəsil kimi biz gəldik teatra. Səidə Qurbanova, Firəngiz Mütəllimova, Nürəddin Mehdixanlı, mən və. s. Ancaq hiss edirdim ki, nəsə o həvəs yoxdur. 90-cı illərdə tamaşa gedirdi, birdən bayırda “Qarabağ” şüarları eşidildi. Zalda oturanların hamısı pəncərəyə tərəf qaçdı. O andaca anladım ki, artıq o dövr deyil. Teatr bir müddət öz fəaliyyətini saxlamalıdır. Bax bu dövr hardasa 1994-1995-ci illərə qədər davam etdi. Bir çox aktyorlar maddi sıxıntılara, çətinliklərə görə teatrdan getməli oldular. Çox az sayda aktyor səbr etdi, axıra qədər dözdü. Baş verən hadisələrə görə heç kəs teatr haqda düşünmürdü. Dövlət qurumları da biletlərə yaxın durmurdu. Hamıda bir fikir formalaşmışdı ki, əşşi, indi teatr vaxtıdır? Bu çətinlik Heydər Əliyev hakimiyyətə gələnə qədər davam etdi. O hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Bizim teatra da iki dəfə gəldi, tamaşalara baxdı. Birinci dəfə Bəxtiyar Vahabzadənin dəvəti ilə gəlmişdi. Hər iki tamaşadan sonra məhz mənim çıxışımı qeyd etdi və mənə xalq artisti adı verdilər. Yalnız onun gəlişindən sonra artıq hər kəs anladı ki, teatra gəlmək, tamaşalara baxmaq lazımdır.
- Belə başa düşdüm ki, o dönəmlərdə maddi durumunuz da yaxşı olmayıb...
- Vallah, nə gizlədim, Heydər Əliyevin göstərişi ilə ad verdilər, sonra sənət adamları üçün mükafatlar təyin olundu. Və mən ilk dəfə borclarımı bağlayıb, rahat yaşamağa başladım. Ona qədər borc içində yaşayırdım.
- Niyə bu gün çəkilən serialları, filmləri tamaşaçılar hələ də qəbul edə bilmir?
- Ona görə ki, qeyri-peşəkarlar çoxdur. Son vaxtlar operatorların işini çox bəyənirəm. Əslində, istedadlı gənclər var, ayrı-ayrı layihələrdə yer alırlar. Onları bir yerə gətirmək mümkün olsa, ortaya ciddi işlər qoymaq olar. Məni indi narahat edən səbəblərdən biri də budur ki, bu sahəylə heç bir bağlılığı olmayan adamlar sponsorlar tapırlar, filmlər, seriallar çəkirlər. Axı onlar o iş adamlarını necə inandıra bilirlər ki, yaxşı iş qoyacaqlar ortaya? Halbuki bərbad iş görürlər. Mən gedib kiməsə film üçün ağız açsam deyərlər ki, yeri get, aktyorluğunu elə. Məktəbsizlik belə neqativ hallara səbəb olur. Ancaq yenə deyirəm ki, artıq son zamanlarda 2-3 seriala baxmaq olur. Əslində proses belə olur. Türkiyədə də, Rusiyada da kino sahəsi belə inkişaf edib. Sel gəlməmişdən qabaq çör-çöp gətirir. Düzələcək.
- Deyirsiz ki, ən böyük səbəb məktəbsizlikdir. Axı biz bu gün görürük ki, aktyor, rejissor təhsili olanlar da öz işinin öhdəsindən gələ bilmir. Bu həm də universitetdəki təhsilin səviyyəsinin göstəricisidir.
- Mən heç vaxt gəncləri qınaya bilməmişəm. Bəzən yaşlı sənət adamları gəncləri tənqid edirlər. Mən razı deyiləm. Bu saat yaşlı nəslin nümayəndələri arasında da zaylar var. Elə bəziləri bizim teatrda da var. Hər şey əldə ediblər, nəyəsə arxayın olub oturublar. Heç nə də etmirlər. İndiki gənclərin çoxu onlardan istedadlıdır. Mən deyim özünüz təsəvvür edin. O vaxt aktyorluğa 10-15 nəfər qəbul var idisə, 500 nəfər sənəd verirdi. O 500 adamın içindən 10 nəfər seçilirdi. Biz universitetdə oxuyanda görürdük ki, piləkənlərdən Adil İsgəndərov düşür. Həyətə düşürdük Mehdi Məmmədov gəlir. O yana baxırdıq Rza Təhmasibi görürdük. Artıq burda yaradıcılıq ruhu oyanırdı. Anlayırdıq ki, biz burda ciddi işlə məşğul olmağa gəlmişik. İndi bu şeylər yoxdur. Valideyinlər də övladlarını bu sahədən uzaq tutur. Ona görə ki, bizim peşəmiz həm də “çörəksiz” peşədir. İstəyirlər övladları biznesmen olsun, iş adamı olsun, iqtisadçı olsun. Halbuki bizim sahədə gəlir daha yaxşı olmalıdır. İndi 20 nəfər qəbul varsa, 18 nəfər sənəd verir. Fərqə baxın. Məcbur olurlar ki, hər kursa 2-3 nəfər başqa universitetlərdən kəsilmişləri qəbul etsinlər. Bəs bunların sabahı necə olmalıdır ki? Eyni zamanda heç bir teatra, kinoya lazım olmayan adamlar var ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirlər. Heç özləri səhnə danışığını bilmir. Onlar uşaqlara nə öyrədə bilərlər axı? Belə çatışmazlıqlar var.
- Bizim sənət adamlarında müəyyən bir vaxtdan sonra komplekslər əmələ gəlir. Şöhrət, ad-san qazanan kimi başqalarının da işlərinə müdaxilə edirlər. Bəs siz necə, rejissorlar hansı rolu versə, qəbul edirsiz, yoxsa müdaxilələriniz olur?
- Bizim teatrla müqaviləmiz var. Aktyor roldan imtina edərsə, rəhbərlik istənilən tədbiri görə bilər. Amma rəhbərlik özü də diqqət edir ki, hansı rolu hansı aktyora vermək olar. Aktyorlar arasında belə bir deyim var, “tamaşa darta bilən aktyorlar”, bilirlər ki, kim hansı rolun öhdəsindən gələ bilər və o rolu ona verirlər. Həm də bir məsələ də var ki, rol aktyorun ürəyincə olmayanda həvəslə məşq də etmir. Yola verir.
- Heç belə şey etmisiz?
- Yox, mənim bəxtib gətirib. Ürəyimcə olmayan rollar çox az təklif olunub. Əksinə, mən nadir aktyorlardanam ki, dəfələrlə baş rol veriblər, imtina etmişəm ki, yox, bu, filan aktyorun roludur. Mənə nazir oğlu obrazı verirdilər ki, oyna. Baxırdım ki, mən axı nazir oğluna oxşamıram. Sənətkarlıq göstərib bu rolun öhdəsindən gələ bilərdim, ancaq tamaşaçının qəbul etməyi də var axı. Nazir oğlunu Füzuli Hüseynov oynamalı idi. Ona görə ki, o səhnəyə çıxan kimi, hamı deyəcəkdi ki, hə, bu nazir oğludur. Aktyor üçün həm də böyük şansdır ki, öz rolunun rejissoru ola bilsin.
- Bayaq dediyimiz kimi, bir dönəm filmimizin və teatrımızın nəhəng aktyorları vardı, hərəsi bir məktəb idi. Sizi də o nəslin son nümayəndələrindən hesab etmək olar. Bu gün kimlərlə filmdə, teatrda tərəf müqabili olmaq sizə stimul verir?
- Var, istedadlılar çoxdur. Rəşad Bəxtiyarov, Ramin Şixəliyev, Elnar Qarayev var. Rövşən Kərimduxt var. Cavan deməyə dilim gəlmir, ancaq cavanların siyahısındadır. Çox talantlı, intellektual səviyyəsi yüksək olan aktyordur. Bir də rayonlardan gələn aktyorlara adətən üstdən aşağı baxırdılar ki, ləhçəsi hiss olunacaq. Amma Elxan Yunis, İlham Hüseynov fərqləndilər. Gənc tamaşaçılarda Şəbnəm xanım var, sanki kino üçün yaranıb, çox gözəl aktrisadır. Ülviyyə Xəlilbəyli var, Yağmur Şahbazova var. Çoxdur, istedadlı aktyorlarımız indi də var. Bu aktyorlarla işləmək çox xoşdur.
- Tarixi şəxsiyyətlərin, xalq qəhrəmanlarının obrazını yaratmaq o qədər də asan olmur. Aktyorun üzərinə ikiqat yük düşür. Belə rollarda tamaşaçı da hər aktyoru qəbul etmir. Sizcə, Həzi Aslanov obrazının sizin ifanızda yadda qalması Həzi Aslanovun öz qəhrəmanlığının nəticəsi idi, yoxsa bu rolu məharətlə ifa etməyinizin?
- Daha çox ikinci variant. Ona görə ki, o zamanlar hər kəsdə bir fikir formalaşmışdı ki, onsuz da bilirlər kimi çəkmək lazımdır. Həqiqətən də elə idi. Sumqayıt teatrından gələn, heç bir filmdə oynamayan bir gənci belə filmə çəkmək inandırıcı görünmürdü. Mənimlə bərabər, seçimlərdə 20 nəfər idi. Ələndik 10 nəfər qaldıq. O 10 nəfərdən də ən axıra 2 nəfər. Mən və kinostudiyanın direktor müavininin oğlu. Artıq əlimi üzmüşdüm ki, onu seçəcəklər. Tərəddüdlər başladı. Biri məni deyir, biri onu tərifləyir, axırda kinostudiyanın direktoru Eyvaz Borçalı dedi ki, qoy, rejissor seçim etsin. O kimi desə, onu da çəkək. Rejissor Rasim İsmayılov da o dəqiqə mənim adımı çəkdi. Ona həmişə təşəkkür edirəm ki, xarakter göstərdi. Həm də bu tip filmlərə məsuliyyətlə yanaşırdılar. Yəni tarixi şəxsiyyətlər haqda çəkilmiş filmlərdən çox az film parladı, yadda qaldı. Onlardan biri də “Sizi dünyalar qədər sevirdim” filmi oldu.
- Bəzən deyirlər ki, filankəsdən sonra filan rolu oynamaq çox çətindir. Sizin elə rolunuz varmı, düşünəsiniz ki, sizdən sonra o rolu oynamaq istənilən nəsil üçün çətin olar?
- Xeyr, belə düşünmürəm. Bu gün deyirlər ki, sizdən bir daha gəlməyəcək. Mən razı deyiləm. Bu gün bəlkə bizdən də istedadlı gənclər var. Sadəcə, onlardan düzgün istifadə etmək lazımdır. Məsələn, mən həmişə oynadığım rollarda öz səhvlərimi axtarıb tapıram. İndi nə edirsənsə kamil şəkildə etməlisən. Çünki gələcəkdə o səhvləri görən istedadlı insanlar o səhvləri etməsə, səndən üstün olacaqlar.
- Mən uşaq idim, bir tamaşanıza baxırdım, səhv etmirəmsə “Xəcalət” tamaşası idi. Çox ciddi sujet xətti olan tamaşa idi. Tərəf müqabillərinizdən biri tez-tez “çox gözəl, çox pakizə” sözlərindən istifadə edirdi. Və bu ciddi tamaşanın ortasında sizin ona cavabınız hər kəsi güldürmüşdü. Bu, impravizə idi?
- Bəli, Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşası idi. O tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşaçı çox yüklənirdi. Belə manevrlər lazım idi. Deməli, orda tərəf müqabillərimdən biri tez-tez “çox gözəl, çox pakizə” deyirdi. Mən də dedim ki, get, doktor, amma gethagetdə qardaşın sənə bir məshləhət versin, sən danışanda tez-tez çox gözəl, çox pakizə deyirsən, sən bunu tərgit. Denən niyə? Çünki Gözəl və Pakizə mənim bibim qızlarıdır, ərlərinin də xasiyyəti tünddür. Sən öl, bilsələr, səni xışlayarlar”.
- Keçən il xalq artisti Ramiz Məliklə aranızda insident yaşandı. Hətta məsələyə polis də qarışdı. Böyümədən öz aranızda həll etdiz. Ancaq bu yaxınlarda Ramiz Məlik dedi ki, əgər Ramiz Novruzu bağışlamasaydım, 3 il həbs verəcəkdilər. Bu həqiqətdirmi?
- Doğrudur, belə bir hadisə yaşandı. Və mən ondan yalnız böyüklüyünə görə üzr istədim. Ancaq bağışlamadım. Dedim ki, səni bağışlamıram. Aramızda barışıq oldu. İndi üstündən xeyli keçəndən sonra deyir ki, onu bağışlamasam, 3 il iş verəcəkdilər. Belə şeyə görə 3 il iş verirlər? Cavidan da bir az özündən çıxdı, amma dedim ki, fikir vermə, əhəmiyyətsiz məsələlərdir.
- Cavidan demişkən, “Vicdan haqqı” serialındakı rolunu çox bəyənirlər. Cavidanın yaşında olanda siz daha istedadlı idiz, yoxsa Cavidan?
- Cavidan. Tam səmimi deyirəm ki, Cavidan. Mən bu qədər gözləmirdim. Mənim üçün də surpriz oldu. Cavidan aktyor kimi tez həzm olundu. Mən əziyyətlə, zəhmətlə bu yerə gəlib çatmışam. Cavidan isə bunu tez bacardı. Cavidanla aramızda olan fərq budur ki, mən onun yaşında olanda bütün obrazların dərinliyinə gedirdim, axtarırdım ki, görüm burda heç kəsin bilmədiyi nələr var? Cavidanda hələ ki, bu yoxdur.
- Etibarlı insansız?
- Məncə, hə. Sadiqəm, etibarlı insanam. İnsanların mənim haqqımda fikirlərini yanıltmaram. Məşhur məsəldə deyildiyi kimi, göründüyüm kimi olub, olduğum kimi görünürəm. Qeyri-səmimi olmaq heç xoşuma gəlmir.
- Bəs, niyə Barat Şəkinskaya son günlərində məktub yazıb sizi görüşə çağıranda getməmişdiz?
- Hə... İndi də peşman olduğum məsələlərdən biridir. Deməzdim ki, getməmişəm. Bu getməmişəm kimi yozulmamalıdır. Evinin yerini dəqiq bilmirdim. Təxmini hansı istiqamətdə olduğunu bilirdim, ancaq dəqiq bilmədiyim üçün gedə bilməmişdim. Heç kəsə ağız da aça bilmədim ki, məni onun yanına aparın.
- Məktubda nə yazılmışdı?
- Çox səmimi məktub yazmışdı. O məktubu hələ də saxlayıram. Məktub belə başlayırdı: “Oğlum, sən məni tanımırsan. Biz tanış deyilik. Fikirləşə bilərsən ki, bu arvad niyə mənə məktub yazır? Mən səni televizorda görmüşəm. Televizordakı söhbətlərini görüb, sənə vurulmuşam. Səni görmək istəyirəm”. Və orda bir cümlə ürəyimi çox ağrıtmışdı. Deyirdi ki, “Ay Ramiz, mən nə qədər ciddi rollar oynamışam, amma insanlar məni Sənəm kimi tanıyırlar”. İndiyə kimi özümü bağışlaya bilmirəm ki, gərək o vaxt bir variant tapıb onun görüşünə gedəydim.
- Belə bir peşmanlığı sonralar öz ananıza qarşı da yaşamısız. O da yolunuzu gözləyib, ancaq görüşünə gedəndə artıq gec olub.
- Bəli. Sovet dövründə əlaqə saxlamaq çox çətin idi. Rayonla əlaqə yaratmaq bir dərd idi, kəndlə əlaqə yaratmaq da başqa dərd. Mənə deyirdi ki, niyə əlaqə saxlamırsan? Niyə bayramlarda zəng etmirsən? Onu sevindirmək üçün ayaqqabı almışdım. Ayaqqabıları da verə bilmədim. Qastrol səfərinə hazırlaşırdıq. Anam qəfildən dünyasını dəyişdi. Təəssüf ki, son dəfə görmək də qismət olmadı...
- Səhv etmirəmsə, böyük oğlunuz Nərimanın adını xalq şairi Nəriman Həsənzadənin şərəfinə qoymusuz. Necə olmuşdu bu?
- Doğrudur. O vaxt Sumqayıt teatrında Nəriman Həsənzadənin “Nəriman” poeması əsasında hazırladığımız “Qoy, bütün Şərq bilsin” tamaşasının premyerası idi. Premyera günü oğlum oldu. Nəriman Həsənzadə və Məlik Dadaşov soruşdular ki, uşağın adını nə qoyacaqsan? Gördüm ki, başqa variantım yoxdur, dedim, Nəriman...