19 Yanvar 2018 11:40
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı heç vaxt "əsgər"ə "əskər" deməyəcək, lap dilin şah qanunu bunu tələb etsə də.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış şair Aqşin Yenisey deyib. Onun sözlərinə görə, süni müdaxilələrlə dili yeniləmək sonra kəskin problemlər də yarada bilər:

“Bu, bir az atüstü, ayaqüstü münasibət bildiriləcək məsələ deyil. Əsaslandırılmış fikirlərlər olmalıdır. Süni müdaxilələrlə dili yeniləmək sonra kəskin problemlər də yarada bilər. Buna ən gözəl nümunə Türkiyə türkcəsidir. "Dil inqilabı"ndan sonra türk dilində ərəb-fars sözlərinin əksərən düzəltmə sözlərlə əvəzlənməsi xalq ilə dil arasında bir uçurum yaratdığını sezmək çox asandır. Əhalinin böyük hissəsi yeni türkcədə yazan, danışan intellektualların dilini anlamır. Məsələn, Azərbaycanda da çox sevilən bir türk tarixçi intellektualı var, İlbər Ortaylı. Onun xalq tərəfindən çox sevilməsinin səbəblərindən biri də danışığında xəlqi dilə üstünlük verməsidir. Yeni yaradılmış sözlərdən çox nadir hallarda istifadə edir. Bizim orfoqrafiya lüğətindəki dəyişikliklər akademik dilə deyil, daha çox xəlqi dilə edilən düzəlişlərdir. Və burada xalqın mövqeyni nəzərə almaq lazımdır. Əks halda xalq onsuz da bu düzəlişiləri qəbul etməyəcək və gərəksiz mübahisələr yaranacaq. Məsələn, "allah"ı böyük hərflə yazmaq anlayışa xəlqi tərəfdən uyğun, akademik tərəfdən səthi yanaşmadır. Siz bu anlayışı böyük hərflə yazıb, onu məna olaraq şəxsləşdirib kiçildirsiniz. Bu, yalnız etiqadı olan adamların xoşuna gələ bilər. Yaxud Azərbaycan xalqı heç vaxt "əsgər"ə "əskər" deməyəcək, lap dilin şah qanunu bunu tələb etsə də. Bu barədə daha əsaslandırılmış bir yazı ilə çıxış etmək fikrim var”.

Yazıçı Şərif Ağayarın fikincə isə bu islahatlar lazımlıdır və çox yaxşı haldır:

“İnternet və sürət əsrində yaşayırıq. Bütün qaydalar dövrün xarakterinə uyğun müəyyən olunmalıdır. Buna görə, islahatlara çox yaxşı baxıram. Nə qədər az işarə, nə qədər az hərf, nə qədər az söz olsa, o qədər yaxşıdır. Dövrün yazıçısı da məhz bu ahəngi tutub yazmalıdır. Sizə bir sirr açım: Türk ədəbiyyatı bax bu xüsusiyyətləri mənimsədiyi üçün bizdən qabaqdadır. Biz ya allı-güllü, altından tar-kaman səsi gələn cümlələrin dalınca düşüb kif iyi veririk, ya da müasirlik adıyla bayağı, primitiv, istedadsızlığın rəhni hesab olunacaq zir-zibil yaradırıq. Zamanın mahiyyətinə uyğun estetik ahəngi tapa bilmirik. Dil çox həssas sahədir. Zamanı ifadə etməsə ölümə məhkumdur”.

Yazıçı Səfər Alışarlı bəzi akademiklərin müvafiq komissiyanın heç nəyi vecinə almaması haqda bəyanatlarını doğru saymayıb:

“Orfoqrafik dəyişikliklərin yaxşı və ya pis nəticəsilə bağlı düşünmək lazımdır ki, dil normalarının müəyyənləşdirilməsində də müəyyən islahatlar gedir. Bəzi akademiklərin müvafiq komissiyanın heç nəyi vecinə almaması haqda bəyanatlarını doğru saymaq mümkün olmasa da, fikirləşmək lazımdır ki, müstəqil dövlətçilikdə həyatımızın çox vacib sahələrindən biri olan dil qaydalarının mükəmməlləşdirilməsinə ehtiyac var. Burası sovet dövründə ciddi nəzarət altında olub və bəzən Azərbaycanı çox da sevməyən adamlar tərəfindən yönəldilib. Ona görə müasir dilimizin qrammatikasında rus dili qrammatikasının təzahürləri aşkar görünür. Bu gün onları elmi nöqteyi-nəzərdən araşdırmaq, saf-çürük etmək, zərurini saxlamaq, şübhəlini kənara atmaq lazımdır.

Mən bundan əvvəlki müsahibəmdə də qeyd etmişdim ki, dilimizdəki bir çox sözlərin tələffüzü ilə yazılışı arasındakı fərqi minimuma endirmək işin yarısının yarısıdır. Bizim dil institutlarımız indi ümumtürk ortaq dilinin sözlüyünü, ümumi fonetik, morfoloji, sintaktik qaydalarını müəyyən etmək, xalqlarımız arasında qarşılıqlı ünsiyyəti və anlaşmanı daha da gücləndirə biləcək dil islahatları haqqında düşünməlidirlər. Siz baxın, özbək müğənnisi Yıldız Turdıyevanın bu yaxınlarda çox böyük məharətlə ifa etdiyi bir Azərbaycan mahnısı sosial şəbəkələrdə necə böyük rəğbət və məhəbbətlə qarşılandı. Güman ki, eyni reaksiya Özbəkistanda da yarandı. Bu məhəbbətin altında ilk növbədə dil faktoru durur. Ona görə də bizim dilçilər indi Bakı-Tiflis-Qars dil yolunun hər iki istiqamətə - həm Orta Asiyaya, həm də İstanbula doğru uzanması, möhkəmlənməsi və ən işlək bir əlaqə vasitəsinə çevrilməsinə öz layiqli töhfələrini verməyi bacarmalıdırlar”.

Qeyd edək ki, Dilçilik İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı son günlər mübahisəli məqamlar yaranıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər