Mən, “Şırvan aşıqlarının bülbülü” adlandırılan Aşıq Bəylər Qədirovu görməmişəm. Buna yaş həddim imkan verməyib. İxtiyar insanlardan eşitmişəm ki, Aşıq Bəylər digər Azərbaycan obaları kimi, bizim kəndimizdə də - indi Ağsu rayonunun ərazi vahidliyinə daxil olan Bico kəndində də (bu kənd 1943-cü ilə kimi Şamaxı rayonunun tabeçiliyində olub) onlarla toy məclisi idarə eləyib. Və aydın, məlahətli səsi, meydangirliyi, dastansöyləmə məharəti ilə camaatımızın sevimli aşığına çevrilib. Təbii ki, ağlım kəsəndən sonra, milli folklorumuza, aşıq yaradıcılığına ruhi bağlılığı olan kəndimizin bir sakini olaraq, özüm də plastinkalardan və kassetlərdən Aşıq Bəylərin unudulmaz ifalarını dinlədim və ustadın yaradıcılığına heyranlıqla bələd oldum. Şirvanda, sözün həqiqi mənasında,ustad aşıqlar çox olub. Onların coxu ilə qiyabı, yəni eşıitdiklərimdən, oxuduqlarımdan, səs yazılarından tanışam. Amma ötən əsrin son dövrlərində Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Rza Qobustanlı, Aşıq Yanvar Bədəlov kimi ustadların idarə etdikləri toy məclislərinin dəfələrlə canlı şahidi olmuşam. Əminliklə deyirəm ki, nəinki Şirvan aşıqlarının, bütün Azərbaycan aşıqlarının sırasında Aşıq Bəylərin yeri, zirvəsi, yolu ayrıdı və həmişə olacaq.
Aşıq Bəylərin həyatı və yaradıcılığı haqqında mətbuatda və kitablarda müəyyən qədər bilgilər verilib, amma onun ustadının kim olması haqqında hec yerdə yazılmayan məlumatım var. Məncə, bu məlumat maraq kəsb edə bilər. Belə ki, Aşıq Bəylərin sənət müəlliminin Aşıq Abbas Cəyirli olduğu rəsmi qeydiyyatlara, kitablara düşüb. Ancaq yaşadığım elin ağsaqqallarından, aşıq yaradıcılığını aşıqlar səviyyəsində (bəzən də daha cox) bilmiş baba-nənələrdən eşitdiyim məlumatlara görə, Aşıq Bəylərin ilk ustadı Bicolu Aşıq Alihüseyn olub. Bunu Aşıq Bəylər özü də vaxtilə el şənliklərində dəfələrlə “Allah, Aşıq Alıhüseynə rəhmət eləsin, mənə bu çörəyi O verib”, - şəklində etiraf edib. Əlbəttə, indi nə ustad Aşıq Bəylər, nə də həmin ağsaqqallar bu dünyada yoxdular və bu fikir inandıcı görünməyə də bilər. Lakin Aşıq Alıhüseynin, Aşıq Abbasın və Aşıq Bəylərin təvəllüdlərinə diqqət yetirəndə ağsaqqallardan eşitdiyim həmin fikirlər həqiqət kimi səslənir. Belə ki, Aşıq Alıhüseyn 1903, Aşıq Abbas 1908, Aşıq Bəylər 1914-cü ildə doğulub. Aşıq Bəylərin Aşıq Abbasla 6, Aşıq Alıhüseynlə 11 yaş fərqi var. Düzdü, Aşıq Alıhüseyn aşıq kimi tarixə salınmasa da, ustadı Mirzə Bilal olmaqla, dövrünün tanınmış istedadlı aşıqlarından olub. Ola bilsin, onun 1941-1945 müharibəsində həlak olması onu unutdurub. Günümüzə onun yalnız bir neçə şeiri və yaşlı insanların xatirələri gəlib çatıb. Həqiqət budur ki, Aşıq Bəylər hansı aşığın şəyirdi olmasından asılı olmayaraq, Azərbaycan aşıqlıq sənətinin zirvələrindən biridir.
Bu məqamda bir xatirəni də bölüşmək istərdim. Elə əslində yazımı da həmin mövzu üzərində qurmaq üçün başlamışam.
Aşıq Bəylərin “Cobanyaylağı” peşrovu üstündə oxuduğu “Telli sazım” havacatının sözləri məlumdu ki, aşığın özünə məxsusdur. Bunu şeirin möhürbəndindən də bilmək olur. Bu havacatı ola bilsin, ustad aşıq Şakir Hacıyev də oxuyub. Lakin bu gün mahnıyazma studiyasının texniki səhvi ucbatından “Telli sazım” Aşıq Şakirin oxuduğu havacatlar sırasına yazılıb və dinləyənlərə də belə catır. Təbii ki, Aşıq Şakirin başqa müəlliflərin imzasını mənimsəməyə ehtiyacı yox idi, ancaq texniki bir səhv “Telli sazım”ın müəllifini “dəyişdirib”. Aşıq Bəylər səsini tanıyanlar və aşıq yaradıcılığının araşdırıcıları da yaxşı bılırlər ki, Aşıq Şakirin ifası kimi təqdim olunan “Telli sazım”ı Aşıq Bəylər oxuyur. Bu barədə Aşıq Bəylərin ailə davamçıları muvafiq qurumlara və mp3 saytlarına iradlarını bildirsələr də, məsələ köklü olaraq həllini tapmayıb. Əgər “Telli sazım”ın müəllifliyi Aşıq Bəylərə qaytarılsa, yəqin ki, hər iki ustadın ruhu şad olar. Digər tərəfdən, aşıq yaradıcılığını izləyən soydaşlarımız da sözügedən musiqinin əslində hansı ustad aşıq tərəfindən səsləndiyini doğru qavrayar. Məncə, Aşıq Bəylərin yubileyi ərəfəsində bu məsələ həllini tapsa, ustadın ruhuna və ailə davamçılarına da bir töhfə olar.