26 Fevral 2018 14:52
5 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şübhəsiz ki, Azərbaycan film tarixində Qarabağ müharibəsi haqqında çəkilmiş ən mükəmməl film 1993-cü ildə istehsal olunmuş “Fəryad” filmidir. Filmin ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissoru və baş rol ifaçısı Ceyhun Mirzəyevdir. Filmdə "Ögey ana" fimindəki İsmayılla "Fəryad" filmindəki İsmayıl bir xarakterdə birləşdirilib. Balaca İsmayıl artıq böyümüş, ailə sahibi olmuş, batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…

“Fəryad” filminin hazırlıq prosesi 1992-ci ildə başlayır. Sınaq çəkilişlərində bir çox tanınmış aktyorlar iştirak edir. Onların arasında Fəxrəddin Manafov, Fərman Abdullayev kimi aktyorlar da olur. Ancaq son anda, rola uyğun olmasa da, Ceyhun Mirzəyev baş rolda özü çəkilmək istəyir. Heç kəs onun bu qərarına fikir bildirmir, bir növ uğursuz olacağından qorxub, susurlar. Çəkilişlər başlayır və çəkiliş prosesində filmin heyəti yanıldığına əmin olur. Çünki Ceyhun rola girmirdi, özünü oynayırdı. Daxilindəki iztirabları, Vətən sevgisini, Azərbaycan kişisinə xas qeyrəti göstərə bilirdi.

Filmin çəkilişləri 8 ay davam edir. Çəkilişlər Goranboyda, Murovdağın ətəyində aparılır. 20 nəfərlik heyət Naftalana ezam olunur, pansionatın binasında yerləşir. İsmayılın Xankəndidə saxlandığı evin dekorasiyasını isə Bakıda qururlar. Pavilyonda rəssam tərəfindən böyük bir dekor hazırlanır, zirzəmiyə girişin yeri müəyyən olunur. Amma zirzəmidə ermənilərin olduğu yer 5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə alınıb. Həmin yeri rəssam dekor edir. Sadəcə, filmdə olan bir yer iki müxtəlif məkanda çəkildiyi üçün, ardıcıllıq qorunmalı idi. Yəni evdən zirzəmiyə hansı tərəfdən düşürdülərsə, zirzəmidə də həmin istiqamətdə hərəkət davam etməli idi.
Filmdə heç bir xronikal kadrdan istifadə edilməyib. İlk kadrdan başlayaraq sonuncuya qədər hamısı quraşdırılıb.

Qar üstə yatanlar real Xocalı qaçqınlarıdır. Çəkiliş üçün 100-150 nəfər adam lazım olur. 2 "İkarus" uşaq, böyük - hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəlir. Həmin epizodun çəkilişləri zamanı Ceyhun Mirzəyev hönkürtü ilə ağlamağa başlayır. Filmin operatoru Kənan Məmmədov ondan niyə ağladığını soruşur, Ceyhun isə deyir ki, bu insanlar xilas olsa da, indi Xocalı dəhşətini yenidən yaşayırlar.

Ceyhun Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi isə tez-tez oynayırdı. Təklif edirlər ki, döyülmə səhnələrində onu kaskadyor əvəz etsin. O isə bundan imtina edir. Bildirir ki, bütün səhnələrdə özüm çəkiləcəm. Özü də məni həqiqətən döyün ki, təbii alınsın. Beləliklə, ona bronojilet və üstündən də öz geyimini geyindirirlər, erməni onu döyməyə başlayır. Amma bronojiletin olması da kömək etmir, çünki onu çıxardandan sonra bədənində izlər əməlli-başlı görünürmüş...

Filmin montaj prosesinin yekunlaşmağına az qalmış, Ceyhun Mirzəyev telestudiyada olan vaxt halı pisləşir, evə aparırlar, təcili yardım gələnə qədər isə keçinir. Onun ürəyi partlayır.

“Fəryad” filmi bir film kimi, ümumilikdə çox təsirli olsa da, bir epizodu tamaşaçıların yaddaşına əbədi həkk olunur. Ceyhun Mirzəyev, yəni İsmayıl evi yandırmaq istəyəndə görür ki, dığalar qaçıb zirzəmiyə girəndə uşağı unudublar, tez alovu söndürməyə çalışır, sonra da uşağa qoşulub ağlayır. Həmin an onun gözündən axan yaşlar dünyanın ən müqəddəs göz yaşlarıdır.

Qeyd: Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmində təsvir olunan hadisələr real faktlara əsaslanır və baş qəhrəmanın prototipi var. Belə ki, Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonunda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb. Sonralar əsir düşən ermənilərlə dəyişdirilən Mehman Hüseynov Bakıda yaşayırdı. O, 2015-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər