1 Mart 2018 23:20
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir

Filmin nümayişindən əvvəl çıxış edən “Ədibin Evi”nin nümayəndəsi Elnur İmanbəyli bu mədəniyyət ocağının gördüyü işlərdən söz açıb. Deyib ki, son bir ildən artıq müddətdə “Ədibin Evi”nin fəaliyyətinin çox vacib bir hissəsini görkəmli ədib və alim Mir Cəlalın ədəbi və elmi irsinə dair materialları toplamaq təşkil edib. Bu məqsədlə “Ədibin Evi” Milli Arxiv İdarəsi, Milli Kitabxana ilə çox sıx işləyərək Mir Cəlalın səs yazılarını, əlyazmalarını bir araya gətirib oxucular və tədqiqatçılar üçün əlçatan etməyə çalışır. Bugünkü tədbir də bu mənada önəm daşıyır. Çünki Mir Cəlalın ssenari müəllifi olduğu “Bir ailə” filmi yenidən ictimaiyyətə təqdim edilir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev ekran əsərinin ölkəmizə qaytarılması və bərpa edilməsi barədə danışıb. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin ortalarında kinematoqrafçılarla görüşündə “Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir” fikrini xatırladan Cəmil Quliyev “Bir ailə” filmini bu gün bu salnaməni yaradan və yaşadan ekran əsəri kimi səciyyələndirib. O deyib: “Bu il “Bir ailə” filminin 75 illik yubileyidir. Bu yubiley çox əlamətdar bir dövrə düşür. Bu il biz görkəmli ədib, alim, istedadlı pedaqoq Mir Cəlal Paşayevin 110, böyük bəstəkar Qara Qarayevin 100, həmçinin Azərbaycan kinosunun 120 illik yubileylərini qeyd edirik. Bu tədbirlərlə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb”.

Fransa kinematoqrafiyasının görkəmli xadimi Anri Lanqluanın “Filmlərin taleyi insanların taleyinə bənzəyir. Hər bir yaradılan filmin üzərində zamanın izi qalır. Filmə yanaşarkən ona zamanın prizmasından baxmaq lazımdır” fikrini xatırladan Cəmil Quliyev “Bir ailə” filminin də bu qəbildən olduğunu söyləyib.

Bildirilib ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu ekran əsəri hazırda Dövlət Film Fondunda saxlanılır.

Filmin çəkilişləri çox çətin dövrdə, İkinci Dünya müharibəsi illərində aparılıb. O zaman sovet rejissorları Qriqori Aleksandrov və Aleksandr İvanov Bakıya gəlmişdilər. Bakı Kinostudiyasında üç film - “Xəzər dənizçiləri” sənədli filmi, “Bir ailə” və “Sualtı qayıq T9” bədii filmləri çəkildi. Əfsuslar olsun ki, bu filmlərin ekranlara çıxmasına qadağa qoyuldu. Çünki bu filmlərdə Azərbaycan xalqının şücaəti, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbə qazanmaq naminə misilsiz xidmətləri tərənnüm olunurdu. Təbii ki, bu, Moskvada, Kremldə əyləşənlərin xoşuna gəlməmişdi. Ona görə də bu filmlərə qadağa qoyuldu.

“Bir ailə”nin əsas qəhrəmanı Azərbaycan xalqıdır

Filmin çox cəsarətli ekran əsəri olduğunu vurğulayan Cəmil Quliyev deyib: “Bu filmdə heç bir şüar yoxdur. Filmin əsas qəhrəmanı Azərbaycan xalqı, onun fədakar övladlarıdır. Ekran əsərində çox maraqlı qadın surətləri də var. Onlar Azərbaycan qadınının vətənpərvərliyini, gücünü əks etdirir. Filmin bütün dramaturji quruluşu və bədii təsviri Mir Cəlal Paşayevin rəhbərliyi altında həyata keçirilib”.

Diqqətə çatdırılıb ki, bu filmdə ilk dəfə Azərbaycan kinosunda kinosimfonizmdən istifadə olunub. Burada musiqi ilə təsvirin vəhdəti tamaşaçını heyran qoyur.

“Sənət ölməzdir. Azərbaycan kinosunun uğuru olan bu filmin yenidən bərpa olunması və ekranlara çıxması sənətin ölməzliyinin təsdiqidir”, - deyə Cəmil Quliyev vurğulayıb.

Sonra filmin nümayişi oldu.

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

Sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması ilə bağlı yazılıb: “Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks olunmayıb”... Səbəb aydındır: Mir Cəlal Paşayev öz ssenarisində göstərirdi ki, müharibənin bütün yükü sadə xalqın üzərinə düşür. O, öz çörək payını da müxtəlif millətlərin Bakıya təxliyə edilmiş nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının mənəviyyat moizələrinə, nitqlərinə yer verilməmişdi... Məsələnin kökündə həm də Azərbaycana qarşı müstəmləkəçi və qısqanc baxış dayanırdı. Elə Bakıya Qəhrəman şəhər adı verilməməsinin də səbəbi bu idi...

Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ekran əsərinin süjeti cəbhədə olan azərbaycanlı tankçı Nəcəfin birgünlük məzuniyyət zamanı aşiq olduğu Katya adlı rus qıza məhəbbəti ətrafında qurulub. Belə ki, əsgər yoldaşı yaxınlıqdakı şəhərdə tanış-bilişi olmayan Nəcəfə öz ev ünvanını verir. Nəcəf isə ünvanı səhv salır, başqa ailənin qapısını döyür. Ailə onun səhv gəldiyini bilsə də, üzünə vurmur, mehribanlıqla qarşılayır. Bir gündə Nəcəflə ailənin qızı Katya arasında sevgi bağı yaranır. Katya rolunu Lyubov Orlova, Nəcəf rolunu isə görkəmli aktyor Xosrov Məlikov ifa edib.

Naməlum şedevr

Sovet kinosunun ulduzlarından biri Lyubov Orlova xatırlayırdı: “Bakı qaçqınlarla dolu idi, almanlar isə artıq Krımı, Rostovu alıb Qafqazın üzərinə yeriyirdilər. Biz isə Bakı Kinostudiyasından çıxmayaraq gecə-gündüz çəkiliş aparırdıq”.

Kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: “Çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalı idi. Rejissorun və Orlovanın xahişi ilə çəkiliş meydançasına hərbi hissədən tank gətirilir. Tankın çəkilişdən sonra hərbi hissəyə qaytarılacağı deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməli idi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı verilir və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləliklə, cəbhəyə göndəriləcək tank məhv olub...”

Tanınmış kinoşünas Ayaz Salayev filmlə bağlı fikirlərini jurnalistlərlə bölüşərkən deyib: “Bir ailə” filmi naməlum şedevrdir. Bu, Azərbaycan kinosunda ilk filmdir ki, müstəqilliyin ab-havası duyulur. Bu da Mir Cəlal Paşayevin ssenarisi əsasında reallaşıb. “Bir ailə” Azərbaycanın son dərəcə ləyaqətli övladlarının İkinci Dünya müharibəsində əvəzsiz rolundan bəhs edən filmdir. Bu gün bu filmin üzə çıxması çox əhəmiyyətlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər