1 İyun 2018 12:04
4 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu mövzuda dəfələrlə açıqlama almaq istəsələr də, cavab verməmişəm. Şəxsi həyatımı gündəmə gətirməyi sevmirəm. Tam səmimi sözümdür, ilk dəfə sizə açıqlamaq istəyirəm.

Bu sözləri Teleqraf.com-a müsahibəsində gənc müğənni Samirə Əfəndi deyib. Müsahibəni təqdim edirik.

- Bir çoxları sənətə gəlmələrinin izahını uşaqlıqdan bu sahəyə həvəslərinin olması ilə izah edirlər. Sizdə də elə olub?

- “Tıq-tıq xanım” cizgi filmini çox sevirdim. Bütün günü ona baxırdım, mahnı oxuyurdum, tamaşa qururdum. Bizə gələn qonaqlar peşman olurdular. Deyirdim, əyləşin, indi sizə tamaşa göstərəcəm. Amma ailədə heç kəs mənim müğənni olmağıma razı deyildi, xüsusən atam və bacım... Anamla xalam isə həmişə dəstək verirdilər. Həvəsimi görüb, anam 3 yaşımda məni uşaq filarmoniyasına apardı. 4 yaşımda Oqtay Zülfüqarovun rəhbərlik etdiyi filarmoniyanın solisti oldum. “Cücələrim” ansamblında milli rəqs dərsləri də öyrənirdim.

16 nömrəli musiqi məktəbini bitirdim. 5 illik fortepiano təhsilim var. 9-cu sinifdə məktəbdən ayrılıb Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. I kursda yenə fortepiano, o biri kurslarda isə Natəvan Şeyxovadan estrada ifaçılığı və vokal dərsləri aldım. 4-cü kursda “Yeni ulduz 9" layihəsinə qatıldım, 9-cu olsam da, elə də əhəmiyyət vermədim və fəaliyyətimə davam etdim.

Mənə dedilər ki, bu yolu seçmisənsə, hər şeyi özün et, biz sənə kömək etməyəcəyik. Gürcüstandan müəllim gəlmişdi. İşə düzəldim, maaşımı yığıb o müəllimin dərslərində iştirak etməyə başladım. 2 il dərs aldım, ifa tərzim, səsim, nəfəsim tamamilə dəyişdi. Artıq, başa düşdüm ki, necə oxumalıyam.

Daha sonra “Avroviziya” müsabiqəsinın Kiyevdəki seçim turlarına qatıldım, amma finala keçə bilmədim. Bakıya qayıdıb yenə layihələrdə iştirak etdim.

- “Səs Azərbaycan”dakı çıxışınız birmənalı qarşılanmadı. Buna səbəb nə idi?

- Orda hər şey göz qabağında idi. Sadəcə, insanlar mənbəyi bilinməyən söhbətləri hardan eşidir, hardan yayır, bilmirəm. Lazımsız, ürəkbulandırıcı söhbətlər gəzir, ancaq yenə göz yumuram. Ailəm sağ olsun, həmişə mənə dəstəkdi.

“Səs Azərbaycan” layihəsindən sonra Qazaxıstana getdim. Almaata şəhərində keçirilən "SilkWayStar " yarışmasında Azərbaycanı təmsil etdim, üçüncü yerə layiq görüldüm. Bu il isə Moskva şəhərində “Crocus City Hall”da konsert proqramı ilə çıxış etdim. Hər işdə olduğu kimi, bəzi narazılıqlar olsa da, konsert çox yaxşı keçdi və əsas odur ki, tamaşaçıların yadında qaldım. Konsertdən sonra soruşdular ki, o Şakira kim idi?

- Bu yaxınlarda İstanbulda Türkiyənin sevilən müğənnisi Müşərrəf Akayla görüşmüşdüz. Xüsusi səbəb var idi, yoxsa adi bir görüş idi?

- Etibar Babayev sağ olsun, bizi tanış etdi, onun vasitəsilə Müşərrəf xanım məni verilişinə çağırdı. Çox gözəl çıxışımız oldu. Müşərrəf xanımın bu yaxınlarda konserti olacaq. Ona deyiblər ki, konsertdə Azərbaycan sənətçilərindən də kimsə olmalıdır, o da mənim adımı deyib.

Mənə dedi ki, inşallah, dəvətimi geri çevirməzsən, təklifimi qəbul edərsən. Razı oldum, indi xəbər gözləyirəm.

- Deyəsən, filmə də çəkilirsiz.

- Bəli. “Qış nağılı” adlı filmə çəkilirəm. Filmdə Gülər adlı rol oynayıram. Çox maraqlı obrazdır. Yalançı aşiqdir. Ssenarini tam açıqlamaq istəmirəm. Filmin təqdimatı qışda baş tutacaq.

- Adətən, insanlar uğur qazandıqca, ətrafındakı insanlar azalmağa başlayır. Bu, daha çox qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Siz də belə hallar yaşadızmı?

- Dostlarımı itirməmişəm. Amma salam-sağolum olan tanışlar var idi, indi bir az uzaqda dururlar. Yəqin düşünürlər ki, Samirə artıq, ulduz xəstəliyinə tutulub. Əgər həqiqətən bu cür düşünürlərsə, səhvdi… Onları görəndə salamlaşıram, görüşürəm. Düzdür, bəzən olur ki, adlarını qarışdırıram, birinə başqasının adını deyirəm. Bunu da başa düşməlidirlər, ətrafımda çox insan var…

- Rəqabətdə olduğunuz həmkarlarınız varmı?

- Heç kəsi özümə rəqib görmürəm, heç kəs də məni rəqib görməsin. Hər kəs öz yolunu təyin edir və gedir. Əsas odur ki, faydalı, səviyyəli iş görək.

Bəlkə kimsə məni özünə yenə rəqib bilir... Bir vaxtlar beləsi vardı, yəqin indi də olar. Məndən bu gün avtoqraf alan, şəkil çəkdirən adamlar sabah özünü fərqli aparır. Mən də deyirəm: Sayanın quluyam, saymayanın ağası.

- Siz daha çox müsabiqələrdə ölkəmizi təmsil etməyə can atırsız. Bəs gəlir qazanmaq haqda düşünürsüzmü? Məsələn, toylara gedirsizmi?..

- Toylara da gedirəm, ancaq mənim əsas məqsədim ölkəmizi təmsil etməkdir. Bir yerdə dayanmaq, özümüz üçün oxumaq istəmirəm. Başqa ölkələrdə də tanınmaq arzumdur.

Hollivuda baxın, hər il müxtəlif ölkələrdən, dünyanın hər yerindən iştirakçılar olur, təkcə Azərbaycandan başqa. Niyə? İnkişaf etmiş dövlətimiz, hər cür imkanlarımız var, biz niyə orda olmayaq?

- Ola bilərmi, birdəfəlik başqa ölkəyə köçüb, sonrakı fəaliyyətinizi orda davam etdirəsiz?

- Əslində istəyirdim. Londona köçmək fikrim vardı. Sadəcə, dil probleminə görə alınmadı. İngiliscəm pis deyil, ünsiyyət qura bilirəm, ancaq mütəmadi istifadə etmirəm deyə unutmuşam. Bir ara Türkiyəyə də getmək istəyirdim.

Bilirsiz, xarici ölkələrdə uzun müddət yaşaya bilmərəm. Buralara öyrəşmişəm. Xarici səfərlərdə olmağı, konsert proqramı ilə çıxış etməyi arzulayıram, ancaq yenə evimə qayıtmaq istəyirəm. Bəziləri deyir ki, burda nə var?.. Əksinə, nə varsa, elə burda var.

- Bəs kino sahəsində necə, davamlı olaraq filmlərə çəkilmək, özünüzü aktrisa kimi də sınamaq istərdiz, yoxsa “Qış nağılı” ilə kifayətlənəcəksiz?

- Bu layihədən öncə təkliflər alırdım, ancaq rədd edirdim. Film qəhrəmanı olmaq niyyəti ilə çəkilmək istəmirdim. “Cinemazadeh”dən isə təklif gələndə hava limanında idim, xaricə uçurdum. Dedim, Bakıya qayıdan kimi sizinlə əlaqə saxlayacam. Çünki onların şahidi olduğum bir neçə ciddi işləri var idi. Həm də filmin piarı da güclü olacaq, deyilənlərə görə, hətta “Kəklikotu”nun da piarından yaxşı olacaq. Mən də buna inandım, həm də filmin kinoteatrlarda nümayişi yeni il ərəfəsinə təsadüf edəcək, insanlar bayram günlərində istirahət edəcəklər. Filmin çox seviləcəyinə, baxılacağına inanıram. Film Türkiyə kinoteatrlarında da nümayiş olunacaq.

Filmin çəkilişləri zamanı başqa bir təklif də aldım, sadəcə, danışmağa bir az tərəddüd edirəm. Yeni təklifləri də dəyərləndirməyi düşünürəm. Təki qonorar yaxşı olsun, bir də ssenari mənim şərtlərimlə uyğunlaşsın.

Əvvəllər elə bilirdim, kino işi çox asandır. Amma indi bildim ki, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib…

- Çəkildiyiniz film komediya janrıdır. Rolunuzun öhdəsindən gəlmək, çətin olmadı ki?

- Bu film sırf komediyadır. Romantik filmləri, obrazları daha çox sevirəm. Amma o tip filmlərin də bir işi var: öpüşmək və yataq səhnələri çətin məsələdir…

- Sosial şəbəkələrdə aktivsiz, hərdən olur ki, xoşagəlməz ifadələr yazırlar. Sizcə, niyə? İnsanlarda qıcıq yaradan səbəb nədir?

- Hərdən dəhşətə gəlirəm… Görəsən, elə insanların iş-gücü yoxdur? Belə şeylər üçün onlara pul verirlər?

Mən özümü o yerə qoymamışam axı. Öz zəhmətimlə, bu işi sevə-sevə bu yerlərə gəlib çatmışam. Bir işi sevə-sevə görəndə, sənə heç sponsor da lazım olmur. İnsanlarla gözəl ünsiyyət qurmaq lazımdır. Çox az adamın hünəri çatar ki, məni təhqir etsin. Təhqir edənlər olanda da blok edirəm.

- Sponsor demiş, xalanız sizə bu mənada çox dəstək olub.

- “Hовая волна” musiqi yarışında iştirak etmək istəyirdim, amma tərəddüdüm vardı. Yuxuda gördüm ki, yarışda iştirak edirəm, ancaq ora getmək səbəbim başqadır. Yuxudan durandan sonra başladım ağlamağa. Anam soruşdu ki, sənə nə olub, niyə ağlayırsan? Dedim, nə edirsən, et, mən o yarışa qatılmalıyam. Dedi, xalanla danış, bilirsən ki, sənə kömək edəcək. Xalama zəng etdim, kartıma pul yatızdırdı, həmin gün Moskvaya uçduq. Düzdür, yarışmada iştirak etmək alınmasa da, arzum ürəyimdə qalmadı, getdim. Prodüserim Pəri dedi ki, biz Moskvaya şam yeməyi üçün gəlmişik.

- Tanınmış aparıcı Cavid Güllə münasibətiniz haqda söz-söhbət gəzir. Hətta Cavid şəkillər də paylaşmışdı. Bir müddət öncə demişdi ki, tanınmış bir xanımla münasibəti var, evlənmək haqda düşünür. Bu qarmaqarışıq məsələlərə aydınlıq gətirin, zəhmət olmasa. Nə baş verir?

- Bu mövzuda dəfələrlə açıqlama almaq istəsələr də, cavab verməmişəm. Şəxsi həyatımı gündəmə gətirməyi sevmirəm. Tam səmimi sözümdür, ilk olaraq, sizə açıqlamaq istəyirəm. Sonra deməsinlər ki, Cavidə görə məşhurlaşdı. Əsla elə deyil. Cavid yaraşıqlı gəncdir, yaxşı insandır. Böyük-kiçik yeri bilir... Hələ ki sevgili olmaq, evlənmək haqda heç nə düşünmürük.

Kimsə şəklimi paylaşıb ürək smaylı qoyursa, o demək deyil ki, sevgiliyik. Bu mövzuda çox ciddi problemlər yaşadım. İndi bu söhbətlər səngiyib, başqa mövzulara toxunurlar.

Biz Cavidlə çox yaxşı dostuq, bir böyük kimi ondan məsləhət alıram. Hər mövzuda söhbət edirik: dindən də, əxlaqdan da, sənətdən də. Evlənmək mövzusundakı sualları artıq, Cavid Güldən soruşsaz yaxşı olar.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər