11 İyun 2018 13:19
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdə maarifçilərdən tutmuş bu günün siyasətçilərinə, ziyalılarına qədər hər kəs cəmiyyət tənqidçiləridir, heç kim cəmiyyət qurucusu deyil. Eşitdiyimə görə, hakimiyyətə gəlmək istəyən Erkin Qədirli onu tənqid edənləri dərhal Feysbukda dostluğundan çıxarır. Çünki “pis nümunə” olmaqdan qorxur, bu cür aydınlar pis hesab etdiyi cəmiyyətin yaxşısı olmaq istəyirlər, onlar yaxşı cəmiyyət qurmaq istəmir, qurulmuş pis cəmiyyətə sahiblənmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri şair Aqşin Yenisey səsləndirib.

Onun sözlərinə görə, pis cəmiyyətləri bəzən daha yaxşı nümunələrlə deyil, daha pis nümunələrlə sağaltmaq lazımdır: “Həkimlər pis bakteriyalara yoluxmuş bədəni daha pis bakteriyalarla təmizləyirlər, yaxud qaraciyəri spirtlə zəhərlənmiş xəstəyə daha tünd spirt içirirlər. Buna şok effekti də deyilir. Volter qoca yaşlarında Fransadan qaçanda dostunun 28 yaşlı arvadını da qoltuğuna vurub aparmışdı. Bu hadisə insan azadlığını ancaq burjua əxlaqı çərçivəsində tanıyan fransız cəmiyyəti üçün şok effekti idi. Bu gün Azərbaycan aydını da “pis nümunə” olmağa məhkumdur. O, yaxşı nümunə olmağa can atdıqca cəmiyyətin məsuliyyətini öz üzərinə götürmüş olur, məsuliyyətin bir əldə cəmlənməsi isə cəmiyyəti daha da pozğunlaşdırır”.

Aqşin Yenisey qeyd edib ki, Avropa modernistləri bunun əksini edərək, öz pozğunluqları ilə cəmiyyətin məsuliyyətini onun öz üzərinə atıb: “Azərbaycanda ictimai məsuliyyət həmişə beş-altı şair-şuürin, siyasətçinin çiynində olub, ona görə xalqda “ictimai” deyə heç bir dəyər yoxdur. Bu günün aydını bunu görməlidir və müğənnidən əvvəl “soyunmaqdan” qorxmamalıdır. Xalq “ağzının danışığını bilməyən” gənc yazıçıları-filanı ona görə təhqir edir ki, ictimai məsuliyyətin öz üzərinə atılmasını istəmir. O, qorxur ki, aydın onun məsuliyyətini daşımaqdan imtina etsə, rüşvət verib oğlunu işə düzəldə bilməyəcək. Ona bu eybəcərliyini balanslaşdıran bir dəyər lazımdır. Bu dəyər isə onun mənəvi-ictimai məsuliyyətini belinə şələləyən ağıllı bir adam olmalıdır. Xalq ziyalı dedikdə, “ictimai hambal” demək istəyir”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər