“İranda əlyazmalar aşkar edib Azərbaycana gətirmişik. Onların içində Kərbəla hadisəsinə və İmam Hüseynə aid mərsiyələr var. Həmin nümunələrin içində dəfələrlə Azərbaycanın adı çəkilir. Axı, bizim xalqımız heç vaxt sərhədlərin mövcudluğunu, Güney-Şimalı ayrılığını düşünməyib”.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı Sayman Aruz belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Güney Azərbaycan ədəbiyyatından danışanda məsələ elə bil, Şəhriyarla məhdudlaşır. Ola bilsin, bizdə bu haqda məlumat çox azdır və ya o ədəbiyyat bizə məhdud şəkildə təqdim edilir. Bizə Güney ədəbiyyatı haqda danışardız...
- Güney ədəbiyyatı bir neçə il əvvəllərə qədər Şəhriyar çərçivəsindən kənara çıxa bilmirdi, amma son 10 ildə orada çoxlu yeni şairlər, yazıçılar ortaya çıxıb. Biz onları Azərbaycanın ədəbi mühitinə təqdim etmişik. 22 kitab, 3 antologiya çap etmişik, çoxlu sayda tədbirlər keçirmişik. Biz böyük bir ədəbi dalğanın o tərəf-bu tərəfə hərəkəti üçün körpüyə çevrildik. Nəhayət, böyük bir prosesi başlaya bildik.
Əlbəttə, bu gün Güney Azərbaycanda ədəbiyyat sürətli inkişaf yolundadır. Sadəcə olaraq, bu ədəbiyyata güclü dəstək lazımdır. Mənəvi dəstək kifayət deyil, maliyyə dəstəyi də olmalıdır. Məsələn, xalq şairi Balaş Azəroğlunun dönəmində bizim katibliyimiz var idi. Həmin katibliyi bərpa etmək və büdcəsini formalaşdırmaq gərəkdir. Biz də ardıcıl kitablar çap edək, qonaqlar dəvət edək. Jurnalın da olması vacibdir. Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin jurnalı yoxdur. Jurnalsızlıq da problem yaradır ki, biz güneyli yazarların əsərlərini ardıcıl çap edə bilmirik. Buna baxmayaraq, biz fəaliyyətimizi davam etdiririk. Yaxın zamanlarda Səməd Behrəngi ədəbi mükafatını Güneydən olan yazarlara təqdim edəcəyik. Gələn ay da oradan qonaqlarımız olacaq.
- Güney poeziyası Şəhriyarla böyük bir zirvəyə qalxsa da, elə bil, nəsr bu zirvənin kölgəsində qalır və burada nəsrə o qədər də marağın olmadığı təəssüratını yaranır...
- Hazırda Güney Azərbaycanda kifayət qədər nəsr yazan yazıçılarımız var. Amma orada da, burada da şeir yazan daha çoxdur. Ümumiyyətlə, Azərbaycan folkloru və ədəbiyyatı şeirin, poeziyanın üstündə qurulub. Şimali Azərbaycanda da nəsrdə yazanların sayı barmaqla sayılacaq qədər azdır. İndi demək olar ki, hamı şeir yazır.
Amma bu o demək deyil ki, Güney Azərbaycan ədəbiyyatı hələ də Şəhriyarın kölgəsində qalır. Bizim nəsrdə yazan Səməd Behrəngi, Qulamhüseyn Saidi kimi yazarlarımız var, son dönəmlərdə Mənzuri kimi yazarlarımızın da adını çəkə bilərəm.
Sadəcə maddi imkanlarımız məhduddu deyə, onları lazım olan qədər çap edə və təbliğatını qura bilmirik.
Hər halda Güney Azərbaycan nəsri inkişaf yolundadır. Nəzərə almaq lazımdır ki, orada ana dili qadağan edilib, ana dilində təhsil yoxdur. Güneyli yazarlarımız Azərbaycan dilinin qrammatikasını yaxşı bilmədikləri üçün ana dilində nəsrdə yazmaq onlar üçün problemə çevrilib.
- Yəni, hələ də Güneydə fars dilində yazmaq məcburiyyəti qalır...
- Media, ali və orta məktəblərin hamısı orda fars dilindədir. Bizi farslaşdırmağa çalışsalar da, xalqımız assimilyasiya olmayan xalqdır. Yəni, özünü saxlayır, sadəcə məktəbsizlik ciddi problemdir. Qrammatikanı doğru bilmədikləri üçün yazdıqları cümlələr anlaşılmaz olur. Biz də buradan onlara kömək edirik, əsərlərindəki anlaşılmazlıqları redaktə edib aradan qaldırırıq.
90 ildir Güneydə fars dili məcburiyyəti var. Yəni, 90 ildir ki, orada xalqımıza qarşı mədəni soyqırım davam edir. Məsələn, bir neçə gün əvvəl İranda yeni tədris ili başladı. 18 minə yaxın azərbaycanlı şagird birinci sinfə daxil oldu. Amma onlar Azərbaycan yox, fars dilində təhsil alacaqlar. Təsəvvür edin ki, ibtidai siniflər üçün olan dərsliklərdəki İran xəritəsindən Urmiya gölünü çıxarıblar. Xalqımıza öz coğrafiyasına, mədəniyyət və tarixinə biganəlik aşılmağa çalışırlar. Bunların hamısı bizə çətinlik yaradır.
- XIX əsrin ikinci yarısında Güneydəki ədəbi canlanma XX əsrin əvvəllərində sanki dayandı və bu vəziyyət əsrin ikinci yarısınadək dəyişmədi. Halbuki bu dönəmdə Zeynalabdin Marağayi İran ədəbiyyatının ilk sosial romanı olan “İbarhim bəyin səyahatnaməsi”ni yazmışdı. Bəs birdən-birə yaranmış bu durğunluq nə ilə əlaqədar idi?
- Bu dövrdə baş verən siyasi gərginlik müəyyən ləngiməyə yol açdı. Təkcə XIX-XX əsrlər yox, islam inqilabından sonra gedən proseslər, İran-İraq müharibəsi də Güneydə ədəbi mühitə mənfi təsir göstərdi. Bu ləngimə 2003-2004-cü ilədək davam etdi. Amma son 14 ildə yaranmış boşluqlar doldu, ləngimə aradan qalxdı. İddia edə bilərəm ki, XVIII əsrdən bu günədək Güney Azərbaycan ədəbi mühitində davamlı olaraq, cəmi 10-15 il ləngimə olub.
XX əsrin əvvəllərində İranda baş vermiş siyasi gərginlikdən istifadə edərək, bizim yazarlarımızın əlyazmaları gizlədildi. Onlar dünyaya təqdim edilmədi, təqdim edilsə də, fars yazarları kimi göstərildi. Buna görə də, bizim yazıçılarımız itdilər, yaxud arxivlərdə gizlədildilər.
Biz onları ortaya çıxara bilsək görəcəyik ki, xalqımız heç vaxt yaradıcılıqdan uzaq düşməyib.
- Bəs yazılan əsərlərdə Azərbaycan ab-havası necə, bu, hiss olunurmu? Məsələn, Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” əsərində, Marağayinin “İbrahim bəyin səyahətnaməsi”ndə, yaxud Şəhriyarın “Heydər babaya salam”ında olduğu kimi...
- Bütün əsərlərin hamısında Azərbaycan ab-havası var, daha doğrusu Azərbaycan ab-havasında yazılır. Azərbaycan, bayraq, azərbaycançılıq sevgisi var. İranda əlyazmalar aşkar edib Azərbaycana gətirmişik. Onların içində Kərbəla hadisəsinə və İmam Hüseynə aid mərsiyələr var. Həmin nümunələrin içində dəfələrlə Azərbaycanın adı çəkilir. Axı, bizim xalqımız heç vaxt sərhədlərin mövcudluğunu, Güney-Şimalın ayrılığını düşünməyib. Siyasi fərqlər olub, amma bu, xalq ayrılığı mənasına gəlməyib. Biz o taylı, bu taylı həmişə ana vətənə bağlı olmuşuq.
- Bu əsərlərdə elmi-texniki yeniliklər, qloballaşan dünyada baş verən mütərəqqi dəyişikliklər öz əksini tapırmı? Burada belə bir təəssürat var ki, hələ də Güneydə yazılan əsərlərdə orta əsr ənənələri özünü saxlayır.
- Güneydə də elə bilirlər ki, buranın ədəbi mühitində vəziyyət elədir. Bu, təbliğatın yaratdığı təəssüratdır. Sadəcə Güney Azərbaycanda vəziyyət elədir ki, orada fars dilinin güclü təbliğatı aparılır. Orada hər gün fars dilində oxuyurlar.
Bu gün dünyada yeni əsər yazılıbsa, 10-15 gün sonra bu əsər tərcümə edilib çap olunur. Bu o deməkdir ki, Güneydə dünya ədəbiyyatı Şimaldan daha tez oxunur. Bu, bir etirafdır.
Mənim 20 il əvvəl Güney Azərbaycanda oxuduğum əcnəbi yazarları burada indi tərcümə edirlər. Avropanın, Amerikanın elə yazarları var ki, onların əksəriyyəti hələ də Şimalda tərcümə olunmayıb. Ona görə də Güneydə elə təəssürat var ki, Şimalın dünyadan xəbəri yoxdur. Amma mən bu düşüncənin əleyhinəyəm. Güneyin və Şimalın əldə etdiyi ədəbi nailiyyətləri birləşdirib, vahid Azərbaycan ədəbiyyatı yaratmaq lazımdır.
- Yəni, Güneyin ədəbi mühitinin qapısı postmodernizm və digər ədəbi cərəyanlara açıqdır...
- Postmodernizmə ciddi meyillilik var. Mən bunu təqdir etməsəm də, Güney Azərbaycanda avanqard və postmodernist ədəbiyyat ciddi şəkildə yayılır. Amma bunun fonunda klassik ədəbi ənənələri davam etdirən – qoşma, gəraylı, qəzəl və sair janrlarda yazan şairlərimiz var.
- XX əsrin ikinci yarısında daha dolğun və sanballı əsərlər ortaya çıxıb. Bu dönəmin Xoşginabi, Əli Tudə, Ruqiyyə Səfəri, Aqşin Ağakərimli kimi nümayəndələri var. Ancaq onlar da şair kimi sevilirlər. Belə desək, güneylilərə görə, niyə ədəbiyyat adamı ancaq şair olmalıdır, yaxud poeziyaya olan bu sevgi haradan irəli gəlir?
- Güneydə şairlər həmişə inqilabçı olublar. Yaxud bizim inqilabçılar şair olublar. Yəni, biz şeirlə inqilab etmişik, şeirlə ayağa qalxmışıq. Dədə Qorqudun qopuzuyla üsyanlar etmişik. Bizim ən qədim nasirlərimiz də tam olaraq nəsrdə yazmırdılar, içinə şeir qatırdılar. Şeir xalqın, nəsr isə təfəkkürün dilidir.
Qrammatikanı, yaxud Azərbaycan dilini yaxşı bilmədikləri və sürətli dəyişikliklərə ehtiyacımız olduğu üçün şeirə daha çox üstünlük verilir. Nəsr yazmaq üçün oturuşmaq lazımdır.
- Təzyiqlər qarşısında olmasına, ağır şərtlər daxilində ortaya çıxmasına baxmayaraq, Güney ədəbiyyatında pozitivlik var. Bunun mənbəyi haradan başlayır? Bu, İran hakimiyyətinin “Damokl qılıncı”nın yaratdığı zorakı pozitivlikdir, ya necə? Vaxtilə SSRİ-də yazarlar Stalindən qorxaraq, müsbət auralı əsərlər yazmağa məcbur olurdular, daha doğrusu, onları belə yazmağa məcbur edirdilər.
- Bu pozitivlik, müsbət ab-hava olmasa, xalqı kim öz arxasınca apara bilər? Mənfi auralı ədəbiyyat bu xalqı ölümə sürükləyərdi. Bizim ədəbiyyatımızda ümid həmişə olub. Xalqımızın gələcəyə ümidləri var. Həmin ümiddir bu xalqı ölməyə, boyun əyməyə qoymur.
Yəni, ədəbiyyatdakı bu müsbət ab-hava İran hakimiyyətindən olan qorxunun hesabına deyil. Bu xalq həmin hakimiyyətin taleyini bir günün içində həll edə bilər. Xalqımız güclü və istedadlıdır. Bu pozitivlik qorxudan yox, gücdən gəlir. Həmişə zəif adam mənfi düşüncələrdə olur.
- Bəs İranın təhsil müəssisələrində güneyli yazarların əsərləri tədris edilirmi?
- Qəti şəkildə heç bir yazıçı və şairimizin əsərləri tədris olunmur.
- Heç birinin?
- Yalnız Şəhriyar haqda müəyyən məlumatlar yer ala bilər.