Uzun müddətdir ki, kitablardan uzaq düşmüşəm. İş, sosial qayğılar, sağlamlıq... Əvvəllər mənim üçün kiçik bəhanələrə bənzəyən bu problemlər indi məni ən sevdiyim məşğuliyyətlərdən belə aylarla uzaq salmağa bəs edir. Bu siyahıya isə mütaliə başçılıq edir. Çünki mən kitab oxumağa dərin bir sənət növü kimi yanaşıram. Dünyanın ən yaxşı kitabını yazmaq o qədər də çətin deyil. Əsas olan onu oxuyanın haqqını verməsidir. Bunun üçünsə mənə kifayət qədər zaman və şərait lazımdır.
(Yaxşı şeylər ən gözlənilməz zamanlarda baş verir...)
Bu şəraitsizlikdən gileylənə-gileylənə, bir az da ölkə gündəmindən yorulub-usanmış vəziyyətdə özümü paytaxtın ən qlamur məkanlarından sayılan ticarət mərkəzlərindən birində açılmış yeni kitab mağazasında tapdım. Burada həm də çox səliqəli, müasir kafe də fəaliyyət göstərir. Rəflərin arasında gəzinəndə gözümə çox doğma biri dəydi.
Dilqəm Əhməd.
Nə gözəl təsadüf...
Ən az Azərbaycan Cümhuriyyətinin qurucuları qədər fədakar olan bu insan ömrünün yarısından çoxunu fəda etdiyi amalının daha bir bəhrəsini xalqa təqdim etməklə məşğuldur. Özü də paytaxtın ən qlamur məkanlarından sayılan ticarət mərkəzlərindən birində açılmış yeni kitab mağazasının səliqəli və müasir kafesində. Ürəyimdə cümhuriyyətin elan olunmasını eşidən insanların sevincinə bənzər bir sevinc ilə Dilqəm Əhmədin yanına tələsirəm. Salamlaşırıq. Məlum olur ki, o gün həm cümhuriyyətin şanlı səhifələrinin ən gözəl guşələrində yer alan dahi şəxsiyyət Əhməd bəy Ağaoğlunun xatirələrindən ibarət kitabın təqdimatı, həm müəllifin daha öncə çap olunmuş 3 kitabının, eləcə də, baş redaktoru olduğu “Çapar” tarix dərgisinin imza günüdür.
“Milliyəti: Türk”ün mahiyyətini elə müəllifin özündən maraqlanıram. Məlum olur ki, bu kitab “Çapar” yayınları çərçivəsində nəşr olunub:
“Biz artıq 3 kitab nəşr etmişik. Elə ilk kitab da mənimkidir. “Milliyəti: Türk” mənim müxtəlif qəzetlərdə, portallarda çıxan, xüsusilə, “Teleqraf.com” üçün yazdığım yazılardan ibarətdir. İkinci kitab “Ergenekon bayramı” adlanır ki, bunu da Novruz bayramı münasibətilə çap etmişik, üç azərbaycanlı mühacirin məqaləsindən ibarətdir. Üçüncü kitab isə Əhməd bəy Ağaoğlunun xatirələrindən ibarət kitabıdır ki, bugün ilk dəfə oxuculara təqdim olunur. Xoş bir təsadüf oldu ki, bugün cənab prezident tərəfindən Əhməd bəy Ağaoğlunun ölümünün 150-ci ildönümü ilə bağlı sərəncam imzalandı. Aprelin 15-i saat 14-də ADA Universitetində Ağaoğlu sərgisi təşkil edəcəyik. Hər kəsə açıqdır. Əhməd bəyin nəvəsi mənə böyük bir arxivi hədiyyə etmişdi. Özüm də Türkiyədə yaşadığım müddətdə Ağaoğlu ailəsinə aid xeyli material toplamışdım. Sərgidə həm bu materiallar nümayiş olunacaq, həm də imza mərasimi baş tutacaq”.
Dilqəm Ağaoğlunun nəvəsi Tektaş bəylə düz dörd dəfə görüşüb. Ancaq dördüncü görüşündə ondan babası ilə bağlı nəsə istəməyə cəsarət göstərib:
“Ümumiyyətlə, mühacirlərin sonrakı nəsilləri Azərbaycandan gedən insanları isti qarşılayırlar. İlk görüş tanışlıq görüşü olur, adətən. İlk görüşdən onların güvənini qazanmağa çalışırıq. Növbəti görüşlərdə tədricən ailə xatirələri, yadigarları ilə bağlı suallar verməyə başlayırıq. Çünki bəzi etik dəyərlər var. Əhməd bəy bizim üçün görkəmli şəxsiyyət, ictimai xadim olsa da, o insanların doğma babasıdır. Onlar da doğma babalarına aid olan fotoşəkilləri, materialları ailə sərvəti hesab edirlər. Ona görə də birbaşa həmin materialları onlardan istəmək, onlara toxunmaq olmaz. Ağaoğlu ailəsi mənə yalnız dördüncü görüşümüzdən sonra etibar etdilər və istədiyim materialları götürməyə icazə verdilər... Bu ilə çatdıra bilmədik, amma yaxın zamanlarda Ağaoğlu ailəsindən bəhs edən kitab nəşr edəcəyik”.
Ağaoğlu möhtəşəmliyini, görkəmini Azərbaycana yenidən tanıdan, cümhuriyyətin tozlu səhifələrinə tam başqa bir pəncərə açan Dilqəm Əhmədin işləri bununla da yekunlaşmır. Hətta qarşıda Azərbaycan ədəbiyyatını daha möhtəşəm əsərlər gözləyir. Dilqəm də hazırda məhz bu kitab üzərində işləyir:
“Sovet İttifaqının ikinci şəxsiyyəti adlandırılan, ittifaqın qanlı üzünün təmsilçisi olan Lavrenti Beriya haqqında kitab hazırlayırıq. Bu kitabı dostum, tarixçi Ruslan Rəhimovla birlikdə yazırıq. Beriyanın Azərbaycan tarixində də müəyyən rolu var. Kitabda yeni olan nədir? Beriya Azərbaycan Cümhuriyyəti dövründə kəşfiyyat idarəsində çalışıb. O, qətlə yetirildiyi zaman haqqında qaldırılan ittihamlardan biri də onun “Musavat” agenti işləməsi olub. Biz bu mövzuda Azərbaycan tarixşünaslığı üçün yeni olacaq kitab hazırlamışıq, tezliklə çapa verəcəyik. İlin sonunda isə Rəsulzadənin 135 illiyi ilə bağlı bir kitab işıq üzü görəcək. İddia edirəm ki, çox möhtəşəm iş olacaq”.
Dilqəmin gözlərindəki həyəcandan belə başa düşürəm ki, növbəti layihədə Rəsulzadə ilə bağlı heç yerdə bilinməyən, görülməyən detallar yer alacaq. Bu xəbərin həyəcanını başqa suallarla unutmaq istəmir və bu zəhmətkeş insana axtarışlarında uğurlar arzulamaqla kifayətlənirəm.
Kafedəki klaviatura çıqqıltılarının, kitab səhiflərinin xışıltılarının, səmimi dost söhbətlərinin və körpə gülüşlərinin arasından tanış bir səs çalır qulağım. Bu səs təkcə mənə yox, kitablara, kitabı sevənlərə və dəyər verənlərin qulağına tanışdır həm də.
Qulu Məhərrəmli.
Nə gözəl təsadüf...
Qulu müəllimlə belə müqəddəs gündə söhbətləşmədən getmək tarixin ən yolverilməz yanlışlıqlarından olardı... Elə buna görə də ərkanla salam verib masamıza dəvət etdim. Tərəddüd belə etmədən. Çünki Qulu müəllim kiminlə, harada və nələri söhbət edəcəyinin ən gözəl bilicisidir. Özü razılıqla sözə başlayır:
“Son zamanlar kitabla bağlı tədbirlər intensivləşib. Əvvəla, kitab mədəni bir mühit yaradır. İnsanlar bir araya gəlir, kitab haqqında fikir mübadiləsi olur. İkincisi, yaxşı kitab olanda, məsələn, elə Dilqəm Əhmədin bu gün təqdim etdiyi kitablar kimi, bizim də qəlbimiz sevinir. Kitabın dəyəri qalxırş. Kitab yazan müəlliflər yavaş-yavaş üzə çıxır. Üzə çıxdıqca da biz görürük ki, bu cəmiyyət təkcə şoudan ibarət deyil. Düşüncə var, fikir var, ağıl var. Bu cəmiyyətə istiqamət verə bilən, dəyələrini təbliğ edən insanlar var. Dilqəm də bu baxımdan çox maraqlı məsələlərə toxunur. Özü də onun toxunduğu mövzular yerinə düşür. Məsələn, elə təqdimat əsnasında ölkə prezidenti Əhməd bəy Ağaoğlu ilə bağlı sərəncam imzaladı. Bu, çox ciddi mədəniyyət hadisəsidir. Bizim cəmiyyət hələ ki, Əhməd bəy Ağaoğlunu, ümumiyyətlə, həmin dövr nəsillərini yaxşı tanımır. Məsələn, biz Həsən bəy Zərdabini yalnız qəzet işinin əsasını qoyan adam kimi tanıyırıq. Amma halbuki, Zərdabi Azərbaycan mədəniyyəti və düşüncə tarixində yeni adamdır. Zərdabi ilk qeyri-hökumət təşkilatını, yəni xeyriyyə cəmiyyətini yaradıb, teatrın əsasını qoyub, qəzet yaradıb. Faktiki olaraq, bir kütləni dəstədən, tayfadan milli düşüncəyə doğru gətirən adam olub. Ona görə də belə şəxsiyyətləri təbliğ etmək, onlar haqqında yazmaq, əsərlərini yenidən nəşr etmək lazımdır. Çünki bunlar hamısı qiymətli xəzinədir”.
Belə möhtəşəm fikirləri eşitdikcə, tarixin tozlu səhifələrində saralıb qalan şəxsiyyətlərlə daha yaxından tanış olduqca, onların irsini yaşadan insanlarla həmsöhbət olduqca insanın yaşamağa, yaratmağa, oxumağa, ümid etməyə, sevməyə həvəsi artır. Gələcəyə ümidi işıldayır. Kaş ki, Ağaoğlular daha çox yaşaya, kaş ki, Dilqəmlər daha çox yarada, kaş ki, insanlar vətənlərini, dəyərlərini, tarixlərini daha çox sevə...