Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" praktik təlim kursu layihəsini həyata keçirən Polşa kinematoqrafçıları ilə görüşüb. Teleqraf.com xəbər verir ki, tanınmış kino mütəxəssisləri Miroslav Dembinski və Maçyej Driqasın beynəlxalq layihəsi əsasında təşkil olunan kurslarda kino təhsili alan azərbaycanlı tələbələr və gənc rejissorlar iştirak edir. Kurs iştirakçıları qısametrajlı sənədli filmlər üzərində çalışıblar.
Nazir ustad dərslərinin gedişi və təlim prosesi ilə yaxından tanış olub, gənc azərbaycanlı rejissorların ustad dərsləri zamanı çəkdikləri filmlərə baxıb. Əbülfəs Qarayev bildirib ki, layihə yeni ideyaların formalaşmasına təkan verəcək: “Hesab edirəm ki, bu təcrübə geniş yayılmalıdır. Gələn il Polşadan gələn mütəxəssislərlə animasiya filmləri üzrə ustad dərsləri də təşkil etməyi planlaşdırırıq. Çünki bu, yeni baxış deməkdir. Bundan əlavə, qarşılıqlı əlaqə və təcrübə mübadiləsi sahəsində əlaqələri davam etdirərək səs rejissorları, operator və digər texniki sahələrdə çalışanlar üçün xüsusi kurslar təşkil edəcəyik. Son illərdə Azərbaycan kinosunun inkişaf yolu göstərir ki, kinoda gənclərə açdığımız yol öz bəhrəsini verməkdədir. Bir neçə beynəlxalq festivalda Azərbaycan filmlərinin yüksək qiymətləndirilməsi buna bariz nümunədir".
Nərmin