18 İyun 2019 16:58
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə daha çox publisistik məqalələri ilə tanınan yazıçı Orxan Aras görkəmli Azərbaycan şairi və publisisti Tofiq Abdin haqqında Türkiyədə kitab nəşr etdirib.

Teleqraf.com xəbər verir ki, “Pem” nəşriyyatında çıxan kitabda qısa şəkildə Tofiq Abdinin həyatı, yaradıcılığı nəzərdən keçirilib, şeirləri və müsahibəsi verilib, yazıçının ölümündən sonra ölkəmizin tanınmış ziyalıları tərəfindən yazılmış xatirə yazıları yer alıb.

Kitabın müəllifi Orxan Aras “Bu dünyadan sən də keçdin, Tofiq Abdin” kitabının hazırlanması ilə bağlı belə deyib: “Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və vəfasına bu kiçik kitabla az da olsa, qarşılıq vermək istədim. O, azərbaycanlı bir jurnalist və şairdi, amma ürəyi Türkiyə üçün də atardı.

İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl bir insan idi. Azərbaycan jurnalistikasında bir idol idi. Özünəməxsus üslubu və yazı tərzi vardı. Gənc jurnalistlər onu özünə ustad bilərdilər.

Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda qalmış, içindəki küskünlükləri, üsyanları Türkiyə eşqi ilə “Ah, İstanbul, İstanbul” adlı kitabda ölümsüzləşdirmişdi. Mən də onu ustam, ustadım olaraq bilirdim.

Dostlarının xatirələrini oxuduqca Azərbaycan və Türkiyənin necə bir yazıçı, şair, jurnalist itirdiyini dərindən hiss edəcəksiniz”.

Kitabda Fəthi Gədiklinin, Abdülhamit Avşarın, Anarın, Azər Abdullanın, Aqil Abbasın, Akif Qəhrəmanlının, Əbülfət Mədətoğlunun, Elçin İskəndərzadənin, Əlisəmid Kürün, Fəxri Uğurlunun, Qalib Toğrulun, Xanəmir Telmanoğlunun, Kənan Hacının, Məzahir Əhmədoğlunun, Nemət Veysəllinin, Nəriman Əbdülrəhmanlının, Rəşad Məcidin, Sabir Rüstəmxanlının, Saday Budaqlının, Sevinc Mürvətqızının, Şakir Yaqubovun, Tofiq Hüseynlinin, Yusif Rzayevin və Cavid Zeynallının Tofiq Abdininin xatirəsinə həsr etdikləri yazıları yer alıb.

Bu həftənin sonu Bakıda müəllifin iştirakı ilə kitabın təqdimatı gözlənilir.


Müəllif: Teleqraf.com