26 İyun 2019 17:58
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25-də “Qalereya 1969” sərgi salonunda Gürcüstanda yaşayan soydaşımız rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, Rizvan İsmayıl həm Azərbaycan, həm də Gürcüstan Rəssamlar ittifaqlarının üzvüdür. O, iki ölkə arasında mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verir.

Sonra Mədəniyyət Nazirliyinin xüsusi mükafatı Rizvan İsmayıla təqdim olunub.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, rəssamın əsərləri ilə tanış olanda insan çox dərin fikirlərə qərq olur. Rəqəmlərin dili ilə rəsmləri insanlara çatdırmaq yeni bir janrın başlanğıcıdır. Onun əsərləri Paris, İstanbul, Lüksemburq və digər şəhərlərdə sərgilənib. Bu, həmçinin Azərbaycan mədəniyyətinin təbliğidir.

Digər çıxış edənlər də Rizvan İsmayılın çoxşaxəli yaradıcılığından söhbət açıblar.

Sonra rəssama diplom və medal təqdim edilib. Rizvan İsmayıl sərginin təşkilinə görə Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdarlığını bildirib.

Qeyd edək ki, Rizvan İsmayıl rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya - rəqəmlərin bir-biri ilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyatının və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rəssam “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər