11 Sentyabr 2019 09:14
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsa peyğəmbər edam edildi, nəşi isə oğurlanaraq dəfn olundu. Amma sonrakı gedişatda qeyb amili daha sanballı göründüyünə görə gizlilik qorundu və sonra o tarix də yoxa çıxdı”.

Şair Emin Piri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Emin bəy, bu gün İsa yaşına çatdınız. Şeirlərinizdə də İsa qırmızı xətlə keçir...

- Elədir, bu yaşı haqladıq. Göyləri deyil, maddi dünyanı seçmiş olduq. Tək məndə yox, əksər şairlərin əsərlərində İsa ştrixi var. Bu da əzabkeş, sosial problemlər, haqsızlığa görə özünü İsa obrazında görmək istəyilə bağlıdır. Eyni zamanda, onun gəlişindən mədəd ummaqdır. Amma təəssüf ki, bu barədə ehkamlar var. Yeni nəzəriyyələrlə yanaşmağın tərəfdarıyam. Necə ki, İsanın doğumu - milad tarixi səhv hesablanıb, əslində indi 2019-cu il yox, 4-5 il geridəyik. Bu da Roma tarixçisinin Oktavian Avqustun hakimiyyətə gəlişiylə səhvlərə yol verdiyinə görə yaranan uydurulmuş tarixdir.

Yalanlardan biri də martın 20-21-də doğulan İsanın doğum gününün dekabrın sonlarında və yanvarın əvvəllərində qeyd edilməsidir. Bir növ yalanlar və uydurmaları ehkama çevirmişik.

Və yaxud qeyb məsələsini götürək, buna simvolik yanaşmaq lazımdır. Amma simvolizəni həm Xristianlıq, həm də İslam dünyası ehkama çevirdi.

- Yəni İsa qeybə çəkilmədi?

- Yox. İstər tarixi, istərsə də sonradan siyasi, dini, kütləyə təsir etmək səbəbindən faktlar dəyişikliklərə uğradı. İsa həqiqətən edam olundu. Nəşi isə oğurlanaraq dəfn olundu. Amma sonrakı gedişatda qeyb amili daha sanballı göründüyünə görə gizlilik qorundu və sonra o tarix də yoxa çıxdı. İsanin Onun dəfn olunduğu yer hazırda Ərdəbillə Şimali Azərbaycanda Kürdən aşağıda, Beyləqandan şərq və cənub-şərqə istiqamətində qədim Həmşərədən qərbə doğru istiqamədədir.

- Axı onun qeybini İslam da qəbul edir...

- Qəbul olunmağın bir yolu da səndən öncəkini təxmini uyğunluqla qəbul etməkdən keçir. Bu məsələni qəbul etməyə məhkum idilər. İkincisi isə, istər Xristianlıq, istər İslam şumer sivilizasiyasından törəmədir. Necə ki, indiki Kəbə də uydurulma yerdir. İbrahimin oğlunu aparması, tezliklə geri dönmə məsafəsi və sair hesabladıqda bu məsələdə Məkkə və Kəbə amillərinin yalan olduğu üzə çıxır. Əsl Kəbə axtarırlarsa, o da Şumer sivilizasiyası sərhədlərində olmalıdır. Bu barədə Petranı xüsusi qeyd edənlər var.

Bu barədə geniş danışmağa ehtiyac yoxdur, bir neçə hesablama aparmaq lazımdır, bu barədə elmi araşdırmaları oxusalar, daha öncəki məscidlərin qibləsinə baxsalar, hər şey gün kimi ordadır. Bunu kütlədən savayı hamı bilir. Bu həm siyasi, həm turizm, həm də dünya düzənini pozmamaq naminə susulmuş bir tarixdir. Öncə xristianlıqla bağlı qəbul etdiklərimiz kimi.

Digər yandan, insan əli olan hər bir şey dəyişikliyə məruz qalır. 4 xəlifə dövründə bütün Quranların yığılıb yandırılması, yalnız özlərinin məqbul saydıqları Quran nüsxəsini saxlamaları bunu göstərir.

- Yəni, demək istəyirsiniz ki, Quran dəyişdirilib?

- Bəli. “Bu kitab dəyişdirilə bilməz”, deyimi də sonradan redaktor tərfindən oraya atılmış ayədir. Bir növ öz dəyişikliklərini sığortalamaq məqsədilə oraya salınmış ayədir. Bir çox qarğışlar, manevrlər də sonradan əlavə edilmiş deyimlərdir. Bunlarsa siyasi və kütlə idarəçiliyi baxımdan dəyişdirilmiş ehkamlardır.

Amma yenə də Şumer sivilizasiyası dini görüşündən tam kənara çıxa bilməyiblər. Açığı, azərbaycanlı yəhudi alim Zaxari Sitçinin nəzəriyyələri ilə də bu gedişata bir qədər işıq tutmaq mümkündür. Yəni, qorxduqlarını yadplanetli, gəlmə, tanrı və s. adlandırması kimi. Təbii ki, Sitçin annunakinlərə daha çox işıq tutur. Gəlmələr, yadplanetli şumerlər və ilaxır.

- Siz də buna inanırsınız?

- Bu inanmaq söhbəti deyil. Kütlə hər zaman özündən ağıllılara, onları idarə edənlərə, özündən güclülərə fövqəladə enerji yarlığı yapışdırıb. Bu da eləcə. Qədim şumerlilərlə, annunakinlərlə bağlı iddialar da belə ortaya çıxıb. Bu, psixoloji və siyasi manevrdir. Tanrı, güclü, gəlmə kimi qəbul olunmaq varkən, niyə özünü insan kimi təqdim edəsən ki?

Yer kürə formasını bir neçə milyon ildir alıb. Bir növ siam əkizi dövrünü yaşayıb, fiziki qanunuyğunlqlar nəticəsində ayrılmalar, toqquşmalar və s. nəticəsində həm hazırkı formasına düşüb, həm də yad cisimlərin enerjisini, maddələrini öz bətnində - yerdə əridib. Amma bunu insanlara bağlamağı yanlış hesab etməsəm də, məqbul da hesab etmirəm.

İnsanın formalaşması tam başa çatmayıb. İnsan orqanizmi hələ də yerə, qidalar sisteminə tam uyğun deyil. Ola bilsin, minillər sonra bu təkamül tam başa çatacaq. Təbii ki, söhbət qidalar sistemindəki formalaşmaqdan gedir.

- Deyəsən, İsmayıl qurbanı da sizə görə yalandır...

- Elədir, amma həqiqət başqadır. Tanrı üçün həmişə qurbanlar kəsilirdi. Daha çoxsa bakirə qızlar, yeniyetmə oğlanlar. Bu isə Tanrıya xüsusi hədiyyə sayılırdı. Daha əziz, daha saf birini qurban etmək. Həmin dövrdə önəmli şəxslər, sərkərdələr də övladlarını Tanrıya qurban edirdilər.

İndiki düşüncə ilə yanaşsaq o vaxtkı tanrı bir növ indinin şeytanıdır. İbrahimsə oğlunu qurban kəsməyi bildiyimiz “müasir “ Allaha deyil, Şeytana söz vermişdi. İbrahim tanrını dinləmir, şeytanı dinləyirdi. Tarixi dövr nəticəsində isə şeytan qurbanı Allah qurbanına, oğullar, qızlarsa heyvanlarla əvəz olundu.

- Belə söhbətlər edirik, amma sizi Feysbukda seks və qadından yazan biri kimi qeyd edənlər var...

- Əvvəla, profil şəxsi arenadır, kimsə qınaya bilməz. İkincisi, jurnalistlərin heç bir sualından imtina etmirəm, cavablandırıram. Həmçinin kim məndə nəyi görmək istəyirsə, nəyi axtarırsa onu tapır. Bir növ çörək və tamaşa siyasi-psixoloji düşüncə səhnəsi.

Milli qəhrəmalar haqqında, şəhidlər haqqında, müharibə mövzusu, dünya ədibləri, təhsil, siyasət mövzsunda yüzlərlə yazım var. Ardıcıl paylaşıram da. Onlara fikir bildirməyənlər seks mövzuma münasibət bildirir. Bilirsiniz niyə? Çünki o insanın məndə axtardığı budur. Kim məndə nəyi axtarırsa, onu görür.

- Bəs, şeirlərinizdə bu məsələləri necə işləyirsiniz?

- Mənim yardıcılığımın 50 faizdən artığı müharibə mövzusudur. Heç bir şeirimdə nə araq, nə siqaret, nə fahişə sözü yoxdur. Mən demirəm işlətmək pisdir, bəlkə də nə zamansa işlədərəm, amma hələ ki uyğun bilmirəm.

- Deyəsən, müharibələri sevirsiniz...

- Yaradıcılığa görə, bəli. Müharibələr, faciələr incəsənətin qidasıdır. Amma bəşəri yanaşsam lənətləyirəm. Azərbaycan vətəndaşı kimi yanaşsam müharibəni başlamağın tərəfdarıyam. Bir insan bir insandan ibarət deyil. Vətəndaşlıq borcum ayrıdır, şair borcum ayrı, dost borcum ayrı. Bizdəsə “hamısı birində” deyə makkofe kimi yanaşırlar. Yanlışdır.

- Bəs, ədəbi tənqidimiz barəsində nə düşünürsünüz?

- Əsəd Changirin son aylar “Ədəbi gənclik nə istəyir?” yazılarını oxudum, bu qədər yazarı oxumaq, onları təhlil etmək asan iş deyil.

Əvvəllər, kimsə adımı çəkəndə sevinirdim. Amma indi? Kim edərsə şərəf vermiş olar, etməzsə də o qədər məni narahat eləmir. Onları sadəcə vicdanının öhdəsinə buraxıram. Barmaqla sayılacaq əsl tənqidçimiz var. Təsəvvür edirsiniz, bu necə biabırçılqıdır? Bu boyda şairlərə, yazıçılara vicdanlı, istedadlı, savadlı bir neçə nəfərin adını çəkə bilərik. Azərbaycan tənqdi özünü xarikiri etsə yaxşı olar.

Elnarə Akimovada böyük istedad görürəm. Bəlkə də o uğurlu şair ola bilərdi. Çünki mətni duya bilmək, şeirin içinə enə bilmək həssaslığı var. Son illərsə deyərdim ki, o xanım ədəbi tənqidi çiyinlərinə yükləyib apara bilər. Amma bunu bir nəfər bacara bilməz.

Vaqif Yusiflini tənqid edirlər ki, hamı haqqında yazır. Amma hamı haqqında eyni şeyi yazır? Xeyr, Vaqif burada xüsusi ştrixlər çəkir, istedadlı haqqında ayrı cür , istedadsız haqqında ümumi yazır.

- Sonra...

- Nərgiz Cabbarlını qeyd edərdim. Bir neçə nəfər də var, onlar haqqında danışa bilərəm, amma onda müsahibəmiz tənqidə həsr olunmuş olacaq. Ümumilikdə, bir neçə nəfərlə harasa addımlamaq mümkün olmayacaq deyə düşünürəm. Ədəbiyyat İnstitundan çalışanlar var, adamlar müasir poeziyada kimsəni tanımır. İstər gənclər arasında, istərsə də yaşlıların arasında belələri var. Bəziləri elə bilir ki, ən gənc şairimiz hələ də Ramiz Rövşən, Musa Yaqubdur.

Hətta Elmlər Akademiaysında elələri var ki, SSRİ-nin dağılmasından xəbərsizdir. Bənzətmə etmirəm. Ciddi deyirəm. Çünki müstəqilliyin, suverenliyin təməl prisnipləri var ki,sırf bu işlə məşğul olanların bilməsi vacibdir. Bilməyənləri var.

- Bir ara AYB ilə bağlı tənqidi sözlər işlətmişdiniz. Ümumi gənclər barəsində bildik, əgər səmimisinizsə deyin görək, şəxsən nə istəyərdiniz?

- Söhbət sırf özümdən gedirsə, iş, mükafat. Mənə kiminsə cibindən verdiyi pul lazım deyil. Bunu qeyri-leqal hesab edirəm. Büdcədən ayrılmış möhürlü, qollu pul. Çünki gələcəkdə cibdən verilən pul minnətə çevrilir. Mənsə insanların minnətini sevmirəm. Mənə dövlət minnət qoymalıdır.

Adamlar var, sülənib bir-bir ciblərdən pul alırlar. Ayıbdır. Dövlət adından verilənlər başqa bir şeydir. Bu xalqın vergisi, dövlətin sərvətləri hesabına formalaşmış puldur və halal pul elə budur.

Bəziləri Anar müəllimi inandırır ki, kimlərsə onun düşmənidir. Yanlış yanaşmadır. Siyasi rəqib deyil, dini rəqib deyil. Niyə düşmən olsun ki? Kimlərinsə şəxsi düşmənçiliyi varsa, o ayrı məsələdir. Ədəbi mühitdə hislər, gərginlik, neqativ hallar çoxalıb. Düşünürəm ki, Əkrəm İmamoğlunun sözü kimi çıxmasın, ədəbi mühitimizin qucaqlaşmağa ehtiyacı var. Davamlı bir-birimizə qarşı çıxmaqdansa arada sevgi göstərək. Bu cür neqativ hallar ruhumuzu yeyib olan qalan istedadımızı da məhv edəcək.

- Kimlərlə problemin var ədəbi mühitdə?

- Mənim kimləsə problemim yoxdur. Kiminsə mənlə problemi varsa, bu artıq mənim yox, onun problemidir.

- Qabaqdan AYB-nin qurultayı gəlir. Bəzi gənclər namizədliyi irəli sürüb. Bəlkə sizin də sədr olmaq iddianız var?

- Artıq bəzi insanlarla danışmışam, razılıqlarını bildiriblər. AYB-nin Anardan sonra sədri mən olacam. Sadəcə indidən namizədliyimi verib diqqəti üzərimə çəkərək düşmən qazanmaq istəmirəm. Təbii ki, bunlar zarafatdır. Nə belə bir iddiam var, nə də istəyim. AYB sədri olmaq özünə əlavə problem yaratmaqdır.

Rəşad Məcid qeyd etmişdi ki, hamı sədr olamq istəyir, kimsə katib olmaq istəmir. Rəşad Məcidə yüksək vəzifə verilsə gənclər, katibi olmaq istəyərəm.

Mən üzvlərin 300-400 olmasının tərəfdarıyam. Gənclərin sırf özünün mətbu orqanının olmasını, qurum daxilində quruma çevrilməsini istərdim. Bu xüsusi inkişafa səbəb olacaq. Başqa qurumlarla qarışdırmayaq, yaradıcı, gənclərlə bağlı qurumda buna ehtiyac görürəm, bu, qurumu ətalətdən hərəkətə keçəcək. Həmçinin qurum daxilində yaxşı anlamda yaradıcı rəqabətə səbəb olacaq.

– Bir ara deyirdilər ki, guya bəzi saytlar Emin Pirini reklam edir...

- Ədəbiyyata bağlı mətbu orqanlardan danışaq.” 525-ci qəzet”də son dəfə 2013-cü ildə çap olunmuşam. “Azərbaycan” jurnalında axırıncı dəfə 4 il öncə, “Ədəbiyyat” qəzetində isə ilk dəfə 2019-cu ildə çap olunmuşam. Kulisdə isə 10 il ərzində cəmi 3 müsahibəm olub. İndi fikir verin. Mən neçə ildən bir bu orqanlarda çap olunmaqla, kimlərisə narahat edirəmsə, deməli, belə narahatlıq artıq mənə həzz verir, özgüvənimi artırır.

Mən səngərdə ola-ola, kəndlərdə müəllimlik edə-edə bunları narahat edirəmsə, deməli, problem məndə yox, o insanlardadır. Mətnləri üzərində çalışsınlar, yaxşı olar.


Müəllif: Mənsur Rəğbətoğlu