28 Mart 2020 11:30
3 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:

"Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açmışdı. Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.
Bu istiqamətdə daha bir addım olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.

Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.
Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən də bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər