16 Aprel 2020 09:01
3 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Sevinc Elsevərdir.

Onunla müsahibəni təqdim edirik.

- Boris Vian deyirdi ki, heç vaxt səbir göstərmə, çünki səbir üzsüzlükdür. Siz necə düşünürsünüz?

- Baxır harda, hansı şəraitdə səbir göstərirsən. Bəzi hallarda bəli, səbir üzsüzlükdür, qürursuzluqdur. Məsələn, 26 fevral tarixində insanımız Xocalı faciəsi vaxtı çəkilən şəkilləri, videomaterialları sosial şəbəkələrdə paylaşanda “Bizə səbir vermə, Tanrım!” qeydi ilə paylaşır.

Bir çox hallarda isə səbir vacib məsələdir. Uzun sürən xəstəliklə mübarizə vaxtı, həbsxanada, dörd divar arasında günləri sayanda, qürbətdə olan əzizinin yolunu gözləyəndə, müharibədə döyüşən oğulun, ərin, atanın yolunu gözləyəndə səbir vacibdir, dözmək vacibdir. Məsələn, bu günlərdə insanımız səbir edib evdə qalmalıdır. Çünki hazırda başımızın üstündə koronavirus kimi bəla var. Səbir edərək ona qalib gəlmək mümkündür. Bu yaxınlarda oxudum ki, Amerikada 19 yaşlı bir gənc qızın əsəbləri tab gətirməyib, koronavirus ucbatından özünü öldürüb. Bir çox hallarda səbirsizlik çox pis nəticələrə aparıb çıxarır.

- Sizə görə Allah və ya Tanrı fiziki olaraq mövcuddur, ya necə?

- Allahı hərə bir yerdə görə bilər - xəyalında da, reallıqda da. Bəlkə Allah elə bu böyük kəhkəşanın, kainatın, təsəvvürə gətirə bildiyimiz, gətirə bilmədiyimiz hər şeyin özüdür. Bəlkə də sadəcə ideya kimi mövcuddur. Demək çətindir. Bir şeirdə yazmışdım ki, Allah olmasa, ölərəm. Allahla daha mənalı olur mənimçün yaşam, dünya. Onu fiziki olaraq da görmək mənimçün çətin deyil. Gözümlə gördüyüm bütün gözəlliklərdə onu görə bilərəm.

- Hər insan orijinal doğulur, amma bunu sonadək qoruya bilmir, sonra ya başqalarını təqlid edir, ya da başqalarına oxşamaq istəyir. Sizcə niyə?

- Orijinal doğulmursan axı. Genlərindən asılı olaraq, sən ya anana, ya atana, ya nənələrdən birinə, ya babalardan birinə oxşayırsan. Hətta xaraktercə də. O ki qaldı başqalarını təqlidə, cəmiyyətdə həmişə bizə hazır modellər təklif edirlər və təqlid etməyimizi istəyirlər. Özümüz də ideal axtarırıq. Çox balaca olanda atamızı, anamızı ideal kimi görürdüksə, məktəbə gedəndən sonra ilk müəllimimizə oxşamaq istəyirik. Məsələn, mən balaca qızıma hərdən “Arzunun qızı” deyirəm zarafatla. Arzu ilk müəlliməsidir, çox vaxt onun kimi danışır, onun kimi reaksiya verir hər şeyə. Çox şeyə baxışı da onda olduğu kimidir.

- Niyə insan həmişə hər şeyin gözəl olacağı ümidinə köklənir? Pis şeylər də olur, ona da hazırlıqlı olmaq lazımdır.

- Mən fərqliyəm (gülür0. Adətən, qorxuram həyatdan, daim pis şeylər olacağından qorxuram. Məsələn, kişilər arasında belə bir bir söz var, “Anam deyən olmasın, arvadım deyən olsun” - bizdə əksinədir, bizim evdəki kişi deyir, “arvadım deyən olmasın, anam deyən olsun!” (gülür). Uşaq olanda nə vaxt məktəbdən gec qayıdanda düşünürdüm ki, indi mənə hirslənəcəklər. Amma kimsə hirslənmirdi, nə vaxt ki düşünürdüm bir söz deməzlər, əksinə, çox pis şəkildə danlanır, hətta döyülürdüm. İnsan gözəl şeylər olacağını düşünməlidir. Pis şeyləri düşünə-düşünə yaşasa, heç bir fəaliyyət göstərə bilməz, ruhdan düşər.

- Niyə insan bir əzabı sonadək yaşamaqdan qaçır? Halbuki yaşanılmış əzab ondan xilas olmaq deməkdir.

- İnsan təbiəti elə qurulub ki, həzzə meyllidir. Məsələn, ağrı hissini götürək. Ağrı hiss etməyi sevmirik. Həkimə gedəndə də bilə-bilə ki, hansısa tibbi prosedur həyati əhəmiyyət daşıyır, yenə o prosedurun ağrılı, yoxsa ağrısız olacağı daha çox maraqlandırır bizi. Həkimi dilə tuturuq ki, canımızı incitməməyə çalışsın. Yaxud ən bahalı klinikalara üz tutub, daha çox pul xərcləməyə razılaşırıq ki, hansısa prosedurdan ağrısız keçə bilək. İnsan təkcə fiziki ağrılardan qaçmır, eyni zamanda mənəvi ağrılardan qaçır. Qaçmaqda da haqlıdır. Bu, özünüqoruma instinktidir.

O ki qaldı yaşanılmış əzabın əzabdan xilas etməyinə, bu mənim yadıma bir məsəli saldı: ölmək ölməkdir, xırıldamaq nə deməkdir?! Xırıldamaq təsəllidir bəlkə də, ağrılar arası fasilədir və sair.

- Kristiana Rossetti yazırdı ki, unudub gülmək, xatırlayıb üzülməkdən daha yaxşıdır. Sizcə, insan unudur, yoxsa dözür və ya öyrəşir?

- Elə şeylər var, onlara dözüb öyrəşirsən, unutmursan. Daha doğrusu, dözməyi öyrənirsən. Öyrənə bilmirsənsə, məhv olursan. Bəzi şeyləri isə unutmasan da, artıq sənə əvvəlki kimi təsir eləmir. Xatırlamaq əzablı olmur.

Müasir insan nə qədər ekzistensial təfəkkürdə olsa da, sabaha baxmaq, irəli getmək istəsə də, neyləyir-eləsin, keçmişdən də qurtula bilmir. Prust təxminən belə deyirdi, “Keçmiş bu günümüzə müdaxilə eləməklə qalmır, gələcəyi də müəyyənləşdirir”. Götürək xalq olaraq itirdiklərimizi, itirdiklərimiz, məğlubiyyətlərimiz, keçmişdə yaşadığımız faciələr bu gün bizi çox incidir, xoşbəxt olmağımızı əngəlləyir, ümidimizi azaldır, gələcəyimizə isə kölgə salır. Biz keçmiş barədə bütün kədərli məlumatları gələcək nəsillərə, övladlarımıza da ötürürük. Onlar da bizim kimi hiss edəcəklər. Bu onların da ruhdan düşməyinə səbəb olacaq. Hətta olmaqdadır.

Unudub gülə bilirsən bəzən. Məsələn, biz “Şuşa” restoranında iştirak elədiyimiz toyda “Qarabağ, can Qarabağ” mahnısına gülə-gülə oynaya bilirik. Hətta cəbhədən şəhid xəbərləri gəldiyi bir zamanda da. Amma bu gerçəkliyi dəyişmir, dərd yenə dərddir. Cəbhədə övladını itirmiş anaya baxanda bizə elə gəlir ki, onu bir də gülən görməyəcəyik. Amma o, gülür. Gülməyi bacarır. İnsan bu mənada çox güclüdür. Ancaq bu gülüş bir niqab kimidir, onu qaldırsan altındakı göz yaşlarını görəcəksən.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər