21 Aprel 2020 09:10
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Çinarə Ömraydır.

Onunla müsahibəni təqdim edirik:

- Niyə insanı daha çox gördüyü işlər yox, görmədən kənara qoyduğu işlər yorur?

- Çünki insan görə biləcəyi heç bir işi kənara qoymur. Kənara qoyursa, demək orada bir əngəl var. Çünki biz etdiklərimizin fərqində olmuruq, edə bilmədiklərimizin açdığı izlər buna imkan vermir. Dolayısıyla, kənara qoyduqlarımız bizə dayanmadan bacarıqsız olduğumuzu beynimizə yeridir və bu bizir yorur.

- Paveze yazırdı ki, həyat yaşamağa yaxşı yer axtarmaq yox, özümüzü axtarmaqdır. Bəs insan ölüm onu haqlayanadək tapa bilirmi özünü?

- İnsan özünün axtarışında olanda xoşbəxt olur. Elə ki özünü tapır, o zaman çəkişmələr, mübahisələr başlayır. Çünki illərdir tanımadığı biriylə qarşılaşır, onunla razılaşa bilmir, o tanımadığı insan gəlib cəmiyyətin, ətrafın formalaşdırdığı şərtləri, seçimləri qarşısına qoyur. İnsan özünü tanıyandan sonra dəli olmağa qorxur. Yoxsa, yaşamağa nə vardı. Ancaq bəzən çox səfeh axtarışlara o qədər başımızı qatırıq ki, özümüzü unuduruq. Bir də ayılırıq ki, ölüm qapıdadır, getmək vaxtı gəlib. Təəssüf ki, özümüzü tanımadan bu dünyadan getmək məcburiyyətindəyik.

- Müsahibələrinizdən birində demişdiniz ki, bizim qadınların səmimiyyətinə inanmırsınız. Niyə belə düşünürsünüz?

- Məncə, dünyaya gələndə hər kəsə bir boş sahə verilir. Hər kəs o sahəni özü bildiyi cür çəpərə alır, özü bildiyi cür əkir, becərir. O sahədə kimi nifrət əkir, kimi xarakter böyüdür, kimi şəxsiyyət formalaşdırır və müəyyən zamana gələndə isə onun barını dərir.

O sahə doğuluşdan bizə verilmiş azadlıq haqqımızdır. Bizim xanımlar isə (istisnalar həmişə var) doğuşdan qazandığı azadlıq hissini sonradan öyrəndiyi qorxaqlıq, itirmək, sevmək kimi hisslərə qurban verirlər. Nəticədə onların boş ərazilərini həmişə cəmiyyət çərçivələyir, bir növ şəxsi ərazidən çıxıb bələdiyyə ərazisinə çevrilir və o ərazidə özlərini gəlişdirmək üçün heç nə edə bilmədikləri halda, məcbur olub ətarfın, cəmiyyətin təklif etdiyini becərirlər. Yığım zamanı da, ortaya çox zəif bir bar çıxır. Bunun da vergi yığanı, quş yeyəni, hind quşu tapdalayanı var. Burada səmimiyyət qalar?

- Sizi həmişə gülümsəyən görürük. Gülümsəyən insanlar isə həmişə güclü kimi qəbul edilir. Həqiqətənmi belədir?

- Fikirləşirəm ki, insan həyatı oyundaki kimi “lever”lərdən ibarətdir. Bir “lever”i tamamlamamış digərinə keçə bilməzsən. Bəzən elə bir “lever”ə çatırsan ki, həyatının ən çətin, ən kritik anında təkbaşına qəhqəhə çəkib gülə bildiyini kəşf etdiyin zaman artıq, ətrafındakı insanların varlığı, ya yoxluğu sənin üçün öz önəmini itirir. Anlayırsan ki güclüsən. Təəssüf ki, indi gülə bilməyi, gülməyi də lağlağı səviyyəsinə endiriblər, ancaq mənə görə gülə bilmək öz ağrılarına soyuq yanaşa bilməkdir, onları mənimsəyib daxili gücünlə parçalaya bilməkdir. Mənim bu həyatda ərinmədiyim tək şey gülməkdir.

- Niyə ağıl vermək lazım olanda adam çox, amma iş görmək lazım gələndə yox olur?

- Gəlib işini də görəndən sonar daha sən niyə lazımsan ki? Ağıl verir də, işi də sən gör. Düşünürəm ki, həyatında atdığın bütün ciddi addımlarda ağıl almaq lazım deyil. Çünki aldığın ağıl hər zaman bir “bəlkə” atacaq içinə. Səhv, ya düz - öz ağlınla addım at ki, nəticələrindən öz ağlının gücünü öyrənməyi bacarasan, ayaqlarının gücünü, çiyinlərinin gücünü kəşf edəsən. Bu dünya ki, öyrənmək dünyasıdır, niyə də təcrübədən keçən ağıllardan istifadə edəsən? Niyə də öz ağlının gücünü ölçməyəsən?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər