2 May 2014 15:42
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Fikrətoğlu: "Ədəbiyyat vasitəsilə karyera qurmaq istəyən adamlara şübhə ilə yanaşıram"

Yazıçı Orxan Fikrətoğlunun “Tək” adlı yeni kitabı nəşr olunub.

Kitabı barədə Teleqraf.com-a danışan Orxan Fikrətoğlu orada bir roman, iki pyes və iki yeni hekayəsinin yere aldığını deyib: “Tək” romanında itirilmiş nəsil, öz yaşıdlarım barəsində yazmışam. Əsər haqqında geniş məlumat vermək istəmirəm ki, kitabı alıb oxusunlar. Hələ ki romanım satışa çıxarılmayıb. Ancaq maraq böyükdür. Saytlar, qəzetlər zəng edib kitab barəsində maraqlanırlar. Mayın 17-də Kitabevim.az Kitab Marketində təqdimat mərasimi keçiriləcək".

O.Fikrətoğlu bununla yanaşı Ankarada “İstiklal” nəşriyyatında “Ölü mətn” romanının çap olunduğunu da deyib: "Bu kitabda həmçinin Cavanşir Yusiflinin, Əsəd Cahangirin, Fərid Hüseynin və üç türk tənqidçinin əsər haqqında fikirləri yer alıb. Mən istərdim ki,Azərbaycanda bu cür dəb formalaşsın. Ədəbi zövq formalaşsın. Bilsinlər ki, ədəbiyyat nədi, onun missiyası nədi, ədəbiyyat hara qədərdi? Ədəbiyyatın təhqirdən, söyüşdən, karikaturadan fərqi nədir? Mənim aləmimdə ədəbiyyat sakral bir yerdir. Ora hirslə, kinlə girmək olmaz. Bir də oxucu nəyisə başa düşmürsə, birinci günahı özündə axtarmalıdır. Ədəbiyyatı məişət səviyyəsinə endirmək olmaz. Hansı ki televiziyanı, verlişləri, kinonu bu səviyyəyə endiriblər. Ancaq ədəbiyyat elit bir şeydir. Əgər onu anlamırsansa demək ki, səhv səndədir.


Bu yaxınlarda “Yuğ” teatrında “İtkin” povestim səhnələşdiriləcək. Tamaşanın rejissoru Mir Sahib Ağazadədir”.

Orxan Fikrətoğlu ilə söhbət zamanı ədəbiyyatın hazırki vəziyyətindən də danışdıq: “Bu dəqiqə Azərbaycanda ədəbiyyata münasibət dəyişib. Ədəbiyyata publisistika kimi yanaşırlar, siyasət kimi baxırlar. Bunlar hələ də elə bilirlər ki, Orxan Fikrətoğlu televiziyadan danışır. Ancaq ədəbiyyatın kanonları başqadır. Uzun müddətdir ki, televiziyada başım qarışmışdı. Ancaq artıq ədəbi zövqü formalaşdırmağın vaxtıdır. Bu məqsədlə Səfər Alışarlı, Yaşar, Murad Köhnəqala, Saday Budaqlı, Etimad Başkeçid ilə danışacağam. Mən qruplaşmalara, bütün təşkilatlara, burada kimisə tənqid edib xaricdən sığınacaq alan adamlara nifrət edirəm. Ümumiyyətlə, ədəbiyyat vasitəsilə karyera qurmaq istəyən adamlara şübhə ilə yanaşıram. Təşkilatlanmaq lazım deyil, yazmaq lazımdır”.

Yazıçı 80-cilər ədəbi nəsli haqqında da fikirlərini bizimlə bölüşü: “60-cı illər Rusiyanın havası ilə formalaşmış bir nəsil idi. Sovet gerçəkliyi içində yeni dəyərlər gətirmiş insanlardır. 70-cilər isə onların davamı idi. 80-ci illər isə konkret insanlardır. SSRİ dağıldı, yeni dövlətin dəyərlərini formalaşdıran, Qarabağda savaşan və ölən bir nəsildilər. Məsələn Çingiz Mustafayev, Alı Mustafayev, Ağamalı Sadiq kimi. Ağamalı Sadiq çox gözəl şair idilər. Ancaq onlar hərəkatda oldular. Sonradan ürəyi partladı. Bu insanların potensialı çox güclü idi. Ona görə də 80-cilərə itirilmiş nəsil yox faciəvi nəsil adlandırmaq lazımdır. Sadəcə olaraq bizdən sonra gələn nəsil bizi oxumadı, anlaya bilmədi. Mən düşünürəm ki, heç 80-ci illərdən sonra ədəbiyyat yoxdur. Hələ ədəbiyyatın konturları cızılmayıb.

Rövşən


Müəllif: