Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı və Milli Musiqi Günüdür.
Teleqraf.com-un əməkdaşı bu əlamətdar gündə Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovla söhbətləşib. Müsahibəni təqdim edirik.
- Üzeyir bəyin Azərbaycanın musiqi tarixindəki rolunu məhz sizin dilinizdən eşitmək maraqlı olardı...
- Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti və incəsətində rolu əvəzolunmazdır. O, musiqili teatr yaratdı və müəllim oldu, opera və operettaları necə ifa etməyi öyrətdi. İlk operettanın müəllifi oldu. Musiqi tariximizin, simfonik orkestrın yaradıcısıdır. Bir çox sahələr onun adı ilə bağlıdır. Və Üzeyir Hacıbəyli adı musiqi tarixində böyük hərflərlə həkk olundu. Üzeyir Hacıbəyli Fəxri Xiyabanda dəfn edilən ilk görkəmli ziyalımızdır. Və ondan sonra Fəxri Xiyaban salındı. Bu gün Azərbaycan musiqi mədəniyyəti ona minnətdardır. O yaratdığı əsərlərlə özünə və vətəninə şöhrət gətirdi. Onun "Arşın mal alan" əsəri dünyanın 70-dən çox dilində tərcümə edilib. Bu insan ömrünü xalqının mədəniyyətinə, maariflənməsinə həsr edib. O publisistik əsərlərində kəskin dillə xalqını maariflənməyə çağırır. Siyasi-publisistik məqalələrini gözəl təhlil edib. O Azərbaycan xalqının böyük bir lütfüdir.
- Sərdar müəllim, Üzeyir Hacıbəylinin irsi yetərincə öyrənilibmi?
- Azərbaycan musiqi tarixində ən çox onun əsərləri öyrənilib. Ali məktəblərdə, Akademiyada dissertasiyalar yazılır. Ancaq məsələ burasındadır ki, Üzeyir Hacıbəyli yaradıcılığı tam açıla bilirmi? O zamanından, xalqının ümumi səviyyəsindən uzağa getdi, çox inkişaf etdi.
Bizim alimlərimiz Üzeyir Hacıbəyliyə borcludurlar, onu lazımı səviyyədə öyrənib və təhlil etməyiblər. Yalnız mərhum alim Şirməmməd Hüseynov onun publistikasını lazımı səviyyədə araşdırıb. Və bizim tariximizə Şirməmməd Hüseynov kimi on alim lazımdır.
- Üzeyir Hacıbəylinin yenidən tapılan və ictimaiyyətə təqdim edilən əsəri olubmu?
- Mən onun bir neçə əsəri üzərində işlədim və tamamladım. Qəzetlərdə məqalələr hazırladım və "Üzeyir Hacıbəyli xatirələrdə" adlı kitab nəşr elətdirdim. Mən 36 ildir ki, Üzeyir Hacıbəyli yaradıcılığı ilə məşğulam.
Onun "Ər və arvad" musiqili komediyasını, "Şeyx Sənan" operasını və "Bahar nəğməsi" əsərini təqdim etdim. Amma təəssüf ki, "Şah Abbas və Xurşidbanu" operasını unudulmaq üzrədir. Bunun üzərində işləmək lazımdır.
- Üzeyir Hacıbəylinin Ev Muzeyində vəziyyət necədir?
- Üzeyir Hacıbəylinin Ev Muzeyi fəaliyyət göstərir. Ancaq pandemiyaya görə insanların gəlişi bir az məhdudlaşıb. Ən əsası odur ki, insanların Üzeyir Hacıbəyliyə sevgisi tükənməyib.