7 Yanvar 10:20
2 318

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Fərhad müəllim, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi. Bu haqda fikirlərinizi öyrənmək istərdik.

- Şuşanın Azərbaycanının mədəniyyətinin paytaxtı elan edilməsi bizi çox sevindirdi. Bu prosesdə xüsusi ilə Qarabağ Dirçəliş Fondu çox mühüm rol oynayacaq. Mən Azərbaycan vətəndaşları arasında sorğu keçirmək istəyirəm ki, Şuşanı necə görmək istəyirsiniz? Hər bir tələbə, şagird, fəhlə, ziyalı, məmur öz fikrini bildirsin. Çünki bərpa olunan Şuşa millətin simvolu sayılacaq.

Bütün dünya bilir ki, müharibə Şuşa uğrunda gedirdi. Şuşa işğaldan azad edildikdən sonra müharibə bitdi, əsas məsələ Şuşa idi. Şuşa hamımız üçün çox əzizdir. Bu haqda hər bir azərbaycanlının mövqeyi və fikrini öyrənmək lazımdır. Şuşamızın inkişafı mənim üçün çox maraqlıdır. Şəhər necə olacaq? Mən Şuşanı qədim stildə görürəm.

Məsələn, sovet dövründə Şuşada “xruşovkalar” tikib, şəhəri korlaylblar. Zövqsüz binalar inşa ediblər. Yeni Şuşa tamam başqa şəhər olmalıdır. Qədim ruhunu ona qaytarmalıyıq. Necə ki, İçərişəhəri bərpa elədik. İndi İçərişəhər xarici qonaqlar üçün çox maraqlıdır. Şuşa da turizmin paytaxtı olmalıdır. Orada musiqi festivalları keçirilməlidir.

Cənab prezident İlham Əliyev bildirdi ki, Vaqif poeziya günləri və "Xarı Bülbül" festivalı qeyd edilməlidir. "Xarı Bülbül" festivalını 1989-cu ildə dostum Polad Bülbüloğlu təşkil edib. O zaman mədəniyyət naziri idi. Çox çətin illər idi, ermənilər çirkin işlərlə məşğul olurdular. O illərdə bu festivalı keçirmək çox çətin idi, amma biz bunu bacardıq. Çox sayda qonaqlar gəlmişdi. Çörək tapılmırdı, güclə qonaqları yedizdirirdik.

Amma indi hər cür imkanımız var. Orada, inşallah, bu festivalı keçirməli, cənab prezidentin tapşırığını yerinə yetirməliyik.

- Yaxın günlərdə bir çox məşhurlarımız Şuşaya getdilər, Gövhər ağa məscidində oldular. Siz nə zaman getməyi düşünürsünüz?

- Sizə açığını deyim, Şuşaya getmək üçün Polad Bülbüloğlunu gözləyirəm. Çünki Şuşaya həmişə birlikdə gedirdik. Həyatımda ən xoşbəxt günlər idi. İstəyirəm ki, Şuşaya yenə Polad Bülbüloğlu ilə birlikdə gedim.

- Şuşada bir çox mədəniyyət mərkəzləri dağıdılıb. Bu sahədə nələrə ehtiyac var?

- Şuşada Polad Bülbüloğlu ilə Elitar Musiqi Məktəbi açmaq fikirləşirik. Muğam yarışları, müsabiqələri, festivalları keçirilməli, musiqi məktəbi yaradılmalıdır. Bizim qarabağlı xanəndələrimiz orada ustad dərsləri keçməlidirlər. Şuşada il ərzində qaynar fəaliyyət və mədəniyyət ab-havası hiss edilməlidir. Şuşaya tez-tez getməliyik. Cıdır düzündə müntəzəm tədbirlər təşkil olunmalıdır.

Vaxtilə Şuşada Cıdır düzündə maestro Niyazi ilə simfonik orkestrdə çıxış etmişik. Orada möhtəşəm bir həyat var idi, indi də onu bərpa etmək lazımdır.

- Qarabağda televiziya açılmasına ehtiyac varmı?

- Bəli, düşünürəm ki, Qarabağda televiziya açılması yaxşı olar. Təbliğat üçün bütün müasir texnika ilə təchiz olunmalıdır. Telestudiya qurulmalı, bütün dünyaya informasiya ötürməliyik. İndi ermənilərə həm informasiya, həm də hərbi sahədə qalib gəlirik. Hər bir azərbaycanlı bir döyüşçü olmalıdır...


Müəllif: Rəqsanə Həsənova