23 Oktyabr 2014 13:40
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Nizami Kino Mərkəzində gənc nəslin sevimli filmi olan və “Azərbaycanfilm”in ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, yubiley axşamında filmdə çəkilmiş o zamankı pionerlər: Əlisəttar Atakişiyev, Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi qüdrətli sənətkarları yad edəcək, çəkilişlərlə bağlı maraqlı hadisələr haqqında danışacaqlar.

Filmdəki ifaçılar arasında xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak etmək üçün Bakıya gələcək. “Sehrli xalat”la bağlı tədqiqat işinin müəllifi moskvalı kinoşünas Andrey Vyatkin maraqlı fikirləri ilə bölüşəcək.

Mərasimdə təqdim olunacaq müxtəlif video çarxlar və musiqi nömrələri tamaşaçılarda nostalji əhval yaratmaq, eyni zamanda filmin iştirakçıları üçün yenidən görüşüb xatirələri bölüşmək məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, 1964-cü ildə “Azərbaycanfilm”də çəkilən filmin rejissoru Əlisəttar Atakişiyevdir. Filmdə məşhur illüzionist İo Kionun köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Qeyd edək ki, filmdə pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər