11 Fevral 2021 20:26
3 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, ölkəmizdə vaksinasiya prosesinə start verilib. Peyvənd öncə tibb işçiləri və 65 yaşdan yuxarı şəxslərə tətbiq olunub.

Teleqraf.com məşhurlara “Vaksin vurduracaqsınızmı?" sualı ilə müarciət edib.

Xalq artisti Xuraman Qasımova insanları virusdan qorunmaq üçün qaydalara riayət etməyə səsləyib: "Biz panemdeyanın ilk günlərindən bilirdik ki, virus böyük bir təhlükədir. Bütün qaydalara riayət edirik, əlləri təmiz saxlamaq, maska istifadə etmək və əlləri üzə yaxınlaşdırmamaq lazımdır. Keçən il yaz aylarından çağırış edirdim ki, evdə qalın, özünüzü qoruyun. Pandemiyaya görə çox insanları vahimə basırdı. Çünki virus yeni və gözlənilməz pandemiya idi. Hər kəs nigaran idi. İndi şükür olsun, artıq məlumatımız çoxdur. Prezident İlham Əliyev qeyd etdi ki, peyvənd olunmaq məcburi deyil. Qərarı da insanın özü verməlidir. Hər bir insan özünü qorumalıdır. Pandemiya davam edir. Yuxarıda da qeyd etdiyim kimi bütün qaydalara riayət etmək, məsafə saxlamaq, insanlarla görüşməmək lazımdır. Bizdə belə bir ənənə var idi, kimi görürdüksə, görüşürdük. Havada olmaq, vitamin qəbul etmək, limonlu su içmək lazımdır. Hələ vaksin vurdurmamışıq, düşünürük. Ən keyfiyyətli vaksin vurdurmaq lazımdır. Amma insanlar vaksin vurdurmaqdan qorxmasınlar. Qorxmaq lazım deyil. İnşallah bu çətin dövrdən çıxacağıq və pandemiyaya qalib gələcəyik”.

Xalq artisri Firəngiz Mütəllimova vaksin vurdurmaq istədiyini qeyd edib: "Özümüzü pandemiyadan qorumalıyıq. Hazırda çöldəyəm, maska istifadə etmişəm, əlimdə əlcək və cibimdə isə spirt var. İnsanlarla məsafə saxlayıram. Bilirsiniz ki, risk qrupuna aidəm, ağır beyin əməliyyatı keçirmişəm. Ona görə də özümü qoruyuram. Vaksin vurdurmağı düşünürəm, allergiyam keçsə böyük məmuniyyətlə peyvənd olacam. Rusiya vəTürkiyə kanallarından izləyirəm, insanlar vaksin vurdurmağa görə növbəyə durub, dava edirlər. Mən vaksin vurdurmağa yaxşı baxıram. Ən düzgün qərar virus hansı ölkədən yayıldısa, oranın vaksinini vurdurmaqdır. Məni nə vaxt çağırıb, analiz götürsələr, vaksin vurduracam. Rahat olmaq istəyirəm. Hazırda bir doğmamı da bağrıma basa bilmirəm, düşünürəm ki, birdən nəsə olar. Allah hamıya kömək olsun. Nə qədər tez vaksin vurdursaq, o qədər virusdan tez qurtararıq".

Xalq artisti Mübariz Tağıyev bildirib ki, vaksin təhlükəsizdir: "Bu böhrandan çıxmaq üçün peyvənd lazımdır. Bir çox şayiələr yayırlar ki, vaksin əks təsir göstərir və s. Mən bir çox həkimlərlə ünsiyyətdə olmuşam. Vaksin problemsizdir və yalan şayiələrə qulaq asmaq lazım deyil. Vaxtı gələndə məndə bu mərhələni keçəcəm. 65 yaşından yuxarı insaların öz fəlsəfi düşüncələri var. Artıq biz yaşadığımızı yaşamışıq, övladlarımız, nəvələrimiz haqqında düşünürük. Hər birimizin qarşıda arzusu var. Mənə elə gəlir ki, peyvənd lazımdır, problemsizdir, əks təsir etmir. Mən də peyvənd olacam. Hər insanın öz düşüncəsi var. Kim istəyir, vaksin vurdursun, məcburi deyil. Bunu da keçəcəyik. Çünki dövlət tərəfindən yüksək səviyyədə hər cür şərait yaradılıb. Vaksin çox sınaqdan keçib, narahat olmasınlar".


Müəllif: Rəqsanə Həsənova