"Başqaları qazanc naminə bundan istifadə etməsinlər"
Azərbaycanda ikinci dəfə yaranan Aktyorlar Gildiyası, deyəsən, bu dəfə də davam gətirə bilmədi.
Hazırda, demək olar ki, fəaliyyətsiz olan Gildiyanın rəhbəri Həmidə Ömərova qəzetimizə bunu maliyyə vəsaitinin olmaması ilə əlaqələndirib:
"O vaxt dostlarla birləşib Aktyorlar Gildiyasını təsis edəndə əmin idik ki, bizə kömək edəcəklər. Təəssüf ki, işlərimiz düşündüyümüz və istədiyimiz kimi getmədi. Bu işə sıfırdan başladıq. Biz özümüzü ancaq yeni layihələr təqdim etməklə və qrantlar udmaqla maliyyələşdirə bilərik. Layihələrlə bağlı bir nüansı deyim: bəzən bir məşhur aktyor zəng vurub deyir ki, gəl, bir layihə hazırlayaq. Razılaşıram. Layihənin tam hazır olma anında həmin aktyoru hansısa bir filmə təsdiq edirlər və o gedir. Bax, beləcə, işimiz yarımçıq qalır. Belə nəticəyə gəlmişəm ki, köməkçilərim elə adamlar olmalıdır ki, onların yalnız bir işi olsun - o da Gildiya. Elə adam da tapmaq mümkün deyil".
O bildirib ki, Gildiya bir çox aktyor və aktrisaların film və seriallarda çəkilməsinə şərait yaradıb: "Sayını dəqiq hesablamamışıq. Bu işdə QHT-lərə dəstək Şurasının maliyyə vəsaiti hesabına hazırladığımız saytın çox köməyi olub. Həmin saytda Bakını və bölgələri əhatə edən 500-dən çox aktyorların fotosu və bioqrafik məlumatı yer alırdı. Bu informasiyaların sayını artırmaq üçün saytın həcmini genişləndirməliyəm. Hazırda Azərbaycanda bir neçə nəfər var ki, bu işlə məşğul olur. Həmin adamlar qazanc naminə sayt açıblar və guya aktyorları tanıdırlar. Başqa ölkələrdən bizim aktyorlarla tanış olmaq üçün gələnlər bu adamların əlinə keçirlər. Ancaq bizim sayt sırf aktyorlara xidmət edən sayt idi. Buna görə öz saytımızı yenidən açmaq istəyirik ki, başqaları qazanc naminə bundan istifadə etməsin".
Məlumat üçün bildirək ki, Kinoaktyorlar Gildiyası 1931-ci ildə ilk dəfə ABŞ-da yaranıb. Avropa, eləcə də, qonşu Rusiyada Aktyorlar Gildiyasının geniş imkanları və sosial yardım fondu var. Azərbaycanda ilk Aktyorlar Gildiyası ötən əsrin 80-ci illərində yarandı, bu qurum maddi çətinliklər üzündən fəaliyyətini il yarımdan sonra dayandırmalı oldu. Bu gedişlə ikinci Aktyorlar Gildiyası da birincinin aqibətini yaşamalı olacaq.
Nərmin Muradova