11 Noyabr 2014 13:57
3 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yavər Rzayev: “İki həftədən sonra filmin çəkilişlərinə start veriləcək»

Tanınmış müğənni İlqar Muradov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Xeyir ilə Şərin rəqsi” filmində baş rol oynayacaq. O, yazıçı Çingiz Abdullayevin “Quba kapriççosu” romanı əsasında çəkiləcək filmdə Dronqo obrazını canlandıracaq.

Bunu Teleqraf.com-a açıqlamasında filmin rejissoru, əməkdar incəsənət xadimi Yavər Rzayev deyib. Onun sözlərinə görə, hazırda filmin çəkilişlərinə hazırlıq gedir, obrazları canlandıracaq aktyorlar isə artıq müəyyənləşib: “İki həftədən sonra filmin çəkilişlərinə start veriləcək. Çəkilişlər Bakı və Qubada aparılacaq”.

Psixoloji detektiv janrında olacaq tammetrajlı filmin ssenari müəllifi Yavər Rzayev və Çingiz Abdullayevdir.

Qeyd edək ki, Dronqo obrazının tipini Jan Reno, İlqar Muradovda görən rejissor Dronqo obrazına öncə məşhur fransız aktyoru Jan Renonun çəkilməsini istəyib. Amma, maliyyə problemləri ucbatından Jan Reno ilə sövdələşmə baş tutmayıb: “2002-ci ildə çəkilən “Dronqo” adlı filmdə baş rolu tanınmış aktyor İvan Kalnınış ifa edib. Mənim təsəvvürümdə olan Dronqo isə başqadır. Bu obraz üçün Jan Reno, İlqar tipli insan axtarırdım. İlqarı bir dəfə gördüm və bu fikrə gəldim. O obraza çox yaraşdı. İlqarın aktyorluq qabiliyyətini də sınaqdan keçirmişik. İşbirliyimiz çox yaxşı alınır. İnanıram ki, bu filmlə İlqar Muradovun aktyorluq bacarığını tamaşaçılara göstərə biləcəyik. Məncə, indiyə qədər insanlar İlqarın bu bacarığını görməmişdilər. Bu onlar üçün çox maraqlı olacaq. Bundan əlavə, filmdə Qurban İsmayılov, Fuad Osmanov, Münəvvər Əliyeva, Məbud Məhərrəmov və başqaları çəkiləcəklər”.

Filmin bəstəkarı Siyavuş Kərimi, rəssamı Rafiq Nəsirov, operatoru Nadir Mehdiyevdir.

Məlumat üçün bildirək ki, Çingiz Abdullayevin “Quba kapriççiosu” əsərində tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus itmiş “Şah Abbas” almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır.

Nərmin


Müəllif: