12 Yanvar 2022 09:05
4 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan “Atatürk Portreti” əsərinin müəllifi, Xorvatiya Respublikasının ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin həyat yoldaşı, rəssam Günay Mehdizadə (Zebiç) Teleqraf.com-un qonağı olub.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev bu ili “Şuşa İli" elan etdi. Bununla bağlı hər hansı layihə düşünürsünüzmü?

- Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi bu zəfər bəşəriyyətin ən böyük qələbələrindən biridir. Hələ ki il yeni başlayıb, əlbəttə, Şuşa ilində müxtəlif tədbir və layihələrimiz olacaq. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda 2023-cü ildə Türk dünyasının paytaxtı elan edilməsi heç də əbəs deyil. Çünki bu şəhər mədəniyyətn beşiyidir.

- Həm Azərbaycanın, həm də Türkiyənin rəssamısınız. 2014-cü ildə hazırladığız Mustafa Kamal Atatürkün portreti Ankarada, onun ev muzeyində sərgilənir. Sizin gözünüzlə Atatürkün portreti türklər tərəfindən necə qarşılandı?

- Nəinki müəllifi olduğum Mustafa Kamal Atatürkün portreti, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayan hər bir layihələrimiz hər iki ölkədə yüksək səviyyədə qarşılandı. 2018-ci ildə "Azərbaycan Respublikasının 100 illiyi və Qafqaz İslam Ordusunun gəlişi"ni layihə olaraq işlədik. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə teatr tamaşasını Bursanın bir neçə teatr salonlarında təqdim etdik. Bu Türkiyənin Təhsil Nazirliyi tərəfindən mükafata layiq görüldü.

2019-cu ildə “Nəsimi ili”ndə Türkiyənin Kayseri şəhərində Beynəlxalq teatr festivalında "Aləmin Nəfəsi Nəsimi" tamaşasını nümayiş etdirdik və bu tamaşa festivalın "Qran-Pri"sinə layiq görüldü. Bu kimi bir çox layihələrimiz qardaş Türkiyə ilə Azərbaycan arasında mədəni körpü rolunu oyanmış və hər iki ölənin ziyalıları, mədəniyyət elçiləri tərəfindən müsbət qarşılanmışdı.

- Modern, avanqard, klassik, portret, həm də miniatür janrında rəsmlər çəkirsiniz...

- Mənim əsərlərim monumental miniatürdən başlayaraq şəbəkə tərzinə keçərək 3 və 4 ekspressiv konturlara keçən üslub təsiri bağışlayır. Bu janrlar bir rəssamın iç dünyası və həyata baxışından irəli gəlir.

- “Xocalı” əsərinin müəllifisiniz. İşğaldan sonrakı Xocalı sizin baxışınızda necədir?

- Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Bu il Xocalı faciəsinin 30-cu il dönümü qeyd olunacaq. Mən xalqımızın başına gətirilən bu faciəni işlədikdə Zəfər Gününü düşünürdüm. Çünki bu faciə belə sonluqla bitməməli idi. Sonda torpaqlarımızın azad olacağı və yetişən gənc nəslin əlində Azərbaycan bayrağı qəlbəyə doğru ümid bəslədiyini ifadə etmişəm. Əsərə diqqətlə baxanda bütün hadisələri və sonda qələbəni görmək olur.

- Azərbaycanda rəssamlıq sənəti sahəsində nə kimi yenilikləri etmək istərdiniz?

- Yeniliklər çoxdur və mən hər zaman söyləyirəm ki, xalqımız çox istedadlıdır.

- Dünya rəssamlarından sizi ilham verən kimdir? Evinizdə həmin rəssamlara aid nümunələr varmı?

- Mənə ilham verən rəssamlar hər zamanlar olub və indi də var. Biz daima yenilənib, inkişaf etməliyik. Sadəcə olaraq rəssamlar öz dəst- xəttini tapmalı və üzərində çalışmalıdır. O ki, qaldı evimdə rəssamların əsərlərinə... Bir çox tanınmış rəssamlar mənə öz əsərllərini hədiyyə ediblər və mən o əsərləri sevərək evimdə saxlayıram.

- Dünya rəssamaları arasında sizin üslubunuza aid əsərlərə rast gəlmisinizmi?

- Öz dəst-xəttimə uyğun əsər heç yerdə görməmişəm.



- Hansı muzeydə mənəvi rahatlıq tapırsınız?

- Düzü, muzeyləri gəzməyi sevirəm, amma mənəvi rahatlığı Ankaradakı Atatürk Ev Muzeyində tapıram. Hər il bir muzeyə getməyə çalışıram. Çünki bu muzeyin aurası mənə çox gözəl təsir edir.

- Rəssamlar zərif və təxəyyülü geniş olan insanlardır. Bu xüsusiyyətiniz evinizdə, ailənizdə özünü necə büruzə verir?

- Çox doğru fikirdir. Həyat yoldaşım sənətimi sevir, evimiz əsərlərimdən ibarətdir. Təbii ki, ailə və sənət arasında doğru balansı tutduqda o ailə xoşbəxt olacaq. Mənə hər ikisi də vacibdir.

- Rəssam Günay xanımla ailənizdəki Günay Mehdizadənin fərqi nədir?

- Mən fərqi hiss etmirəm, çünki ailəmizdə də mənimlə rəssam Günay kimi davranırlar. Ona görə də hər zaman rəssam özümü Günay Mehdizadə (Zebiç) olaraq hiss edirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər