24 Yanvar 2022 17:33
3 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayev bu gün dünyasını dəyişən türk kinosunun ulduzu Fatma Giriklə tanışlığından danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında aktrisanın ölümünə kədərlindiyini deyib: "Fatma Giriklə Daşkənddə kinofestivalda tanış olmuşduq. 26 yaşım var idi. O məndən beş yaş böyükdür. Kinofestivaldan sonra Bakıya gəldilər, bir-iki gün qalıb, Türkiyəyə getdilər.

Fatma Giriklə festivalda görüşdükdən sonra bir dəfə də Ərzurum şəhərində görüşdük. O, İstanbulda Şişli Bələdiyyəsinin sədri seçilmişdi. Fatma xanıma zəng etdim, mənə dedilər ki, məşğuldur, toplantıdadır. Onlara cavan verdim ki, Fatma Girikə işim düşməyib, sadəcə onunla görüşmək istəyirəm. Hirsləndim və bir daha ona zəng etmədim.

Bir az öncə dediyim kimi Ərzurumda görüşdük, o da yaşlanmışdı, mən də. Çox yaxşı qadın və yaxşı aktrisa idi. Ölüm xəbərini oxuyub, çox pis oldum. Məşhur aktrisalardan biri idi, mən deyərdim ki, Türkay Şoraydan sonra ən məşhur aktrisalardandı. Çoxlu filmləri var. Mənim filmlərimi bəlkə də izləməmişdi. Bilmirəm Daşkənddə "Nəsimi" filminə baxmışdımı? Yəni ki, aktyorluğuma yaxşı bələd deyildi. Ona demişdilər ki, Azərbaycanın tanınmış aktyorlarından biridir".

Xalq artisti "Fatma Giriklə tərəf müqabili olmaq istəmisiniz?" sualına isə belə cavab verib: "Xeyr, onunla oynamaq daxilimdən keçməyib, elə bir fikrim olmayıb. Bilirəm ki, bu mümkün deyildi. Gərək ssenari yazılardı. Sovet vaxtı idi və ondan sonra da Kinostudiyamız hələ də özünə gələ bilmir".


Müəllif: Rəqsanə Həsənova