8 Fevral 2022 09:47
75 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq mənimçün bir introvert, Qərb ekstravertdir. Bəşəriyyətin düşünən beyni Şərq olub. O beynin dendritləridir indi Qərbə uzanan. Qərb Şərqdən qaynaqlanıb həmişə. İnkişafı dinsizliklə də bağlamaq olmaz, bildiyim qədər Yaponiya və Cin öz dini ehkamlarından uzaq düşmək niyyətində deyillər, kifayət qədər inkişaf etmiş Şərq ölkələridir. Amma hər halda dinin hakim mövqe əldə etməsi yolverilməzdir. Bu, istənilən inkişafa falaqqa vurmaqdır”.

Yazıçı Şəhla Nihanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Şəhla xanım, yerli ədəbi prosesi izləyirsinizmi?

- Əvvəllər daha sıx izləyirdim, əfsus ki, indi işlərimin çoxluğu və məhdud zaman ucbatından alınmır.

- Ədəbiyyata böyük axın var. Sizcə, ədəbiyyatın insanlarımız arasında bu qədər populyar olmasının səbəbi nə ola bilər?

- Bu, bir tərəfdən gözəl şeydir, digər tərəfdən bunun sosial kökləri var. İnsanlarda (əsasən həyata yeni atılmışlarda – gənclərdə) özünütəsdiq, özünüifadə yanğısı güclüdür. Bu istək ədəbiyyatda qısa müddətdə maneələrsiz reallaşdırıla bilər, buranı hamı özününkü sayır, hamıya məhrəmdir və hər kəsə ana qucağı açır. Çağdaş dünyada insan stress və qeyri-müəyyənliklə üz-üzədir. İnsan özünü reallaşdıra bilmir.

Alışan ruhlara şeirdən qeyri nə su çiləyə bilər ki? Fikir verin, gənclərin yaradıcılığı, şeirləri əksərən kədərlə yoğruludur. Bəzilərində susqun qəm, bəzilərində bezgin haray var. Əlbəttə, haray və asilik ümidsizlikdən yaxşıdır.

- Bəs ədəbiyyatımız yenilənə bilirmi?

- İstənilən sahədə yenilik və tərəqqi üçün ora yatırımlar olmalıdır. İstənilən sahənin inkişafı üçün kifayət qədər resursları olmalıdır. Entuziastların çiyinlərində heç bir proses irəliləyə bilməz. Ədəbiyyatda problemlər yetərincədir. Oxucu qıtlığı ən böyük problemlərdən biridir. Ciddi, fəlsəfi mətnlər marağa tuş gəlmir. Böyük faizlə özümüz yazıb, özümüz oxuyuruq. Bəzən heç özümüz də oxumuruq. Çünki “niyəsi” çoxdur və bunu hamı bilir.

Yazıçı daim inkişaf etməli, öz üzərində çalışmalıdır. Məişət yükü altında boğulan, iki-üç yerdə işləməyə məcbur qalan, bazar dərdi çəkən insanın zehni korşalır. Sizcə, mənən çökmüş insan milyonların qəlbini riqqətə gətirə biləcək nələrsə yarada bilərmi?

Aclığı atomlarına qədər təhlil edib, Knut Hamsun kimi şedevr səviyyəsinə qaldırmaq, avtobioqrafik notlar (əgər varsa) qatmaq olar. Tutalım, bir dəfə özündən yazdın, bəs sonra? Sonra nəyi təhlil, ya tərənnüm edəcəksən? Eyni mövzunu nə qədər istismar etmək olar? Artıq oxucu doydu, o, indi başqa bir şey gözləyir, səninsə qələmin başqa səmtə getmir. Elə durduğu yerdə durub çevrə cızmaqla məşğuldur.

Yaradıcı kəs səyahətə getməli, dünya xalqlarının folkloru və adət-ənənələri, əcnəbi mədəniyyətlə təmasda olmalıdır. Tanışlıq yox, məhz təmas. Tanışlıq üçün internet də bəs edir.

“Yeni qan axını” - yenilənmə, durulma, fərqlilik deməkdir. Yoxsa öz şirəndə qovrul ki, qovrulasan. Şişkin deyirdi ki, “irihəcmli əsərimdən sonra uzun müddət fasilə verməyim, dəyişilməyim lazım gəlir (maraqlıdır, buna necə müyəssər olurdu?). Yoxsa yeni əsərimdə gəlib yenə arxadan özümə çatıram”.

Sözsüz, burada da istisnalar var. İstisnalara səyahət-filan lazım deyil, çörək dərdi, məişət qayğısı da çəkmirlər. Onlar azlıq təşkil edən nadir düha sahibləridir. Lakin söhbət təklərdən yox, çoxluqdan gedir. Püskürtünü ac-yalavac da püskürəcək, zindanda, ya zirzəmidə də. Amma deyim ki, hər şeyə rəğmən gələcəyə ümidlə baxıram və inanıram ki, hər şey yaxşı olacaq.

- Ədəbi prosesdən kənarda görünürsünüz, öz köşəsinə çəkilib səssiz-səmirsiz yazmaqla məşğul olan yazıçı təsiri bağışlayırsınız. Sizi prosesdən uzaqlaşdıran nədir?

- Bu sualın birinci hissəsi həqiqətə uyğundur, ikinci hissəsi yox. Köşəmə çəkilmək istərdim, sözsüz, introvert üçün təəccüblü deyil bu. Amma əfsus, dövran imkan vermir. Özümlə söhbət də atüstüdür. Kifayət qədər dinamik həyat sürürəm, çoxprofilli. Bu profil və şaxələrin biri digərinə daban-dabana ziddir. Ziddiyyət mənə tonus verir. O səbəbdən yorulsam da, bezmirəm.

Məni ədəbi prosesdən uzaqlaşdıran bir şeylər yoxdur. Zatən, mən heç zaman prosesin içində olmamışam. Sadəcə, yarış adamı deyiləm. Yarış təlatümü məni şənləndirə bilər, o da çox qısa müddətə, amma nələrəsə sövq edə bilməz.

- İndi yazarlarımızın çoxu roman yazmağa daha çox meyllidir, nəinki hekayə, povest və ya digər janrlarda. Sizcə, roman yazmağa bu maraq nədən irəli gələ bilər, romanı digər janrlardan fərqləndirən nədir belə?

- Roman massivliyi ilə eqonun “Mən buyam” çağırışını ortaya qoyur. Borxesin romanı olmayıb. Bu onun ədəbiyyat klassiki sayılmasına qətiyyən mane olmur. Sizin onlarla romanınız ola bilər, amma ömürləri çox qısa ola bilər və sizin lakonik bir yazınızda iki kəlmə sözünüz ola bilər, amma zamanı yenər.

Borxes məşhur novellasında dörd süjet xətti müəyyənləşdirmişdi. Nə yazılırsa yazılsın, bu çəmbərdə, bu mövzular ətrafında olacaq. Təkrarlar və öztəkrarlar. Borxes belə qərara gəlmişdi ki, məğz etibarilə bu, oxucunun ideologiyasıdır, sənətə yansıyıb. Bu fikri inkişaf etdirmək istəmirəm, çünki dalana dirənir – “Sənət insana xidmət etməlidir” və yeni cığır, yeni söz, yeni yöntəm dilemması. Oxucunu ardınca apara biləcəksənmi? Hər şey qıcığa bağlıdır. Reseptorlar tanış qıcıqlar axtarır.

Fikrimcə, “ədəbiyyat Allahı” hələ əliaçıqlıq edib, meydanı bir az geniş tutub. Məncə, tək yeganə mövzu var: Xeyirlə Şərin mübarizəsi. Məhz bu mövzunu sonsuzadək “çevir tatı, vur tatı” obsessiyasına məruz qoymaq olar, çünki bu qarşıdurmada dəhşətli bir ironiya duyulur: sonadək anlaşılmır Xeyir hardadır, Şər hardadır. Deyəsə, elə həyat buna görə davam edir.

Sualdan yayındım. Yəni beş yüz səhifəlik təkrara, köhnəni tirajlamağa ehtiyac yoxdur.

- Əksər ədəbiyyat adamının yaradıcılığa atılmaq üçün təkan nöqtəsi şeir olub. Bəs siz haradan başlamısınız? Ümumən, bu haqda nə düşünürsünüz: niyə çox vaxt yaradıcılığın başlanğıc nöqtəsi şeir olur?

- Şeir azda şoxu ifadə etməyə imkan verir. Mən miniatürlərdən (etüd) başlamışdım. Zatən, bu da eyni preroqativə malikdir, amma çərçivəsizdir. Şeir lakonikliyi etibarilə nəsrə nisbətən daha çox oxunur. O səbəbdən çoxunun ilki şeirlə başlayır.

- Bəs sizi fəlsəfəyə belə bağlayan şey nədir?

- Fəlsəfə həyatın özüdür. Ona necə bağlanmayasan? Onun verdiyi sərbəstliyi nəsə verirmi? Fəlsəfə Rasselin dediyi, elm və teologiya arası adsız torpaqdır. Heç kimin deyil, olmayıb və olmayacaq da. O sırf duyuma dayalı elm sahəsidir, predmeti insandır. Məni içində fəlsəfə və mistika olmayan heç nə çəkmir. Bunlarsız hər şey bayağı və ölüdür. Fəlsəfə interpretasiyalar sonsuzluğudur, plastikdir. Həqiqət isə mistikadadır, xırdalayıb elmə çevirirlər.

- Filosofsunuz, yoxsa yazıçı? Kamyuya da bu sual verilmişdi. O demişdi ki, sözlərə görə düşünürəm, ona görə filosof yox, yazıçıyam.

- Heç biri. Müşahidəçiyəm. Seyrçi (belə bir essem də vardı)...

- Bəs Azərbaycanda fəlsəfəyə marağın bu qədər az olmasının səbəbi nə ola bilər?

- Azərbaycan adamı bir az əda adamıdır. Pul, ev, maşın (nə qədər iri olsa o qədər xoşdur. Bizim üçün maşın nəqliyyat vasitəsi deyil, rifah göstəricisidir), villa, obyekt, vəzifə, bər-bəzək... çox olsun, bol olsun. Bunların hamısı “qonşudan geri qalma” prinsipinə uyğun olaraq həyata keçirilir. Sonra ehtiyat maşın, ev, obyekt və s. Bu qədər ciddi-ciddi dərdi-səri olan adamın yadına fəlsəfə düşər?!

Mən demirəm hamıda belədir, amma inanın, kimin əli yağlı qazanda bulunursa, ilk növbədə bunları əldə etməyə can atır. Çünki bizim üçün bütün bu sayılanlar hardasa yetkinlik əlamətidir, yəni “mən həyatın sirrini başa düşdüm, axarını tapdım”. Şüuraltına yüklənən kodların sırasında nə varsa, o da həyatımızda təcəlla tapır. Belə görünür, fəlsəfə yüklənməyib ora.

- Pandemiya dünyanı cənginə almağa başlayanda az qala hər kəs gözləyirdi ki, bu, dünyanı dəyişəcək. Amma demək olar ki, heç nə olmadı. Tarixdə bundan əvvəl baş vermiş bu kimi fəlakətlər, müharibələr isə dəyişiklik yaratmışdı. Maraqlıdır, sizcə, niyə dünyanın yenilənməsi üçün mütləq böyük fəlakətlər olmalıdır?

- Hələ “heç nə dəyişmədi” demək tezdir. Uzaq nəticələr deyilən şeylər var. Bir də, bəlkə artıq hər şey dəyişib? Bəlkə bu dəyişikliyin içində olduğumuzdan bizim xəbərimiz yoxdur?

2013-cü ildən bəri protonun dörd faiz kiçilməsi ətrafında elmi mübahisələr səngimək bilmir. Ya əvvəlki iki hesablama düzgün aparılmayıb, ya yeni metodda kobud səhvə yol verilib. Bəlkə də həqiqətdir, yəni hesablamalar düzgündür və proton ölçüdə kiçilib. İlk baxışdan bu, əhəmiyyətsiz şey kimi görünə bilər. Amma bu zərrəcik öz ardınca bütün üzvi aləmi dəyişdirə bilmək gücündədir.

Atomun nüvəsi müsbət yüklü protondan və neytral neytrondan ibarətdir. Nüvənin ətrafında mənfi yüklü elektronlar hərəkət edir. Kainatda hər şey atomlardan təşkil olunub. Protonun, bu kiçicik zərrəciyin “arıqlaması” həqiqətən təsdiq olunsa, nüvə fizikasının sütunları titrəyəcək. Bu, materiyanın sıxlığının dəyişməsi deməkdir.

Kvant sıçrayışıdırmı? Hər nədirsə, biz elə bir dəyişiklik hiss etmirik (bəlkə də hiss edirik, sadəcə fərqində deyilik), çünki prosesin içindəyik. Sufizmin təməl prinsiplərinə görə, özünə identik olan bir şeyi görə bilməzsən. Özündən kənar istinad nöqtəsi tapmalısan ki, özünü görəsən. Əslində sən öz fikirlərin, hiss və emosiyaların deyilsən, sən müşahidəçisən. Onları dərk etdiyinə və müşahidə edə bildiyinə görə onlardan ayrısan. Çünki müşahidə obyekt və subyekt arasında müəyyən uzaqlıq tələb edir. Amma insan müşahidəni sevmir, insan “içində bulunma”nı sevir və bunu da seçir. Süni intellekt üzrə mütəxəssis Yudkovskiyə görə, insan öz fikirlərinin sahibi yox, onları eşidəndir.

Dünyanın yenilənməsi üçün böyük fəlakətlər olması artıq aktual deyil. Əvvəllər bəlkə buna ehtiyac vardı. İndi dünyanın məhvərindən oynaması üçün kəpənək effekti yetərlidir.

Başqa konteksdən cavab istəyirsizsə, artıq nələrsə dəyişib. Baxın, indi hamının bir korona tarixçəsi var: Neçə dəfə vaksin olunub? Neçə dəfə yoluxub? Hansı ştamla ünsiyyət yaddaqalan olub, dərin iz buraxıb? Hansı səthi olub, tez unudulub?

Əvvəllər vardımı belə bir tarixçəniz? Maraqlı olan odur ki, virus əslində yox kimi şeydir – informasiya blokudur. Digər mikroorqanizmlərdən kəskin fərqlənir. O “yox” dediyiniz, 80-90 kiloqram çəkili filankəsi getdiyi yerdən geri qaytarır ki, bəs üzünün niqabı hanı? Ağırgövdəli “o heç nə”nin qarşısında nə dinə bilir, nə dillənə. İndi görün hansı daha realdır? Yox sayılacaq, ya var olan? Hər şey çox nisbidir.

- Bəs Allah və ya Tanrının varlığı təsdiq olunsa, nə dəyişərdi?

- Heç nə (Sartrsayağı cavab). Allah xofu ilə yaşayanlar bir az daha xoflanacaqdı. Aqnostiklər eynşteynliyində qalacaqdı. O birilər də toplumun kütləvi hallüsinasiyaya məruz qaldığını israrla vurğulayıb, durmadan bu mövzuda elmi əsərlər müdafiə edəcəkdi. O qədər...

Əgər əksi olmuş olsaydı, biz onu Volterin dediyi kimi, kəşf etməli olacaqdıq ki, Dostoyevskinin xaosu ilə üzləşməyək.

- Kainat haqda sizi ən çox nə düşündürür?

- Biz həqiqətənmi matriksdəyik?

- Dinlər haqda düşüncəniz nədir: hər birinin öz kitabı, öz peyğəmbəri var. Həqiqətənmi peyğəmbərlər Allahın elçiləri, kitablarda yazılanlar da onun sözləridir?

- Dinlər haqda düşünmək düşünəcəklərim sırasına aid edilməyib. Hər cür təriqətdən güclü bir şey var – varlığa inam. (Bu, çox sadə bir həqiqətdir. O qədər sadə ki, ağla gəlmir). Siz yaşadığınıza və sizi əhatə edən aləmin varlığına inanırsınız. Bu, sıradan inamı, xof və qorxu hopmuş o ruh halını üstələyən bir şeydir. Necə adlandıracağımı bilmədiyim üçün inam deyirəm (bəzi mətləblər üçün dil çox kasaddır). O duyğunu bir anlığa belə itirsəniz, hər şey alt-üst olar, çünki transsendental bir şeydir, daimi və təməl substansiya. Varlıq – o varlığa inam deməkdir.

- Qərb inkişafını kilsənin buxovunu qırmasına borcludurmu? Yəni Şərqin zamanda Qərbdən geri qalması dinlə bağlıdırmı?

- Şərq mənimçün bir introvert, Qərb ekstravertdir. Bəşəriyyətin düşünən beyni Şərq olub. O beynin dendritləridir indi Qərbə uzanan. Qərb Şərqdən qaynaqlanıb həmişə.

İnkişafı dinsizliklə də bağlamaq olmaz, bildiyim qədər Yaponiya və Cin öz dini ehkamlarından uzaq düşmək niyyətində deyillər, kifayət qədər inkişaf etmiş Şərq ölkələridir. Amma hər halda dinin hakim mövqe əldə etməsi yolverilməzdir. Bu, istənilən inkişafa falaqqa vurmaqdır.

- Niyə peyğəmbərlər ancaq kişilərin arasından çıxdı? Bəs qadınlar, onlar peyğəmbər doğa bildilər, bəs niyə peyğəmbər ola bilmədilər?

- Kişi zaman-zaman irəliləyib, çünki arxa cəbhəsi qadındır. Qadınınsa arxa cəbhəsi də özüdür. Bir sınayın, eyni vaxtda öndə və arxada ola bilərsinizmi? Hər qadının ömür boyu dəfələrlə eşitdiyi ən böyük həqiqət bilirsizmi nədir? – “Sənsiz mən heç nəyəm!”. Bu həqiqət hamıya şamildir.

- Şopenhauer deyirdi ki, həqiqətlərin əksəriyyəti cəsarət tapıb onun üstünə gedə bilməyəndə ortaya çıxır. Bu belədirmi?

- Bilmirəm. Bəlkə də bu, Şopenhauerin özünü gözlətməyi sevməyən həqiqətlərinə nəzərən belədir. Mənim həqiqətlərim itirib-axtarılmasını sevir. Daim peşindəyəm onların.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər