“Dağılmış, viran olmuş torpaqlarımızı seyr etmək nə qədər çətin imiş. Göz yaşlarıma hakim ola bilmədim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində ilk dəfə Şuşaya səyahət edən əməkdar artist Nuriyyə Hüseynova Feysbuk hesabında yazıb.
“İlk dəfə idi ki, Qarabağ torpaqlarına qədəm qoyurdum. Füzuli ərazisinə çatanda çox həssas duyğulara qərq oldum. Dağılmış, viran olmuş torpaqlarımızı efirdən izləyirdim. Amma onu bir də canlı seyr etmək nə qədər çətin imiş. Göz yaşlarıma hakim ola bilmədim. Yol boyunca vətənimin füsunkar təbiətini seyr etdikcə ürəyim sızlayırdı. 30 il düşmən tapdağında zəbanə çəkən, sinəsində minlərlə qeyrətli oğulların bu torpaq uğrunda şəhadətə qovuşmasının şahidi olan ana vətənim açmışdı qollarını, bizlərə qarşılayırdı. O dağlardan, sıldırım qayalardan şəhidlərimizin ruhu bizlərə salam verirdi. Mənsə bu füsunkar mənzərəni seyr edərək həm qürurlanırdım, sevinirdim ki, Qarabağ artıq azaddır, həm də bütün şəhid analarının yerinə şəhidlərimizə içdən ağlayırdım. Salam olsun ruhlarına”, - deyə xanəndə qeyd edib.
Əməkdar artist Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun güllələnmiş büstünü ziyarət edib və təəssüratlarını bölüşüb: “Azərbaycan musiqisinin peyğəmbəri dahi Üzeyir Hacıbəyovun büstünü ziyarət etdik. Kişilik məktəbinin bariz nümunəsi dahi Üzeyir Hacıbəyov büstünü bu hala salan, özünü qəhrəman sayan o şərəfsiz, özü də bilmir ki, kişiliyin ən kiçilmiş hərəkətini edib. Üzeyir Hacıbəyov bəşəriyyətin mənəviyyat, mədəniyyət, əxlaq simvoludur”.